Azərbaycanın azad edilmiş ərazilərdəki şəhərsalma modeli dünyaya nümunədir - Bakı WUF13-ə hazırlaşır
Azərbaycan gələn ay mühüm beynəlxalq tədbirə – BMT-nin 13-cü Ümumdünya Şəhərsalma Forumuna (WUF13) ev sahibliyi edəcək. Bu mötəbər tədbir ərəfəsində beynəlxalq mütəxəssislərin diqqəti Azərbaycanın işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi regionlarına, xüsusilə də bu torpaqlarda həyata keçirilən misilsiz quruculuq işlərinə yönəlib. Azərbaycanın tətbiq etdiyi innovativ şəhərsalma həlləri bu gün müasir arxitekturanın ən qabaqcıl nümunələri hesab olunur.
AZƏRTAC Zəngilanda aparılan genişmiqyaslı yenidənqurma işlərinə və müasir şəhərsalma yanaşmalarına həsr olunan məqaləni təqdim edir.
Zəngilandan WUF13-ə baxış
Şərqi Zəngəzurun strateji qapısı sayılan Zəngilan rayonu Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində bu gün Azərbaycanın innovativ şəhərsalma fəlsəfəsinin ən mühüm məntəqələrindən birinə çevrilib. Bu regionda tətbiq edilən “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları sadəcə rəqəmsal infrastrukturun qurulması deyil, mahiyyət etibarilə insan amilinə önəm verən, ekoloji tarazlığı qoruyan və resurslardan səmərəli istifadəni təmin edən dirçəliş modelidir. Zəngilanın simasında təqdim olunan bu yanaşma, postmünaqişə dövründə ərazilərin yüksək texnoloji həllərlə bərpası baxımından beynəlxalq şəhərsalma arxitekturasında yeni standartlar müəyyən edir.
Hazırda Zəngilanın hər bir guşəsində genişmiqyaslı tikinti-quruculuq işləri yüksək templə və ardıcıl şəkildə davam etdirilir. Rayonun müasir simasını müəyyən edən şəhər mərkəzində 104 mənzilli möhtəşəm yaşayış kompleksi ilə yanaşı, salınan yaşayış məhəllələri də ən son şəhərsalma texnologiyaları və milli memarlıq ənənələrinin sintezi əsasında sürətlə ucalır. Mincivan qəsəbəsi, Zəngilan, Alıbəyli, Cahangirbəyli kəndləri və digər yaşayış məntəqələri Böyük Qayıdış çərçivəsində innovativ “Ağıllı kənd” konsepsiyası çərçivəsində sıfırdan, bütün rəqəmsal xidmətlərə çıxışı təmin edəcək formatda yenidən qurulur. Sosial rifahın təmin olunması məqsədilə inşa edilən 160 yerlik müasir uşaq bağçası və ən müasir tibbi avadanlıqlarla təchiz olunacaq Zəngilan Rayon Mərkəzi Xəstəxanası sakinlərin yüksək standartlara uyğun yaşaması üçün nəzərdə tutulub.
Rayonun enerji müstəqilliyi və ekoloji təmizliyi də ölkə rəhbərliyinin diqqət mərkəzindədir, bu məqsədlə bölgənin enerji tələbatını dayanıqlı mənbələr hesabına ödəyəcək, yaşıl enerji strategiyasının mühüm halqası olacaq su elektrik stansiyaları inşa edilir. Bu layihələr Zəngilanı yaxın gələcəkdə regionun ən müasir və yaşayış üçün cəlbedici mərkəzinə çevirəcək.

Tarixi torpaqlarımıza Böyük Qayıdışın ilk müjdəçisi olan Ağalı kəndindən başlayan köç prosesi dövlətimizin strateji hədəflərinin bariz təzahürüdür. Bu proses göstərir ki, Azərbaycan dövləti doğma yurduna dönən sakinlər üçün təkcə müasir və rahat mənzillər inşa etmir, həm də onların məşğulluğunu təmin edəcək iş yerləri, yüksək xidmət şəbəkəsi və rəqəmsal imkanlarla təchiz olunmuş bütöv bir sosial-iqtisadi ekosistem yaradır. Bu yanaşma işğaldan azad edilmiş ərazilərin həm də güclü iqtisadi mərkəzə çevrilməsi yolunda atılan inamlı addımların göstəricisidir.
Ölkəmizin ev sahibliyi edəcəyi WUF13 qlobal miqyasda memarlar, şəhərsalma mütəxəssisləri və dövlət rəsmiləri üçün unikal bir strateji dialoq və təcrübə mübadiləsi platformasına çevriləcək. Azərbaycanın işğaldan azad edilmiş və tamamilə dağıdılmış əraziləri sıfırdan, ən müasir texnoloji nailiyyətlər əsasında yenidən inşa etməsi münaqişədən əziyyət çəkmiş regionların dirçəlişi baxımından dünya üçün nadir və öyrənilməsi zəruri olan bir təcrübədir.
Forum çərçivəsində ölkəmizin nümayiş etdirəcəyi “Ağıllı şəhər” və “Ağıllı kənd” modelləri təkcə rəqəmsallaşma deyil, həm də şəhərlərin iqlim dəyişikliyinə dayanıqlılığı, yaşıl keçid və sosial bərabərsizliyin aradan qaldırılması istiqamətində yeni qlobal standartlar diktə edəcək. Bu tədbir Azərbaycanın müasir şəhərsalma arxitekturasında tətbiq etdiyi “insan mərkəzli” yanaşmanın və davamlı inkişaf fəlsəfəsinin beynəlxalq müstəvidə rəsmən təsdiqi üçün mühüm fürsət meydanı olacaq.
Beləliklə, müasir şəhərsalma arxitekturasında estetik zərifliklə yüksək funksionallığın, qabaqcıl texnologiyalarla təbiətin sarsılmaz harmoniyasını yaradan Azərbaycan WUF13 platforması vasitəsilə bəşəriyyətə mühüm bir mesaj ünvanlayır: “Şəhərlər sadəcə beton konstruksiyalardan və binalardan ibarət deyil, onlar insan rifahının mərkəzdə dayandığı, ekoloji tarazlığın qorunduğu və davamlı gələcəyə xidmət edən canlı ekosistemlər olmalıdır”. Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə ucaltdığı hər bir yeni infrastruktur obyekti bu fəlsəfənin təzahürüdür. WUF13 Azərbaycanın timsalında bir daha təsdiqləyəcək ki, ən müasir “ağıllı” həllər mənəvi dəyərlər və təbiətlə vəhdət təşkil etdikdə daha yaşana bilən və inklüziv şəhər mühiti formalaşdırır. Bu, təkcə bir ölkənin quruculuq uğuru deyil, həm də XXI əsrin qlobal şəhərsalma intibahına Azərbaycanın verdiyi konseptual töhfədir.
0 Rəy