Qarabağ və Şərqi Zəngəzurda məşğulluq proqramları genişləndirilir
İşğaldan azad edilmiş ərazilərə köçürülən sakinlərin aktiv məşğulluq proqramları ilə əhatə olunması tədbirləri davam edir. Onlardan artıq 8673 şəxsin məşğulluğu təmin olunub, o cümlədən 754 sakin üçün özünüməşğulluq proqramı üzrə kiçik bizneslər qurulub. 383 sakin isə işəgötürənlərlə birgə təşkil olunan peşə kurslarına cəlb edilib.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işğaldan azad olunmuş ərazilərimizdə fəaliyyət göstərən işəgötürənlərlə keçirilən növbəti görüşdə bildirilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Mədəniyyət Nazirliyi, İqtisadiyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, Minatəmizləmə Agentliyi və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndələri iştirak ediblər.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda icra olunan məşğulluq proqramlarının getdikcə genişləndirildiyini qeyd edib. O, azad edilmiş doğma yurdlarına köçürülən sakinlərdən əmək qabiliyyətli şəxslərin bu proqramlarla əhatə olunduqlarını bildirib. Nazir müavini məşğulluq proqramlarının uğurlu icrasında işəgötürənlərlə fəal əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
İşğaldan azad edilmiş ərazilərə köçürülən və köçürülməsi nəzərdə tutulan vətəndaşların məşğulluğunun təmin olunması üçün işəgötürənlərlə birgə görülən işlərin nəticələri, bu sahədə qarşıda duran vəzifələr müzakirə olunub.(azərtac)
0 Rəy