“Xankəndindəki evimiz söküləcək, Şirinin bacı və qardaşına ev veriblər, yəqin ki, bizə də veriləcək”
“Kimin köçkün statusu varsa, kim yataqxanada pis vəziyyətdə yaşayırsa onları siyahı üzrə Xankəndiyə köçürürlər. Bu proses hissə-hissə yerinə yetirilir. Amma Xankəndiyə kütləvi köç hələ də başlamayıb. İndiyə qədər baş plan hazır deyildi, artıq hazırdır. Bizim orada evimiz var, indi deyirlər ki, o ev də söküləcək, plana düşüb. Yəqin ki, onun yerinə yeni ev veriləcək. Mənim köçkünlük statusum yoxdur. Yoldaşım hərbiçi olduğuna görə mən Bakıda yaşayırdım. Şirinin bacısı, qardaşıgil Nizami rayonunda yataqxanada qalırdılar. Onlardan 3 ailəyə Xankəndində ev verdilər”.
Bunu Moderator.az-a açıqlamasında Milli Qəhrəman Şirin Mirzəyevin həyat yoldaşı, sabiq millət vəkili Flora Qasımova deyib.
O daha sonra əlavə edib:
“Mən Xankəndində doğulmuşam, orada əmək fəaliyyətinə başlamışam, oxuduğum məktəbdə direktor müavini işləmişəm, komsomol plenumunun üzvü olmuşam, vilayət sovetinə deputat seçilmişəm, şəhər partiya komitəsində təlimatçı kimi işləmişəm. Ailə həyatı qurandan sonra Xankəndindən çıxmışam. Orada böyümüşəm, havasını udmuşam, suyundan içmişəm. Hərdən mən deyirəm ki, gör harada yaşamışam ey! Orada Xan bulağının suyundan içmişəm. Evimizə yaxın idi. Bu dəfə Xankəndinə gedəndə gördüm ki, o bulağın suyu quruyub, yerli-dibli kəsiblər. Bir şeydən gileyliyəm ki, Xankəndinə gedəndə nümayəndəlik bizimlə bir görüş keçirmir. Olmazmı ki, Xankəndlilərin ziyalılarını çağırıb bir görüş keçirsinlər?! Problemləri bizim ziyalılarla birlikdə araşdırsınlar?! Nümayəndəlikdə yerli camaatdan çox az adam var. Yerli camaat artıq bilir problem nədir, bir-biri ilə tez dil tapa bilir. Çoxunun xəbəri yoxdur ki, Xankəndlilər harada yaşayırlar? Mən deputat olmuşam və bilirəm ki, onlar hansı ərazidə yaşayırlar və vəziyyətləri necədir?! Bir görüş də təşkil etmirlər ki, təkliflərimizi verək. Çox sevinirəm ki, dövlətimiz suverendir. Allah ölkəmizi, prezidentimizi qorusun. Hələ ki, köçə bilməsək belə yerli ziyalıları çağırıb görüş keçirsələr çox yaxşı olar. Orada Xankəndlilərin səsi gəlməlidir. Xankəndindəki Nizami Gəncəvi adına 4 nömrəli məktəbi mən 22 ildən sonra Bakı şəhərində bərpa etdim. Deputat olan vaxt bu məsələni qaldırdım və həllini tapdı. İndi Xankəndi məktəbi öz doğma torpağına köçüb. O məktəbdə təkcə Xankəndili uşaqlar oxumur ki. Nümayəndəlikdə, şirkətdə işləyən ailələrin uşaqları da təhsil alırlar. Orada uşaqlarla da görüş keçirmək lazımdır. Xankəndinin nə qədər şəhid verdiyini, necə şəhər olduğunu, keçmişini, bu gününü o uşaqlara izah etmək lazımdır. Təhsil şöbəsi hara baxır bilmirəm?”.
0 Rəy