Ermənistanda saxlanılan əsgərimiz nələr danışdı?- "Məni bıçaqladılar...Çöldə qan içində tapıldım..."-"JOHOVURD"
Ermənistanda həbsdə saxlanılan Azərbaycan Ordusunun əsgəri Nəsimi Musayevin istintaqa verdiyi ifadənin gizli təfərrüatları üzə çıxıb.
Moderator.az xəbər verir ki, Ermənistanın “Johovurd” qəzetinin əldə etdiyi eksklüziv məlumatlara görə, Sünik (Zəngəzur) vilayətinin Şəki kəndindəki insidentlə bağlı tərəflərin ifadələri kəskin şəkildə ziddiyyət təşkil edir.
Əsgərimizin ifadəsi: "Məni bıçaqla vurub döydülər"
Erməni nəşrinin hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadla yaydığı məlumata görə, əsgər Nəsimi Musayev ifadəsində erməni ailəsinin evinə daxil olarkən heç kimə zərər vermək niyyətinin olmadığını iddia edib. O, bir neçə dəqiqə ərzində ev sahiblərindən "buraxın gedim" deyə xahiş etdiyini bildirib. Lakin ev sahibəsi onun silahının ön hissəsindən yapışdıqdan sonra atəş açmaq məcburiyyətində qaldığını qeyd edib.
Azərbaycanlı hərbçi yazılı ifadəsində daha sonra qadının və ailə üzvlərinin onun üzərinə hücum çəkdiyini, onu bıçaqla vuraraq ciddi şəkildə döydüklərini vurğulayıb. Musayev qanaxma vəziyyətində evdən qaçmağı bacardığını və yalnız bir müddət sonra çöldə yaralı halda tapıldığını bildirib.
Erməni tərəfinin iddiaları...
İnsident zamanı yaralanan erməni sakini Ani Avetisyan isə tam fərqli iddialarla çıxış edib. Onun sözlərinə görə, guya silahlı şəxs birbaşa uşaqları hədəf alıb və o, uşaqlarını qorumaq üçün silahın lüləsindən tutduqda əlindən, növbəti atəş zamanı isə ayağından yaralanıb. O, yalnız dərhal reaksiya verməsi sayəsində ailəsinin sağ qaldığını iddia edib.
Ermənistan mətbuatı yerli müstəntiqlərin işi tam məxfilik şəraitində apardığını və bu ziddiyyətli iddiaların obyektiv araşdırılıb-araşdırılmayacağının sual doğurduğunu yazır.
Azərbaycan rəsmi qurumlarının olay barədə ilkin və son açıqlamalarını xatırladırıq:
Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanları hadisənin ilk günündən etibarən məsələni nəzarətə götürərək rəsmi prosedurlara başlayıblar:
- İlkin Açıqlama (İtkin düşmə faktı): Azərbaycan Baş Prokurorluğunun ilkin məlumatına görə, Laçın rayonu istiqamətində yerləşən hərbi hissələrdən birində müddətli həqiqi hərbi xidmət keçən əsgər Nəsimi Rasim oğlu Musayev sentyabrın 26-da xidmət yerini özbaşına tərk edib. Müdafiə Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin strukturları tərəfindən dərhal onun axtarışlarına başlanılıb.
- Cinayət işinin açılması:
-Hərbi Prokurorluq tərəfindən aparılan ilkin araşdırmalar zamanı N.Musayevin hərbi hissəni icazəsiz tərk etməsinə dair əsaslı şübhələr müəyyən edildiyi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb.
Son status və hüquqi addımlar:
Əsgərin naməlum şəraitdə sərhədi keçərək Ermənistan tərəfindən saxlanılması təsdiqləndikdən sonra rəsmi Bakı hadisənin təfərrüatlarının tam aydınlaşdırılması üçün Ermənistanın aidiyyəti qurumları ilə təmasların davam etdirildiyini bəyan edib. Bildirilib ki, hərbçinin vətənə qaytarılacağı təqdirdə, o, hərbi hissəni özbaşına tərk etdiyinə görə Azərbaycanda qanun qarşısında cavab verəcək və məhkəmə təqibinə məruz qalacaq.
Hazırda əsgərin İrəvandakı tibb müəssisələrindən birində müalicə olunduğu və Ermənistan məhkəməsinin qərarı ilə barəsində 2 aylıq həbs qətimkan tədbirinin seçildiyi məlumdur.
S.Laçın
0 Rəy