Kəlbəcərdən-Kəlbəcərə: 60 gün
Kəlbəcərdən Şuşaya gedənə qədər mühasirələri, basqınları yara-yara, döyüş yoldaşlarımızın şəhid olduğuna şahid ola-ola irəlilədik. Bir neçə dəfə yaralandım, lakin Şuşanı görmək arzum mənə güc verdi. Zəfəri döyüş meydanında yaşamaq hissini dadmaq nəsib oldu. Kəlbəcərdə başlanan döyüş yolum elə Kəlbəcərdə də bitdi...
Bunu AZƏRTAC-ın müxbiri ilə söhbətində Vətən müharibəsi iştirakçısı, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan giziri Asif Bəbirli deyib.
2018-ci ildən 2023-cü ilə qədər Xüsusi Təyinatlı Qüvvələrin tərkibində həm döyüşçü, həm də sanitar kimi fəaliyyət göstərən Asif Bəbirlinin Vətən müharibəsində döyüş yolu Kəlbəcər, Cəbrayıl, Xocavənd və Şuşa istiqamətlərindən keçib.
O, beş il əvvəli belə xatırlayıb: "Sentyabrın 27-də Kəlbəcərdə - Murovdağda "Susuzluq" postu istiqamətində irəliləyirdik. Əsas tapşırıq erməni postlarına gedən təminat yollarını bağlamaq idi. Hava dumanlı olduğundan düşmənin gizli postunu görmədik. Buna görə də ermənilər bizi pusquya salıb atəşə tutdular. Öz bölməmizdən bir neçə nəfər arxa tərəfdən fırlanıb düşməni öz mövqeyində məhv etdi. Mən isə hələ güllələr başım üzərindən yağarkən yaralılara tibbi yardım göstərir, şəhidlərimizi güllə altından kənara çəkirdim. Düşməni məhv edib postu ələ keçirəndən sonra yaralı və şəhidləri təxliyə qruplarına təhvil verib yola davam etdik. Mən orada zədə alsam da, döyüş meydanından çıxmadım. Növbəti tapşırıqla Cəbrayıl istiqamətinə yollandıq. Burada keçirilən uğurlu hərbi əməliyyatdan sonra Xocavəndə - Hadrut qəsəbəsinə yola düşdük. Bir həftə davam edən döyüş əməliyyatları nəticəsində strateji yüksəklikləri azad edərək Tuğa, oradan da Xocalı rayonunun Çanaqçı kəndinə istiqamətləndik. Burada gecə vaxtı mühasirəyə düşdük. Yaxın məsafədən döyüşlər başladı. Məsələ burasındadır ki, burada döyüşənlər ermənilər deyildi. Hündürboy saqqallı döyüşçülərin muzdlu olduqları açıq-aydın bəlli idi. Mühasirəni yardıqdan sonra Şuşa istiqamətinə yol aldıq. Noyabrın 5-i axşamçağı saat 7-nin yarısı biz sıldırım qayalardan qalxaraq Xankəndi istiqamətindən Şuşaya girmişdik. Şuşa Tarix-Diyarşünaslıq Muzeyinə kimi getdik. Yaralılarımızı, şəhidlərimizi oraya yerləşdirərək döyüşə atıldıq. Ermənilər bütün qüvvələrini Şuşaya cəmləmişdilər. Həm texnika burada idi, həm də hərbi qulluqçularına hər addımda rast gəlmək olardı. Onlar binalarda, zirzəmilərdə - hər yerdə gizlənib pusqu qurmuşdular. UAZ-larını, şəxsi heyətini, xırda maşınlarını məhv etdikcə üzərimizə daha böyük qüvvə ilə gəlirdilər. Son ümid kimi Xankəndi briqadası da meydana atılmışdı. İki gün düşmən texnikası qarşısında üzərimizdə olan yüngül silahlarla əsl mətanət nümayiş etdirdik. Sağ qalmağımıza ümid yox idi, ta ki artilleriyaçılarımız özünü yetirənə qədər... Artilleriyaçılarımız gəlib çatanda isə hər şey bizim xeyrimizə dəyişdi. Bir neçə dəqiq atış, vurulan hədəflər və düşmənin pərən-pərən düşməsi... Yenidən Xankəndiyə qaçmağa cəhd edən düşmənə bu dəfə biz aman vermədik. Bir hissəsini Şuşada məhv etdik, bir hissəsini isə Xankəndi yolunda. Tam üç gündən sonra - noyabrın 8-də düşmənin müqaviməti qırıldı. Şuşa artıq tam olaraq ordumuzun nəzarətinə keçdi. Bundan sonra da ara-sıra atışlar edən düşmən artıq məğlubiyyəti qəbul etmişdi. Ağ bayraq qaldırmağın vaxtı idi...

Noyabrın 9-da artıq vəziyyətim ağırlaşmışdı. Şuşaya qədər bir neçə dəfə yaralansam da, bu möcüzəli şəhərə döyüşçü kimi ayaq basmaqdan ötəri dişimi sıxıb dayanmışdım. Noyabrın 6-7-də vəziyyətim kifayət qədər pisləşsə də, Zəfəri görməmiş döyüş meydanından çıxmağı düşünmürdüm. Noyabrın 9-u axşam vəziyyətimə görə təxliyə olundum. Çanaqçı kəndində olarkən Ermənistanın kapitulyasiya aktı imzaladığını eşitdim. Çox qəribə duyğular idi. Müharibə artıq bitmişdi və biz qalib idik. Ən ağırı isə o günü görməyən silahdaşlarım idi. Gözlərimin qarşısında onların nurlu və sevincli simaları canlandı. Şəhid döyüş yoldaşlarımın ruhu rahatlıq tapmışdı.
Mənə ilkin tibbi yardım göstərdikdən sonra Hadruta təxliyə etdilər. Bir gün qalıb vəziyyətimi stabilləşdirən kimi yenidən Şuşaya qayıtdım. Noyabrın 25-də isə ermənilərin bir güllə atmadan qaytarmağa məcbur olduğu Kəlbəcərin təhvil alınmasında iştirak etdim. Beləliklə, mənim döyüş yolum Kəlbəcərdə başlanıb, Kəlbəcərdə də bitdi...
Qeyd edək ki, Asif Bəbirli Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə "Şuşanın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "İgidliyə görə", "Cəsur döyüşçü", "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medal, "Hərbi xidmətlərə görə" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunub.
O, 2023-cü ildə ordu sıralarından tərxis olunub.
0 Rəy