Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində

Bakıda regionun inşaat sektorunun aparıcı sənaye platformalarından biri olan Xəzər İnşaat Həftəsi (Caspian Construction Week) davam edir. Oktyabrın 14-də Bakı Ekspo Mərkəzində fəaliyyətə başlayan tədbirin bu gün ikinci günüdür. Həftə çərçivəsində tikinti, memarlıq, şəhərsalma, infrastrukturun inkişafı və müasir texnologiyalarla bağlı sərgilər, işgüzar görüşlər və müxtəlif peşəkar tədbirlər keçirilir.

AZƏRTAC xəbər verir ki, tədbirin ikinci günü çərçivəsində ikitərəfli biznes görüşləri (B2B/B2G), “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Qarabağ Hakatonu 2026”, eləcə də bir sıra panel müzakirələri və tematik sessiyalar təşkil olunur. Proqramda “Qarabağ həqiqətləri: Rəqəmsal medianın imkanları və sosial təsiri”, “Sənayeləşmənin tədrisi: Dövri tikinti sənayesi naminə universitet–sənaye əməkdaşlığı”, “Gələcəyin çevik məkanları: İnteryer və eksteryerin dəyişən həyat tərzinə uyğunlaşması” və “Yenidənqurmadan dayanıqlı inkişafa: Qarabağın dirçəlişində təhsilin rolu” mövzuları yer alır.

Gənclərin Qarabağın inkişafı və dirçəlişi prosesinə cəlb olunması, onların bilik və bacarıqlarından səmərəli istifadə edilməsi də tədbir çərçivəsində diqqət mərkəzində olacaq.

30 illik tarixə malik Xəzər İnşaat Həftəsi artıq milli brend kimi beynəlxalq şirkətlərin işgüzar təqvimində özünəməxsus yer tutur. 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilməsi tədbirin əhəmiyyətini daha da artırır. Bu baxımdan, platforma dayanıqlı şəhər inkişafı, müasir memarlıq yanaşmaları, innovativ tikinti texnologiyaları və infrastrukturun modernləşdirilməsi istiqamətində əməkdaşlıq imkanları yaradır.

Xəzər İnşaat Həftəsi çərçivəsində “BakuBuild” - 31-ci Azərbaycan Beynəlxalq İnşaat Sərgisi, “Rebuild Garabagh” 6-cı Azərbaycan Beynəlxalq Qarabağın Bərpası, Yenidənqurması və İnkişafı Sərgisi, “Aquatherm Baku” 18-ci Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu sərgisi, eləcə də “Plastex Caspian” 5-ci Xəzər Beynəlxalq Plastik və Polimer sənayesi sərgisi keçirilir.

Xəzər İnşaat Həftəsi ilə eyni tarixlərdə “Road & Traffic” 14-cü Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat Sərgisi də təşkil olunur. Bu sərgi yol infrastrukturu, ictimai nəqliyyat, yol təhlükəsizliyi və informasiya texnologiyaları sahələrinin mütəxəssislərini bir araya gətirir.

Xəzər İnşaat Həftəsində iştirakını 200-dən çox şirkət təsdiqləyib. Azərbaycanla yanaşı, Belarus, Çin, İran, İtaliya, Özbəkistan, Rusiya, Türkiyə və digər ölkələrdən olan şirkətlər də sərgilərdə təmsil olunur. İtaliya, Özbəkistan və Rusiya milli pavilyonlarla iştirak edir. İtaliya bu il sərgidə təmsilçiliyini genişləndirərək 2 pavilyonla çıxış edir. Onlardan biri Siciliyanın potensialını və məhsullarını nümayiş etdirən ayrıca ekspozisiyadır.

Müxtəlif sənaye sahələrini əhatə edən sərgilərin eyni məkanda keçirilməsi iştirakçılara tikinti, memarlıq, mühəndis sistemləri, su təchizatı, sənaye istehsalı və infrastruktur sahələrində fəaliyyət göstərən şirkətlərlə əlaqələr qurmaq, yeni texnologiyalarla tanış olmaq və əməkdaşlıq imkanlarını genişləndirmək şəraiti yaradır.

Beləliklə, Xəzər İnşaat Həftəsi beynəlxalq təcrübə mübadiləsi, yeni texnologiyaların təqdimatı və müxtəlif sahələr üzrə işgüzar əlaqələrin inkişafı üçün mühüm platforma rolunu oynayır.

Qeyd edək ki, Xəzər İnşaat Həftəsi oktyabrın 16-dək davam edəcək.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin