Özünüməşğulluq proqramı: Cəbrayılda yeni iş yerləri və kiçik bizneslər yaradılır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Cəbrayıl rayonunda özünüməşğulluq proqramı çərçivəsində yaradılmış kiçik biznes sahələrinə mediatur təşkil edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mediatur iştirakçılarına işğaldan azad olunmuş ərazilərə köçürülmüş sakinlərlə bağlı icra olunan aktiv məşğulluq proqramları barədə məlumat verilib. Media nümayəndələri özünüməşğulluq proqramı çərçivəsində avadanlıqlarla təmin edilən Cəbrayıl rayon sakinləri Aruz Məmmədov, Ətrabə Mirkişiyeva, Elbrus Cəfərli, İlham Həmidov və Bayram Əliyev üçün yaradılmış kiçik biznes sahələri ilə tanış olublar.

“Art Center Azerbaijan“ MMC-nin rəhbəri Aruz Məmmədov qısa müddətdə fəaliyyət sahəsini genişləndirdiyini vurğulayaraq deyib: “Artıq iki ildir ki, Cəbrayıldayıq, əsas fəaliyyətimiz tekstil və xalçaçılıq sahəsi üzrədir. Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə kurslar təşkil edirik. Biz burada fəaliyyət göstərdiyimiz müddətdə tekstil sahəsində xeyli peşəkar işçi yetişdirmişik. Demək olar ki, burada əhalinin məskunlaşdığı ilk günlərdən fəaliyyət göstəririk, ilk vaxtlarda 4 mütəxəssisimiz var idi. Artıq 10-a yaxın çalışanımız var. Biz burada iş geyimlərinin sifarişini qəbul edirik. İstehsal etdiyimiz məhsula tələbat da var. Əsasən tikinti şirkətləri üçün uniformaların istehsalı sahəsi üzrə peşəkarlaşmışıq. Onu da qeyd edim ki, seximizdə xalçaçılıq sənətini də inkişaf etdirməyə çalışırıq. Artıq iki dəzgahımız var və onlar yeni işçilərin püxtələşməsi üçün istifadə olunur. Dəzgahlarda ilkin olaraq gəbə və kilim suvenirləri toxunur”.

Bayram Əliyev artıq iki ildir doğma Vətəndə olduğunu və burada yeni həyata başladığını qürurla bildirərək söyləyib: “İllərlə həsrətini çəkdik bu yerlərin, amma ümidimiz itmədi. Artıq iki ildir doğma Cəbrayıldayıq. Şəhərimiz yenidən qurulub. Gələndən sonra məşğulluqla bağlı müraciət etdim və lazımi avadanlıqlar verildi. Artıq təkər təmiri ilə məşğulam“.

Cəbrayıl şəhərinə ilk köçənlərdən olan Ətrabə Mirkişiyeva doğma yurda qovuşmağın çox gözəl hiss olduğunu ifadə edərək deyib: “1964-cü ildə Cəbrayılda dünyaya göz açmışam. Çox gözəl günlərimiz olub burada. Lakin işğal illərində yurd-yuvamızdan məcburi köçkün düşdük. Cəbrayılımız işğaldan azad ediləndən sonra ilk qayıdan sakinlərdən biri də mən oldum. Bura qayıtdıqdan sonra məşğulluq üçün müraciət etdim. Əvvəlcə un məmulatları ilə başladım, bütün avadanlıqlar verildi. İndi təsərrüfatımı bir az da genişləndirmişəm. Artıq qazanc yerlərimiz də olur və biznesimiz genişlənib. Burada tikintidə çalışan işçilər də gündəlik yemək sifarişlərini bizə verirlər. Əlavə olaraq, Cəbrayıl şəhər sakinləri də bizim mütəmadi müştərimiz olur. Hazırda özümlə bərabər 4 nəfər çalışırıq. Gələcəkdə təsərrüfatı daha da genişləndirəcəyəm”.

Özünüməşğulluq proqramı çərçivəsində Cəbrayıl şəhərində təsərrüfat yaradan digər sakin İlham Həmidov təəssüratlarını bölüşərək deyib: “2024-cü ildə ailəmlə birlikdə Cəbrayıl şəhərinə köçdüm. Burada hər cür şəraiti olan evlə təmin olunduq. Qərara gəldim ki, Cəbrayıl şəhərində öz fəaliyyətimi yaradım və faydalı işlə məşğul olum. Ət dükanı açmağı planlaşdırdım. Avadanlıqlar üçün Dövlət Məşğulluq Agentliyinə müraciət etdim. Qısa bir zamanda lazımi avadanlıq verildi və ət dükanımız fəaliyyətə başladı. Məhsullarımız yaylaq ətidir və sakinlərimizə tam təmiz, keyfiyyətli məhsullar təqdim edirik. Dövlət başçımıza təşəkkür edirik. Bizlər üçün bütün şərait yaradılıb. Torpaqlarımız uğrunda canlarını fəda edən şəhidlərimizin ruhu şad olsun, qazilərimizə isə cansağlığı arzu edirəm”.

Proqram çərçivəsində bərbər fəaliyyəti üçün lazımi avadanlıqlarla təmin edilən Elbrus Cəfərli isə minnətdarlığını bu sözlərlə ifadə edib: “1977-ci ildə Cəbrayıl şəhərində anadan olmuşam. Məlum hadisələr zamanı biz də öz doğma yurdumuzdan məcburi köçkün düşdük. İllərlə bu yerin həsrəti ilə yaşadıq. Torpaqlarımız işğaldan azad edildikdən sonra 2024-cü il sentyabrın 26-da Cəbrayıl şəhərinə köçdük. Burada məskunlaşdıqdan sonra Məşğulluq Agentliyinə müraciət etdim. Müraciətim əsasında lazımi avadanlıqlarla təmin olundum və dekabr ayında öz təsərrüfatımı yaratdım. Bu gün də çox gözəl şəraitdə işimi davam etdirirəm”.

Proqram iştirakçıları doğma yurdlarında fəaliyyət göstərməkdən qürur hissi keçirdiklərini, daim dövlətin dəstəyini hiss etdiklərini vurğulayıblar. Onlar öz təsərrüfatlarını yaratmaları üçün göstərilən dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Dövlət Məşğulluq Agentliyinin Kommunikasiya Departamentinin müdiri Elzar Ağayev doğma yurdlarına qayıdan sakinlərin məşğulluğunun diqqətdə saxlanıldığını qeyd edərək bildirib: “Bu istiqamətdə bir sıra layihələr həyata keçirilir. İşədüzəltmə, əmək yarmarkalarının təşkili, peşə hazırlığı, özünüməşğulluq fəaliyyətinin dəstəklənməsini buna misal göstərmək olar. Bu tədbirlər çərçivəsində həmin sakinlərdən artıq 12 minə yaxın şəxsin məşğulluğu təmin olunub. Onlardan 1051 nəfər üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatları yaradılıb. Doğma yurdlarına qayıtmış vətəndaşlardan 598 nəfər isə əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb edilib. Cəbrayıl rayonuna köçürülmüş sakinlərdən 2147 nəfər məşğulluq tədbirlərinə cəlb olunub. Onlardan 93 nəfər üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatları yaradılıb”.

Müxbir-Aydın Yavərzadə

Rəylər

Aşağıdakı məlumatları qeyd edin