Qarabağ və Şərqi Zəngəzura ayrılan milyardlar bu sahələrə yönəldiləcək
2027–2030-cu illərdə Azərbaycanın dövlət büdcəsindən işğaldan azad edilmiş ərazilərin — Qarabağ və Şərqi Zəngəzurun bərpasına və yenidən qurulmasına 13,2 milyard manat xərclənəcəyi proqnozlaşdırılır.
Vəsaitin hansı istiqamətlərə yönəldiləcəyi barədə Modern.az-a danışan deputat Rövşən Muradov bildirib ki, qarşıdakı mərhələdə əsas prioritet təhlükəsiz məskunlaşma ilə uzunmüddətli iqtisadi inkişafın əlaqələndirilməsidir.
“Maliyyə Nazirliyinin 2027–2030-cu illər üzrə Ortamüddətli Xərclər Çərçivəsində Qarabağ və Şərqi Zəngəzurun bərpası və yenidən qurulması üçün 13,2 milyard manat vəsait proqnozlaşdırılır. Bu məbləğ həmin dövr üzrə dövlət büdcəsinin əsaslı xərclərinin 24,1 faizini təşkil edir.
Prezident İlham Əliyevin 14 oktyabr 2026-cı il tarixli müraciətində bildirildiyi kimi, indiyədək bu məqsədlə dövlət büdcəsindən 25,5 milyard manat ayrılıb. Bu rəqəmlər bərpa prosesinin mərhələli şəkildə maliyyələşdirildiyini və qarşıdakı illərdə də dövlət investisiyalarının mühüm yer tutacağını göstərir”.
Deputatın sözlərinə görə, minalardan təmizləmə, şəhər və kəndlərin planlı qurulması, yaşayış evlərinin tikintisi, elektrik, qaz, içməli su, kanalizasiya və rabitə şəbəkələrinin yaradılması Böyük Qayıdışın infrastruktur əsasını formalaşdırır:
“Əsas meyar sakinlərə yalnız mənzil təqdim etmək deyil, onların gündəlik ehtiyaclarına cavab verən bütöv yaşayış mühiti yaratmaqdır. Rəsmi məlumatlara əsasən, artıq 300 min hektardan çox ərazi təmizlənib, 47 yaşayış məntəqəsinə 40 mindən artıq insan qayıdıb”.
Rövşən Muradov nəqliyyat layihələrinin regionun iqtisadi inteqrasiyasında mühüm rol oynadığını vurğulayıb:
“Avtomobil və dəmir yolları, tunellər, körpülər və logistika əlaqələri məhsulların daşınmasını asanlaşdırır, yeni təsərrüfat fəaliyyətinə imkan yaradır. Füzuli, Zəngilan və Laçın beynəlxalq hava limanlarının istifadəyə verilməsi, Horadiz–Ağbənd dəmir yolunun inşası bu baxımdan mühüm əhəmiyyət daşıyır. Bu layihələr daxili və xarici bazarlara çıxışı yaxşılaşdırmaqla yanaşı, regionun beynəlxalq tranzit imkanlarının genişlənməsinə zəmin yaradır.
Enerji və su təsərrüfatının inkişafı da strateji istiqamətlərdəndir. Su anbarlarının yenilənməsi, suvarma və içməli su təminatının yaxşılaşdırılması, yarımstansiyaların və su elektrik stansiyalarının qurulması həm əhalinin məişət ehtiyaclarının ödənilməsinə, həm də istehsalın genişlənməsinə xidmət edir. Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonası kimi inkişafı resurslardan səmərəli istifadə və ekoloji dayanıqlıq baxımından mühüm perspektivlər açır”.
Deputat qeyd edib ki, sosial infrastrukturun formalaşdırılması məskunlaşmanın keyfiyyətini müəyyənləşdirir:
“Prezidentin açıqladığı göstəricilərə əsasən, regionda 40 təhsil və 20 səhiyyə müəssisəsi fəaliyyətə başlayıb. Təhsil və səhiyyə ilə yanaşı, mədəniyyət, idman və digər ictimai xidmətlərin əlçatanlığı da ailələrin doğma torpaqlarında davamlı yaşayışı üçün əsas şərtlərdəndir.
Növbəti mərhələdə sənaye, aqrar istehsal, emal, turizm və xidmət sahələrində sahibkarlığın genişlənməsi, özəl investisiyaların cəlbi və daimi məşğulluğun artırılması xüsusi əhəmiyyət daşıyır.
0 Rəy