Cəbrayıl rayonu üzrə 2025-ci ildə kənd təsərrüfatı bitkilərinin məhsul yığımı haqqında
Cəbrayıl rayon əhalisi məcburi köçkün olaraq respublikanın müxtəlif rayonlarında məskunlaşmışlar.
Ölkə prezidentinin qayğısı nəticəsində aran rayonunda məskunlaşan məcburi köçkünlər üçün Biləsuvar rayonu ərazisində torpaq sahəsi ayrılaraq 11 məcburi köçkün qəsəbəsi salınmışdır.
Bu qəsəbələrdə məskunlaşan məcburi köçkünlərin əksəriyyəti Cəbrayıl rayonundan olan əhalidir.
Əvvəl salınan 6 qəsəbədə məskunlaşan hər bir məcburi köçkünə 0,12 hektar həyətyanı sahə və 0,59 hektar əkin sahəsi cəmi 0,71 hektar, sonradan salınan 5 qəsəbədə isə 0,12 hektar həyatyanı sahə və 0,4 hektar əkin sahəsi olmaqla cəmi 0,52 hektar torpaq sahəsi ayrılmışdır.
Məcburi köçkünlər torpağa bağlı olduqları üçün onlara ayrılmış 0,4 və ya 0,59 hektar sahələrdə əsasən dən üçün taxıl məhsulu (buğda və arpa) və çoxillik ot bitkisi olan yonca əkərək becərmişlər.
Onlar üçün ayrılmış 0,12 hektar həyatyanı sahələrində isə öz ailələlərinin təlabatını ödəmək üçün əsasən kartof, tərəvəz (pomidor, soğan, xiyar və sair tərəvəz bitkiləri), bostan bitkisi (qarpız və yemiş) yetişdirmiş və meyvə bağları salınmışdır.
Rayon ərazisi işğaldan azad edildikdən sonra həmin sahələrdə dənli və dənli paxlalılar əsasən arpa və buğda əkilmişdir.
Rayon üzrə 2025-ci ildə 12811,0 hektar dənli (çəltik istisna olmaqla) bitkilər əkilmişdir. 2024-cü ilə nisbətən dənli və dənli paxlalılar 3339,2 hektar az əkilmiş, 995,5 ton çox məhsul olmuş, hər hektardan 3,2 sentner çox məhsul götürülmüşdür. Beləliklə, dənli və dənli paxlalılar üzrə cəmi 12811,0 hektardan 16289,5 ton məhsul götürülmüşdür.
Texniki bitkilər üzrə 26,0 hektar əkin sahəsi olmuşdur ki, bu da 2024-cü il ilə müqayisədə 8,8 hektar çox olmuşdur. 26,0 hektar sahədə şəkər çuğunduru becərilərək 655,0 ton məhsul əldə edilmişdir. Şəkər çuğunduru üzrə əkin sahəsi artsa da, hər hektardan məhsuldarlıq 27,7 faiz və ya 96,4 sentner azalmışdır.
Bu il kartof sahəsi 34,8 hektar olmaqla 605,5 ton, tərəvəz sahəsi 70,0 hektar olmaqla 1248,0 ton, bostan bitkiləri isə 0,5 hektar olmaqla 9,0 ton məhsul istehsal edilmişdir.
Rayon əhalisi 251,0 hektar sahədə meyvə bağları salmışdır ki, bununda hamısı bar verən ağaclardır. Həmin sahələrdən 1348,4 ton meyvə əldə edilmişdir. Məhsuldarlıq orta hesabla 53,7 sentner olmuşdur. Bundan başqa 20,7 hektar sahədə olan üzümlüklərdən 213,0 ton məhsul əldə edilmişdir.
Rayon üzrə 1490 hektar sahədə çoxillik ot olan yonca əkilmişdir. Bundan əlavə təkrar əkin olaraq 33,6 hektar sahədə yaşıl yem becərilərək heyvandarlıq sahəsinin inkişafında yem kimi istifadə edilmişdir.
Ölkəmizdə qeyri-neft sektorunun inkişafı ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində kənd təsərrüfatının ənənəvi sahələrindən olan ipəkçiliyin bərpası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən prioritet vəzifələrdən biri kimi müəyyən edilmişdir.
Ölkə Prezidentinin tapşırıqlarına uyğun olaraq artıq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən respublikada ipək istehsalının müasir infrastrukturunun yaradılması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsinə başlanılmışdır.
Hazırda Dövlət Başçısının tapşırıqlarına uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ölkədə baramaçılığın yem bazasının formalaşdırılması, tut (çəkil) tinglərinin tədarükü, barama toxumçuluğunun təşkili və digər istiqamətlər üzrə müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir. Yeni çəkil bağlarının salınmasında və əkilmiş tinglərə aqrotexniki qulluq işlərinin həyata keçirilməsində yerli bağbanlara metodiki köməklik göstərilməsi məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri tərəfindən müvafiq video tövsiyələr, bukletlər, yaddaş vərəqələri və digər maarifləndirici materiallar hazırlanmış və Çin şirkətinin mütəxəssisləri respublikaya dəvət edilmişlər.
Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2017-ci il tarixli 3406 №-li Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üzrə” Dövlət Proqramının icrası istiqamətində də işlər davam etdirilmişdir. Bu məqsədlə 2016-2018-ci illərdə rayona Çin Xalq Respublikasından 47,5 min ədəd, daxili istehsaldan isə 64 min ədəd olmaqla ümumilikdə 111,5 min ədəd tut tingi verilmiş və 200 nəfərdən çox istehsalçı arasında paylanılaraq becərilməsi davam etdirilmişdir. 2022-ci ildə əlavə olaraq 2000 ədəd tut (çəkil) tingləri əkilmişdir. 2025-ci ildə rayon üzrə 4689,05 kq barama istehsal edilmişdir.
Əkin sahəsinin və eləcə də məhsul istehsalının ildən-ilə artması işğaldan azad olunmuş torpaqlarda da əkinin aparılması hesabına olmuşdur. Bu da rayon əhalisinin bir daha torpağa bağlılığını göstərir.
Cəbrayıl Rayon Statistika İdarəsinin rəisi
Sahib Süleymanov
shushainfo.com
0 Rəy