Şəxsi evi var, amma körpəni gətirib qəbul otağına atır

Ötən gün keçmiş məcburi köçkün Orxan Fətəliyev sosial şəbəkələrdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (“Qaçqınkom”) qəbul otağından video paylaşaraq müraciətlərinə baxılmadığını bildirib.

Məsələ ilə bağlı qurumdan shushainfo.com-a bildirilib ki, Zəngilan rayonunun Məmmədbəyli kəndindən keçmiş məcburi köçkün Fətəliyev Orxan Məhəmməd oğlu ailə üzvləri ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu Biləcəri şossesində qanunsuz inşa edilmiş şəxsi mənzildə məskunlaşıb.

Məlumata görə, işğaldan azad edilmiş ərazilərə ilk növbədə qəzalı vəziyyətdə və ağır şəraitdə yataqxana, sanatoriya, düşərgə kimi müvəqqəti məskunlaşma obyektlərində yaşayan ailələr köçürülür:

“Orxan Fətəliyevin isə yaşayış şəraitinin normal olduğunu nəzərə alaraq, onun Məmmədbəyli kəndinə köçürülməsinə yeni evlər tikildikdən sonra növbəti mərhələlərdə qanunvericiliyə uyğun olaraq yenidən baxılacaq. 

Orxan Fətəliyevin müraciətlərinə baxılmaması haqqında dedikləri isə həqiqəti əks etdirmir. Belə ki, onun Dövlət Komitəsinə yazılı müraciəti 19 dekabr 2025-ci ildə müvafiq qaydada cavablandırılıb və vətəndaşın ünvanına göndərilib. Eləcə də, o, bir neçə dəfə rəhbər şəxslərin qəbulunda olub. Ötən gün Dövlət Komitəsində olarkən də aidiyyəti struktur bölmənin rəhbəri tərəfindən qəbul edilib və müraciəti ilə əlaqədar ona müvafiq izahat verilib”.

Dövlət Komitəsindən o da qeyd olunub ki, Orxan Fətəliyevin atası Məhəmməd Fətəliyev digər oğlu ilə birlikdə Zəngilan rayonunun Məmmədbəyli kəndində ailə tərkibinə uyğun olaraq 4 otaqlı mənzillə təmin edilib.

Xatırladaq ki, Orxan Fətəliyev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin qəbul otağına körpə uşaqları ilə birlikdə gedib, körpənin bələyini masanın üzərinə qoyub, videosunu çəkib sosial şəbəkələrdə yayıb.  

 

Rəylər

Aşağıdakı məlumatları qeyd edin