Azərbaycan HHQ hazırlıq vəziyyətində
Müdafiə naziri və Hərbi Hava Qüvvələrinin komandanı hərbi hissələrdə oldu; polkovnik: “İrana atılan raketlər Azərbaycan ərazisinə də yönələ bilər”
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Namiq İslamzadə ötən həftəsonu hava hücumundan müdafiə hərbi hissəsinin xidməti-döyüş fəaliyyətini yoxlayıb.
Müdafiə Nazirliyinin açıqlamasında bildirilib ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov hərbi hissənin komanda məntəqəsində xidməti tapşırıqların yerinə yetirilməsi və mövcud vəziyyət barədə məruzələri dinləyib. Nazirliyin rəhbər heyəti ixtisas hazırlığı üzrə məşğələlərin keçirilməsini izləyib, şəxsi heyətin peşəkarlıq səviyyəsi, nəzəri biliklərinin tətbiqi, həmçinin silah və texnikadan düzgün istifadə bacarıqları yüksək qiymətləndirilib. General-polkovnik Zakir Həsənov keçirilən təlim və məşqlər zamanı HHM bölmələrinin arsenalına yeni daxil edilmiş müasir silah və texnikanın taktiki-texniki xüsusiyyətlərinin dərindən öyrənilməsi, onların döyüş şəraitində effektiv tətbiq imkanlarının mənimsənilməsi, şəxsi heyətin bu vasitələrdən düzgün və təhlükəsiz istifadə bacarıqlarının artırılması barədə Hava Döyüş Komandanlığına müvafiq tapşırıqlar verib. Azərbaycanın ordu komandanlığının indiki hərəkətliliyi ABŞ-İran gərginliyi fonunda diqqət çəkir.
İrandakı mümkün müharibə ssenarisi ilə bağlı artan gərginlik fonunda Azərbaycanın hava hücumundan müdafiə bölmələrinin döyüş hazırlığının yoxlanılması sıradan planlı tədbir kimi yox, strateji siqnal kimi qiymətləndirilə bilər. Regionda İran ətrafında hərbi risklərin artması təkcə Yaxın Şərq üçün deyil, qonşu təhlükəsizlik zolağında yerləşən dövlətlər üçün də potensial təhlükə yaradır.
Bu baxımdan Azərbaycan Ordusunun xüsusilə hava hücumundan müdafiə komponentinə diqqəti artırması rasional addımdır. Müasir müharibələr göstərir ki, raket, PUA və uzaqmənzilli zərbə vasitələri əsas təhlükə mənbəyidir və belə şəraitdə HHM sistemlərinin döyüş hazırlığı milli təhlükəsizliyin əsas sütunlarından sayılır.
Digər tərəfdən, ABŞ-İran qarşıdurmasının açıq fazaya keçməsi ehtimalı regionda hava məkanının risk zonasına çevrilməsi, səhv identifikasiya və ya texniki insident ehtimallarını artırır. Bu isə qonşu ölkələrin hava müdafiə sistemlərini maksimum hazır vəziyyətdə saxlamağa vadar edir.
Nəticə etibarilə, son yoxlamalar preventiv müdafiə siyasətinin tərkib hissəsi kimi görünür: məqsəd müharibəyə qoşulmaq yox, mümkün regional eskalasiya halında ölkənin hava məkanını və strateji obyektlərini qorumaqdır. Bu, klassik hərbi prinsipə uyğundur - risk artdıqca hazırlıq səviyyəsi də artır.

Rövşən Məhərrəmov
Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirib ki, ABŞ-İran münasibətlərində gərginlik hər keçən gün yüksəlir və hərbi əməliyyat hər an başladıla bilər: “Azərbaycan İranla yaxın qonşudur, çox böyük quru sərhədlərimiz, dənizdən və hava məkanından böyük sərhədlərimiz mövcuddur. ABŞ kimi nəhəng hərbi potensiala malik ölkənin böyük sərhədlərimiz olan qonşu İrana qarşı havadan zərbələr endirməsi, hərbi əməliyyatlara başlaması çox geniş miqyaslı müharibəyə çevrilə bilər. Çünki İran dövlətinin də hərbi gücü zəif deyil və ABŞ-nin zərbələrinin qarşısının alınması və cavab zərbələri endirmə üçün praktiki hərəkətə keçəcəyi şübhəsizdir. Belə bir vəziyyətin meydana gəlməsi təbii ki, İranın qonşuluğunda yerləşən ölkələr üçün də müəyyən risklər yarada bilər. Atılan raketlərin qonşu ölkələrin də ərazisinə düşə biləcəyindən tutmuş digər təhlükəsizlik məsələlərinə qədər risklər mümkündür. Hər hansı ballistik raketin trayektoriyadan çıxması və bizim ərazimizə də düşməsi mümkündür”.
Ekspertin sözlərinə görə, onu da nəzərə almaq lazımdır ki, İran ABŞ-nin hücum edəcəyi halda ABŞ ilə yaxın əlaqələri olan dövlətləri də hədəfə ala biləcəklərini bəyan edib: “Azərbaycanda Amerikanın hərbi bazaları olmasa da məlumdur ki, Azərbaycan ABŞ ilə sıx siyasi, iqtisadi əlaqələrə malikdir, bu yaxınlarda iki ölkə arasında Strateji tərəfdaşlıq Xartiyası imzalanıb. İranın Azərbaycanı istəməyən mühafizəkar hərbi hakimiyyəti bunu bəhanə edib Azərbaycana qarşı da müəyyən sərt addımlar atmaq fikrinə düşə bilərlər. Odur ki, Azərbaycan Hərbi Hava Qüvvələri, Azərbaycan Hava Hücumundan Müdafiə Qüvvələri ən yüksək hazırlıq vəziyyətində olmalıdır. Ona görə də müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Hərbi Hava Qüvvələrinin komanda heyəti ilə görüşüb hərbi hissələrdə, obyektlərdə baxışlar keçirməsi, tapşırıqlar verməsi təbiidir. Azərbaycanın hava hücumundan müdafiə sistemlərinin daim döyüş hazırlığı vəziyyətində olması zəruridir”.
Polkovnik onu da deyib ki, Azərbaycan son zamanlar silah arsenalına yeni müasir silahlar qəbul edib, eyni zamanda hərbi aviasiya parkını gücləndirib, yeni hava hücumundan müdafiə sistemləri və yeni təyyarələr əldə edib: “Bu sistemlərin, silahların idarə olunmasında yüksək səviyyəli mütəxəssislər hazırlanır. Bu məsələ də vacib nüanslardandır. Azərbaycan öz arsenalında olan hava hücunundan müdafiə sistemləri ilə ölkəmizin ərazimizə yönələn istənilən raketləri dəf etməyə hazır olmalıdır”.
Etibar SEYİDAĞA,
0 Rəy