Türkiyə hərbi təyyarəsinin qəzaya uğraması ilə bağlı yeni DETALLAR məlum oldu

Musavat.com xəbər verir ki, Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “C-130” tipli hərbi-nəqliyyat təyyarəsi ilə bağlı yeni məlumatlar açıqlanıb.

Məlumatları “AnewZ” kanalı yayıb. Bildirilir ki, təyyarə qəzadan əvvəl təxminən iki saat müddətində Gəncə hava limanında dayanıb və bu müddət ərzində ekipaj zəruri texniki baxış və uçuşa hazırlıq işləri aparıb. Eyni zamanda, üçüncü şəxslərin təyyarəyə yaxınlaşmasına icazə verilməyib və bütün təhlükəsizlik prosedurlarına riayət olunduğu barədə məlumat verilir.

Araşdırmalar göstərir ki, təyyarə 8 noyabr – Zəfər Günü münasibətilə Bakıda keçirilmiş hərbi paradda iştirak edən F-16 qırıcılarının texniki xidmətinə cavabdeh olan heyəti, həmçinin həmin qırıcılar üçün ehtiyat hissələrini Türkiyəyə daşıyırmış. Hadisə yerində aparılan ilkin araşdırmalar zamanı göyərtədə partlayıcı maddə aşkarlanmayıb və təyyarə qalıqları üzərində xarici müdaxilə və ya partlayış izlərinə rast gəlinməyib. Bu amil qəzaya kənar müdaxilə versiyasını zəiflədir. 

Screenshot_3.png (643 KB)

İstintaq orqanları hadisə ilə bağlı iki əsas versiyanı nəzərdən keçirir. Birinci versiyaya görə, qəza təyyarənin uzunmüddətli istismarı ilə bağlı ola bilər. Məlumdur ki, “C-130” tipli təyyarə 50 ildən çoxdur istifadə olunurdu və son əsas texniki baxış 2020-ci ildə həyata keçirilib. Mütəxəssislər qeyd edirlər ki, korroziya və metal yorğunluğu uçuş zamanı konstruktiv elementlərin sıradan çıxması ilə nəticələnə bilər. İkinci versiya isə yüklənmə prosesi ilə əlaqələndirilir. Yük təyyarələrində sabitlənməyən və ya uçuş zamanı yerdəyişmə ehtimalı olan yüklərin balansın pozulmasına və vibrasiyanın artmasına səbəb olaraq konstruksiya elementlərini zədələyə biləcəyi qeyd olunur. 

Screenshot_4.png (761 KB)

Qəza yerindən tapılan təyyarənin “qara qutusu” artıq götürülüb və xüsusi laboratoriyada analiz üçün göndəriləcək. Ekspertiza başa çatdıqdan sonra əldə edilən nəticələr ictimaiyyətə açıqlanacaq.

Qeyd edək ki, hadisə nəticəsində təyyarədə olan bütün heyət üzvləri şəhid olub və onların nəşlərinin Türkiyəyə gətirilməsi prosesi davam edir. Hadisə Türkiyədə və Azərbaycanda böyük kədər və hüznlə qarşılanıb.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin