Kərkicahan qəsəbəsində yeni həyat: Müasir infrastruktur və bərpa olunan ümidlər
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən "Böyük Qayıdış" proqramı çərçivəsində Xankəndi şəhəri sürətlə dirçəlir. Şəhərin ayrılmaz hissəsi olan Kərkicahan qəsəbəsi bu günlərdə öz doğma sakinlərini qəbul edərək, yeni həyata qədəm qoyub. İşğaldan azad edildikdən sonra qısa müddət ərzində qəsəbədə genişmiqyaslı bərpa-quruculuq işləri aparılıb, müasir infrastruktur qurulub və ailələrin rahatlığı üçün hər cür şərait yaradılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qəsəbədə mühəndis-kommunikasiya xətləri tamamilə yenilənib, sakinlər fasiləsiz qaz, su və elektrik enerjisi ilə təmin olunublar. Abadlaşdırılan yollar və yenidən qurulan mənzillər Kərkicahanın simasını tamamilə dəyişib. Uzun illərin həsrətindən sonra doğma yurduna qovuşan sakinlər bu mənzərəni böyük qürur hissi ilə qarşılayırlar.
Qəsəbənin ən yaşlı sakinlərindən biri, 1941-ci il təvəllüdlü İrşad Səfərov ömrünün böyük hissəsini buraya həsr edib. 32 il sürücü işləyən İrşad dayı 1991-ci ilin qarlı dekabr gecəsini göz yaşları ilə xatırlayır: “Bizim üçün Kərkicahandan ayrılmaq sadəcə köç deyil, diri-diri qəlbimizdən qopmaq idi. 1991-ci ildə mənfur qonşular bizi mühasirəyə alanda dözülməz ağrı-acılar yaşadıq. Dizə qədər qarın içində, soyuqda, güllə yağışı altında Şuşaya tərəf qaçdıq. Neçə-neçə həmvətənimiz yollarda donaraq öldü. Ağcabədi və Gəncədə 30 ildən çox köçkünlük ömrü yaşadıq, amma ruhumuz həmişə burada – bu dağların başında idi”.

İndi isə İrşad dayının çöhrəsində yalnız sevinc var. Bildirir ki, Xankəndinin havası ona ikinci həyat bəxş edib: “Bura qayıdandan sanki üzərimdən ağır bir yük götürülüb. Əvvəl gəzməyə çətinlik çəkirdim, indi isə sanki gəncləşmişəm, yeriyə bilirəm. İki mərtəbəli, geniş və işıqlı mənzilimizdə nəvə-nəticələrimlə birgə yaşamaq ən böyük mükafatımdır”.
Kərkicahana qayıdan ailənin gəlini Arifə Səfərova isə qəsəbədən cəmi 3 yaşı olanda çıxıb. Onun yaddaşında Kərkicahan yalnız valideynlərinin danışdığı nağılvari xatirələrdə qalıbmış. “Mən 1988-ci ildə, münaqişənin başladığı o təlatümlü illərdə doğulmuşam. Atamdan, anamdan həmişə bura haqqında soruşardım. Bu gün bura beş nəfərlik ailəmlə – həyat yoldaşım, övladım və böyüklərimizlə birgə qayıtmışam”, - deyə o bildirir.
Arifə xanım vurğulayır ki, hazırda ailə üzvləri şəhərin həyatına tam uyğunlaşıblar: “Həyat yoldaşım artıq Xankəndidə işləyir. Oğlum isə qürurla Vətən qarşısında hərbi xidmətini yerinə yetirir. Biz bura məğlub deyil, qalib xalqın nümayəndələri kimi qayıtmışıq. Bu qələbəni bizə bəxş edən Müzəffər Ali Baş Komandanımıza və ordumuza minnətdarıq”.
Kərkicahanda həyat artıq öz təbii axarına düşüb. Sakinlər həyətyanı sahələrində abadlıq işləri görür, qonşular bir zamanlar olduğu kimi, yenidən bir araya gəlirlər. Xankəndi və onun ətraf qəsəbələri, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, dünyanın ən gözəl guşələrindən birinə çevrilməkdədir. Böyük Qayıdış Azərbaycanın gücünü və xalqın sarsılmaz Vətən sevgisini dünyaya nümayiş etdirir.
Müxbir-Aydın Yavərzadə
0 Rəy