İki şəhid Xocalıda dəfn edildi

Oktyabrın 31-də Xocalı şəhərində Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən iki şəhid Cingiz Usub oğlu Hüseynov və Səfər Qarsalan oğlu Qəmbərov torpağa tapşırılıblar.

Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, hər iki şəhidin nəşi müvəqqəti məskinlaşdıqları rayonlarda keçirilən vida mərasimlərindən sonra Xocalı şəhər Şəhidlər xiyabanında dəfn edilib.

Dəfn mərasimlərində Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyinin əməkdaşları, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin nümayəndələri, Xocalı Rayon İcra Hakimiyyətinin rəsmiləri, Millət vəkili, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər, şəhidlərin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Cingiz Usub oğlu Hüseynov 1955-ci il mayın 4-də Xocalı rayonunda anadan olub. O, 1992-ci il fevralın 26-da Xocalıda gedən döyüşlər zamanı itkin düşüb.

Digər şəhid Səfər Qarsalan oğlu Qəmbərov isə 1961-ci ildə Xocalı rayonunda anadan olub və 1992-ci ildə Xocalı döyüşləri zamanı itkin düşmüşdü.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin