Bu gün, 2026-cı il sentyabrın 15-i Bakının yadelli işğaldan azad edilməsinin 108-ci ildönümüdür

1918-ci ilin bu günündə, saat 15:00-dan sonra Bakı şəhəri bütünlüklə Qafqaz İslam Ordusunun nəzarətinə keçdi. Həmin günü gənc Azərbaycan Xalq Cümhuriyyətinin fiziki mövcudluğunun, milli dövlətçiliyin sağ qalıb-qalmayacağının həll olunduğu an da adlandırmaq olar. Bu tarixi anlamaq üçün əvvəlcə ondan öncəki ağır reallığa nəzər salmaq lazımdır.

Bakıdan öncəki durum - qanla yazılan mart

1918-ci ilin martına qədər Bakıda hakimiyyət Bakı Sovetinin əlində idi. Stepan Şaumyanın rəhbərlik etdiyi bu terrorçu, soyqırımlar törətməklə yadda qalan bu dəstə tərkibində bolşeviklər, sol-sağ eserlər, menşeviklər və Daşnaksütun partiyasının vəhşilərindən ibarət qeyri-adi bir koalisiya idi. Azərbaycanda fəaliyyət göstərsə də bu qurumda azərbaycanlılar ümumiyyətlə təmsil olunmurdu. Tarixçi Yakov Ratqauzerin sözlərinə görə, bolşeviklər yerli türk-müsəlman əhalini "inqilabi nöqteyi-nəzərdən yetkin olmayan kütlə" hesab edirdilər. Bundan da əlavə, sovetin silahlı qüvvələrinin təxminən 70 faizi erməni zabiti Amazasp və digər daşnak komandirlərinin əlində idi.

Bu qurumun arxasında iki fərqli, lakin müvəqqəti üst-üstə düşən maraq dayanırdı. Bolşeviklər Bakı neftinə sahib olmaq istəyirdi. O dövrdə Bakı dünya neft hasilatının mühüm hissəsini təmin edən strateji şəhər idi, sovet Rusiyasının sağ qalması bu neft üzərində nəzarətdən çox asılı idi. Daşnaklar isə fərqli, daha radikal bir məqsəd güdürdü. Şimali Azərbaycan ərazilərini türk-müsəlman əhalidən "təmizləyərək" xəyal etdikləri "Böyük Ermənistan" dövlətinin təməlini qoymaq istəyidilər. .

Bu iki maraq 1918-ci il martın 30-u ilə aprelin 3-ü arasında qanlı nəticəyə gətirib çıxardı. Tarixə Mart soyqırımı kimi düşən hadisələrdə daşnak-bolşevik silahlı dəstələri Bakıda və bütün quberniyada (Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan) azərbaycanlılara qarşı kütləvi qırğın törətdi. Rəsmi qiymətləndirmələrə görə, yalnız Bakıda 30 min, bütövlükdə isə yüz mindən artıq türk-müsəlman əhalisi qətlə yetirildi. Şaumyanın özünün Moskvaya  İosif Stalinə göndərdiyi məktubda Qafqaz Qırmızı ordusunun təşkili üçün təcili 10 milyon rubl istəməsi, bu əməliyyatın nə qədər mərkəzləşdirilmiş və planlı olduğunu göstərir.

Bu qırğından sonra, 1918-ci il aprelin 25-də, Şaumyanın başçılığı ilə Bakı Kommunası elan edildi. Daha üç ay davam edən bu bolşevik idarəçiliyi Azərbaycan torpaqlarında xarici hakimiyyətin başqa formasından başqa bir şey deyildi.

 


Nuru Paşanın gəlişi

Belə bir mənzərədə, təzəcə (1918-ci il mayın 28-də) müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyətinin taleyi son dərəcə həssas bir nöqtədə idi. Məhz bu kontekstdə gənc respublikanın rəhbərləri Osmanlı Türkiyəsinə kömək üçün müraciət etdi.

Osmanlı baş komandanı Ənvər Paşa, İraq cəbhəsindən qardaşı Nuru Paşanı geri çağıraraq, ona yeni yaradılan Qafqaz İslam Ordusunun komandanlığını həvalə etdi (ilkin təklif general Kazım Qarabəkir Paşaya edilmişdi, lakin o, Ərzurum cəbhəsindəki vəzifəsinə görə imtina etmişdi). 1918-ci il martın 25-də Nuru Paşa Mosulu tərk edib Azərbaycana yollandı, özü ilə 149 türk zabiti və 488 əsgər gətirərək.

Qafqaz İslam Ordusunun vəzifəsi aydın idi, Azərbaycanı və Şimali Qafqazın müsəlman xalqlarını əsarətdən xilas etmək. 1918-ci ilin yayı boyunca bu ordu, Azərbaycan Milli Ordusu ilə çiyin-çiyinə, ölkənin bütün ərazisini addım-addım azad etməyə başladı. Göyçay döyüşündən sonra bolşevik-daşnak qüvvələrinin müqaviməti get-gedə zəiflədi.

Nuru Paşanın metodu qətiyyətlə xarakterizə olunurdu. Erməni silahlı dəstələrinə göndərdiyi məktubda o, silahların ən qısa müddətdə təhvil verilməsini tələb edir, əks halda hərbi əməliyyatlara başlanacağını sərt dillə bildirirdi. Bu qətiyyət nəticə verdi, müqavimətin faydasız olduğunu anlayan tərəflər təslim olmağa məcbur qaldı.

Sentyabrın 15-i, son həmlə

1918-ci il avqustun 25-də Qafqaz İslam Ordusu Bakı üzərinə ikinci həlledici hücumunu başlatdı. Bu əməliyyata Mürsəl Paşanın 5-ci Qafqaz diviziyası, Süleyman İzzət bəyin 15-ci piyada diviziyası və Cəmil Cahid bəyin cənub qrupu birlikləri qoşuldu. Bir neçə günlük şiddətli döyüşlərdən sonra Novxanı, Görədil, Pirşağı, Kürdəxanı və Fatmayı kəndləri ordunun nəzarətinə keçdi, qüvvələr Bakının 16 kilometrliyinə qədər irəlilədi.

Maraqlıdır ki, bu mərhələdə Bakıda artıq üçüncü bir güc, ingilis batalyonu da mövcud idi (Sentrokaspi Diktaturasının dəvəti ilə), hətta sentyabrın 14-də, yəni azadlıqdan bir gün əvvəl belə, ingilis qüvvələri Qafqaz İslam Ordusu ilə döyüşürdü. Lakin nəticədə tərəflər arasında aparılan danışıqlardan sonra Sentrokaspi rəhbərliyi şəhəri Qafqaz İslam Ordusunun nəzarətinə verməyi qərara aldı. Qaça bilən qüvvələr gəmilərlə Bakını tərk etdi, qalanlar isə təslim oldu.

Beləliklə, 1918-ci il sentyabrın 15-i, saat 15:00-dan sonra, Bakı şəhəri bütünlüklə azad edildi. Nuru Paşa bu qələbə xəbərini hərbi nazir Ənvər Paşaya çatdırdı, o isə cavab teleqramında bu tarixi anı belə səciyyələndirdi: "Türk və İslam tarixi sizin bu xidmətinizi unutmayacaqdır".

Bir neçə gün sonra, sentyabrın 17-də, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti müvəqqəti paytaxt olan Gəncədən Bakıya köçürüldü. Bununla da Bakı yenidən, tarixdə ilk dəfə müstəqil Azərbaycan dövlətinin paytaxtı statusunu qazandı.

Bu hadisənin əhəmiyyətini şişirtmək çətindir. Tarixçilərin qeyd etdiyi kimi, əgər Bakı azad edilməsəydi, bolşevik qoşunları hələ həmin ilin yayında Gəncəni ələ keçirəcək, mərkəzi hakimiyyəti dağıdacaq və nəticədə "Azərbaycan məsələsi" bitmiş olacaqdı. Yəni gənc respublika, doğulduğu andaca boğulacaqdı. Bakının alınması ilə, əslində, bütövlükdə Azərbaycan dövlətçiliyinin taleyi həll olunurdu.

Tağıyev kimi milyonçu-xeyriyyəçilər türk ordusunun şərəfinə təntənəli ziyafətlər təşkil etdi (indiki Dövlət Filarmoniyası binasında), bununla xalqın minnətdarlığını ifadə etdi.



Tarixi ədalət naminə qeyd etmək lazımdır ki, türk ordusunun Bakıda qalması uzun sürmədi.  Antanta dövlətlərinin Osmanlı Türkiyəsinə artan təzyiqi nəticəsində qısa müddətdən sonra türk qoşunları şəhəri tərk etməli oldu. Lakin bu, hadisənin tarixi əhəmiyyətini azaltmır. Çünki məhz bu müdaxilə sayəsində Azərbaycan Xalq Cümhuriyyəti özünü təşkilatlandırmaq, öz ordusunu formalaşdırmaq və 23 aylıq müstəqil dövlətçilik təcrübəsini yaşamaq üçün zəruri zaman qazandı.

Bu gün, 108 il sonra, 15 Sentyabr tarixi Azərbaycan-Türkiyə qardaşlığının, "bir millət, iki dövlət" formulunun ilk qanla yazılan sübutu kimi yaşayır. Nuru Paşa, Xəlil Paşa, Mürsəl Paşa, Süleyman İzzət bəy və onların yanında vuruşan minlərlə əsgər bu gün Bakının mövcud olmasının səbəbidir.(modern.az)

Rəylər

Aşağıdakı məlumatları qeyd edin