Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar
“İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransın iştirakçıları oktyabrın 9-da Şuşa şəhərinə səfər ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Şuşa şəhərindəki yaşayış kompleksinə gələn nümayəndə heyəti burada yaradılan şəraitlə tanış olub. Məlumat verilib ki, təməli 2021-ci ildə qoyulan yaşayış kompleksinin açılışı 2024-cü il mayın 10-da olub. Bütün evlər Şuşanın ənənəvi üslubunda inşa edilib. Yaşayış kompleksində sakinlərin rahat yaşaması üçün hər cür şərait yaradılıb. Keçmiş məcburi köçkünlər doğma şəhərlərinə qayıdaraq yaşayış kompleksində məskunlaşıblar.
Nümayəndə heyəti sonra inşası davam edən Yeni Şuşa məscidinə gəliblər.
Bildirib ki, məscidin təməli 2021-ci ildə Prezident İlham Əliyev tərəfindən qoyulub. Məscidin forması 8 rəqəmini, yəni Şuşanın işğaldan azad olunduğu günü - Zəfər Gününü, iki minarəsi isə 11 rəqəmini – şəhərin işğaldan azad edildiyi 11-ci ayı simvolizə edir.
Sonra qonaqlar Qazançı kilsəsi ilə tanış olub, Şuşa şəhərinin mərkəzi meydanında Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərini ziyarət ediblər.
Şuşa qala divarlarının qarşısına gələn nümayəndə heyətinə bildirilib ki, Qarabağ xanı Pənahəli xan tərəfindən inşa edilən qala uzun müddət şəhəri xarici müdaxilələrdən qoruyub, alınmazlıq simvolu olub. İşğal dövründə qala divarları erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra qalada təmir-bərpa işləri aparılıb.
Beynəlxalq konfransın iştirakçıları vaxtilə azərbaycanlı əsir və girovların saxlandıqları, dəhşətli işgəncələrə məruz qaldıqları Şuşa həbsxanası ilə də tanış olublar. Onlara Şuşa həbsxanası, burada aşkar edilən kütləvi məzarlıq barədə məlumat verilib.
Diqqətə çatdırılıb ki, Şuşa həbsxanası 1848-ci ildə çar Rusiyası dövründə tikilib və burada ağır cinayətlər törətmiş insanlar saxlanılıblar. Şuşa şəhəri 1992-ci il mayın 8-də Ermənistan silahlı birləşmələri tərəfindən işğal edildikdən sonra burada azərbaycanlı əsir və girovlar çox ağır şəraitdə saxlanılıb. Şuşa həbsxanasında saxlanılan əsir və girovlara dözülməz işgəncələr verilib. Burada ölən, öldürülən əsir və girovlar ərazidə qeyri-insani şəraitdə dəfn ediliblər. 2023-cü ildə bu ərazidə iki kütləvi məzarlıqda 31 nəfər insan qalığı aşkarlanıb. Həmin insanlar qeyri-ənənəvi, işgəncə verilmiş halda və müxtəlif formalarda basdırılıblar.
Bununla konfrans iştirakçılarının Şuşaya səfəri başa çatıb.
0 Rəy