Bu gün Beynəlxalq Həkimlər Günüdür
Hər il oktyabrın birinci bazar ertəsi dünya həkimlərinin həmrəylik və fəal əməkdaşlıq əlaməti olaraq Beynəlxalq Həkimlər Günü kimi qeyd edilir.
AZƏRTAC xəbər verir ki, həmin günün qeyd edilməsi Ümumdünya Səhiyyə Təşkilatı və "Sərhədsiz həkimlər" Beynəlxalq Humanitar Təşkilatının birgə təşəbbüsüdür.
Hər il "Sərhədsiz həkimlər"in minlərlə əməkdaşı müxtəlif ölkələrdə, o cümlədən qaynar nöqtələrdə fövqəladə vəziyyətlərlə üzləşənlərə heç bir fərq və ayrı-seçkilik qoymadan tibbi kömək göstərirlər. Həmin təşkilatın könüllüləri QİÇS və narkomaniya ilə mübarizədə profilaktik və maarifçilik işi aparır. Hər il "Sərhədsiz həkimlər" təşkilatından minlərlə həkim müxtəlif ölkələrdə ehtiyacı olanlara kömək edir.
Həkimlik qədim olduğu qədər də ən məsuliyyətli peşələrdən biridir. Bəşəriyyət yaranandan ona həmişə yüksək dəyər verilib və hörmətlə yanaşılıb. Həkimlər və şəfa sahibləri qazandıqları təcrübəni paylaşaraq gələcək nəsillərə çatdırıblar. Əvvəllər həkimlər dərman bitkiləri, məlhəmlər, minerallar və müxtəlif rituallardan istifadə etsələr və onların müalicəni bəzən cadu və ya mistika hesab olunsa da, bu peşə çox hörmətlə qarşılanırdı. Zaman keçdikcə təbabət elmə çevrilərək irəli gedib. İnsanlar vəba, çiçək, vərəm, qarayara kimi dəhşətli xəstəliklərə qalib gəlməyi öyrəniblər. Bütün bunlar insanın orta ömrünü əhəmiyyətli dərəcədə artırmağa və onların sağlam yaşamağına imkan yaradıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycanda bütün ixtisasdan olan həkimlərin sayı 2026-cı ilin əvvəlinə 34,8 min nəfər, orta tibb işçilərinin sayı isə ilin əvvəlinə 55, 3 min nəfər təşkil edir.
Ölkəmizin tibb işçiləri yeni növ koronavirus (COVID-19) pandemiyası və 44 günlük Vətən müharibəsi dövründə vəzifə borclarını ləyaqətlə yerinə yetirərək həm ümumbəşəri təhlükə ilə mübarizədə, həm də döyüş cəbhəsində yaralanan əsgərlərin sağaldılaraq həyata qaytarılmasında böyük fədakarlıq nümunəsi göstəriblər. Azərbaycan tibb işçiləri hər iki sınaqdan uğurla çıxıblar. COVID-19 pandemiyası Azərbaycanın səhiyyə sahəsində fövqəladə vəziyyətlərə yüksək hazırlıq səviyyəsini göstərdi. Vətən müharibəsində 159 hərbi tibb işçisi müxtəlif dərəcəli bədən xəsarəti alıb. 11 həkim, 7 feldşer və 26 tibbi təlimatçı olmaqla, ümumilikdə 44 tibb işçisi qəhrəmancasına şəhid olub.
Müxbir - Günel Türksoy
0 Rəy