Ağdamın əsas mədəni-turizm məkanı - “İmarət” Tarix-Memarlıq Muzey Kompleksi
Ağdam şəhərindəki İmarət Kompleksi Qarabağın ən mühüm tarixi-memarlıq abidələrindəndir. Ərazisi 3,3 hektar olan kompleks Qarabağ xanlığının banisi Pənahəli xanın sarayı və digər tarixi tikililər, türbələr, tarixi qəbiristanlıq, Qarabağ atlarının təqdimatı üçün atçılıq kompleksindən ibarətdir. Pənahəli xanın və xanlıqda müxtəlif illərdə hakimiyyətdə olmuş İbrahimxəlil xanın, onun oğlu, Qarabağın sonuncu hakimi Mehdiqulu xanın qəbirüstü türbələri, həmçinin Mehdiqulu xanın qızı, görkəmli şair, rəssam Xurşidbanu Natəvanın məzarları İmarət kompleksində yerləşir.
“İmarət” Tarix-Memarlıq Muzey Kompleksinin şöbə müdiri Aynurə Cəfərova AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, işğalda olmuş ərazilərdəki digər tarixi-mədəni və dini abidələr kimi Pənahəli xanın imarəti, ərazidəki türbələr və tarixi qəbiristanlıq da ermənilər tərəfindən vandalizmə məruz qalıb. Torpaqlarımız işğaldan azad edildikdən sonra Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, 2023-2024-cü illərdə Ağdam İmarət Kompleksində yerli və xarici mütəxəssislərin iştirakı ilə bərpa və arxeoloji tədqiqat işləri həyata keçirilib: “Tədqiqat işləri zamanı burada 213 müsəlman qəbri aşkar olunub. Onlardan 18-i xan ailəsinə mənsub olan beş türbənin daxilindədir ki, həmin türbələrdə Cavanşirlər sülaləsinin nümayəndələri dəfn olunub. 195 qəbirdən 187-si torpaq tipli, 8 qəbir isə sərdabə tiplidir”.
Aynurə Cəfərova bildirib ki, İmarət kompleksi rayona gələn qonaqların ən çox ziyarət etdikləri məkanlardandır. Muzey Kompleksinin ziyarətçilərinə türbələr və digər tikililər, eləcə də ərazidəki qəbiristanlıq, Xurşidbanu Natəvanın qəbirüstü abidəsi barədə məlumat verilir. Ziyarətçilər İmarət kompleksinin işğaldan əvvəlki vəziyyəti, işğal dövrü və azad olunandan sonra burada həyata keçirilən bərpa işləri barədə də maraqlanırlar.
İnteraktiv muzey kompleksində müxtəlif zamanlarda Cavanşirlər sülaləsinə həsr olunmuş məlumatlar, Qarabağ xanlığı haqqında tarixi faktlar, Xurşidbanu Natəvanın əl işlərinə və poemalarına həsr olunmuş audiovizual təqdimat, İmarət kompleksinin işğal dövründə və işğaldan azad olunduqdan sonrakı vəziyyətini əks etdirən fotomateriallar nümayiş olunur.
İmarət kompleksi Ağdamın əsas turizm məkanlarından biri kimi regionun mədəni və tarixi potensialını əks etdirir. Kompleks ziyarətçilərə Qarabağın zəngin tarixini, memarlıq ənənələrini və mədəni irsini yaxından tanımaq imkanı yaradır. Ziyarətçilər Ağdamın tarixi yaddaşını və mədəni irsini özündə yaşadan məkanlardan olan İmarət kompleksindən yüksək təəssüratlarla ayrılırlar.
0 Rəy