Azərbaycan millisinin basketbolçusu: Ermənistanla oyunda aqressiv mübarizə aparmalıyıq

“Ermənistan millisi ilk dəfə bu yarışda iştirak edəcək. Ona görə rəqib haqqında geniş məlumata sahib deyilik. Oyunlarını analiz etmək üçün imkanımız olmayıb”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycanın kişilərdən ibarət 3x3 basketbol millisinin üzvü Endər Poladxanlı Kosovonun ev sahibliyi etdiyi Avropa Kubokunun təsnifat mərhələsində Ermənistana qarşı keçirəcəkləri oyun barədə danışarkən deyib.

O bildirib ki, meydana rahat çıxacaqları halda uğurlu nəticə qazanacaqlar: “Əlbəttə, Ermənistanla oyun digərlərindən fərqli olacaq. Bu görüşə yüksək motivasiya ilə çıxacağıq. Meydanda aqressiv mübarizə aparmalıyıq. Bütün hazırlıqlarımızı görmüşük. Sabah qazanacağımız mümkün qələbə bizə əlavə güc verəcək. Rəqibi tanımasaq da, onları məğlub edəcəyimizi düşünürəm. Əsas odur ki, start fitindən həyəcanımızı boğa bilək. Qalibiyyət psixoloji cəhətdən qarşıdakı görüşlərə daha yaxşı köklənməyimizə şərait yaradacaq”.

26 yaşlı oyunçu Kosovo və Kipr yığmalarının qrupun favoriti hesab olunduqlarını söyləyib: “Kosovo seçməsinin heyətində dəyişikliklər olub. Lakin biz heç bir komandadan çəkinmirik. İki il öncə turniri lider kimi tamamlamağı bacarmışdıq. Yenidən qalib gələrək Avropa Kubokunun final mərhələsində oynamaq istəyirik”.

Qeyd edək ki, iyunun 8-də Priştina şəhərində keçiriləcək Azərbaycan – Ermənistan oyunu Bakı vaxtı ilə saat 11:30-da başlayacaq. Komandamız eyni gündə daha üç matç keçirəcək. Yığma müvafiq olaraq, Kosovo, Kipr və Albaniya ilə qarşılaşacaq.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin