Fuad Hüseynov: Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək elan etdiyi beş əsas milli prioritetindən biridir

Böyük Qayıdış Proqramı genişmiqyaslı tədbirləri əhatə edir və təxminən 700 min məcburi köçkünün öz doğma yurdlarına təhlükəsiz, mərhələli və dayanıqlı şəkildə qayıdışını təmin etməyi hədəfləyir.

AZƏRTAC xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində keçirilən “Miqrasiya və şəhərlər: təhlükəsiz, innovativ və dayanıqlı idarəetmə çərçivəsi” mövzusunda yüksəksəviyyəli paneldə çıxışı zamanı bildirib. Onun sözlərinə görə, bu proqram Azərbaycanın 2030-cu ilədək sosial-iqtisadi inkişaf üzrə elan etdiyi beş əsas milli prioritetindən biridir. Proqramın hazırlanması zamanı beynəlxalq təcrübə, müasir çağırışlar və azad edilmiş ərazilərin potensialı nəzərə alınıb: “Eyni zamanda, BMT və digər beynəlxalq təşkilatların qlobal inkişaf prioritetləri ilə uyğunluq təmin olunub, Dayanıqlı İnkişaf Məqsədlərinə əsaslanaraq “hamı üçün bərabər imkanlar”, “inklüziv yanaşma” və “heç kimin geridə qalmaması” prinsipləri rəhbər tutulub. Bu gün Azərbaycan Qarabağ və ətraf ərazilərin bərpası, yenidən qurulması və məcburi köçkünlərin mərhələli qayıdışını təmin etmək kimi mühüm bir missiyanı həyata keçirir. Bu prosesdə “ağıllı kənd”lər və “ağıllı şəhər”lər, yaşıl iqtisadiyyat və müasir şəhərsalma yanaşmaları xüsusi yer tutur. Məskunlaşma planlaşdırılması müasir memarlıq və urbanistika prinsiplərinə uyğun şəkildə aparılır”.

Fuad Hüseynov qeyd edib ki, artıq 12 rayon və 11 şəhər daxil olmaqla 91 yaşayış məntəqəsi üzrə yeni məskunlaşma planları təsdiqlənib: “Bu, dünya urbanistika və memarlıq təcrübəsində çox nadir və unikal nümunələrdən biridir. Bundan əlavə, minalanmış ərazilərin xəritələrinin tam şəkildə təqdim olunmaması səbəbindən mülki əhali üçün ciddi təhlükə qalmaqdadır. 2020–2024-cü illər ərzində mina partlayışları nəticəsində 420-dən çox insan həlak olub və ya ağır yaralanıb. Onların arasında doğma yurdlarına qayıtmaq istəyən keçmiş məcburi köçkünlər də var. Bütün bu çətinliklərə, mina təhlükəsi və genişmiqyaslı dağıntılara baxmayaraq, Azərbaycan dövləti bu prosesi qətiyyətlə davam etdirir”.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin