2025-ci il 20 oktyabr - Ümumdünya Statistika Günüdür
Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 2015-ci il 3 iyun tarixli, 69/282 nömrəli Qətnaməsinə uyğun olaraq 2025-ci il oktyabrın 20-si “Hər kəs üçün keyfiyyətli statistika ilə inkişafa təkan verək" şüarı altında Ümumdünya Statistika Günü elan edilmişdir. BMT Statistika Komissiyasının yarandığı 1947-ci ildən sonra Ümumdünya Statistika Günü ilk dəfə 2010-cu ildə qeyd olunmuşdur. Əlamətdar haldır ki, bu qətnaməyə Azərbaycan da həmmüəllif kimi qoşulmuşdur.
Bu günün qeyd olunmasında əsas məqsəd müasir dövrdə statistikanın rolunu və əhəmiyyətini rəsmi statistika istehsalçılarına, statistik məlumat istifadəçilərinə və vətəndaş cəmiyyətlərinə çatdırmaqdan ibarətdir.
Dövlət Statistika Komitəsinin 2025-ci il 27 avqust tarixli 7 nömrəli qərarına əsasən Ümumdünya Statistika Gününün qeyd olunması ilə bağlı ölkəmizdə də geniş tədbirlər planı hazırlanmışdır. Tədbirlər planına əsasən “Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu” mövzusunda 3-cü Beynəlxalq Statistika Forumunun keçirilməsi, yerli statistika orqanlarında Ümumdünya statistika gününün qeyd edilməsi, yuxarı sinif şagirdləri və ali məktəb tələbələri arasında statistik olimpiadanın keçirilməsi və qaliblərin mükafatlandırılması, “Statistika xəbərləri” elmi-praktik jurnalının Ümumdünya statistika gününə həsr olunmuş xüsusi buraxılışının nəşri, Ümumdünya statistika günü ilə əlaqədar Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsində xüsusi bölmənin yaradılması, statistik maarifləndirmə məqsədilə mediada çıxışların təşkili və Ümumdünya statistika günü ilə bağlı mətbuat konfransının keçirilməsi nəzərdə tutulmuşdur.
Statistikanın tarixinə nəzər salsaq görərik ki, hələ 19-cu əsrin əvvəllərində Azərbaycanda əhali, sənaye, kənd təsərrüfatı, ticarət, xarici ticarət və s. haqqında çoxsaylı statistik məlumatlara istinad etmiş və araşdırmalar aparmışlar. 1917-1920-ci illərdə Azərbaycanda ayrı-ayrı yerli dövlət qurumlarında statistika şöbələri yaradılmış və fəaliyyət göstərmişdir.
Ötən əsrin 90-cı illərində Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi islahatlar çərçivəsində ölkəmizin statistika sistemində əsaslı işlər görülmüşdür. Belə ki, 1994-cü il fevral ayının 18-də "Statistika haqqında" Azərbaycan Respublikasının Qanununun imzalanması statistika sahəsində yeni bir dövrün başlanmasına təkan vermişdir. Qanunda Avropa İqtisadi Komissiyasının 1992-ci il aprelin 15-də Cenevrədə keçirilən 47-ci sessiyasının qərarı ilə təsdiq edilmiş “Avropa İqtisadi Komissiyası regionunda rəsmi statistikanın əsas prinsipləri"nin bütün tələbləri nəzərə alınmışdır. Həmin dövrdə dövlət statistika sistemində islahatların aparılmasına dair ardıcıl olaraq iki beşillik dövlət proqramları icra edilmişdir. Nəticədə milli statistikanın beynəlxalq statistik standartlara uyğunlaşdırılması, cəmiyyətin maarifləndirilməsi, ölkədə həyata keçirilən islahatlara uyğun olaraq statistikanın təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılmışdır.
Dövlət Statistika Komitəsinin fəaliyyətinin əsas istiqamətlərindən birini də beynəlxalq təşkilatlarla (BMT və onun təşkilatları, Avropa İttifaqı, BVF, Dünya Bankı, Asiya İnkişaf Bankı, İƏİT, İƏT, Avrostat, MDB Dövlətlərarası Statistika Komitəsi və s.), həmçinin dünya ölkələrinin milli statistika xidmətləri ilə fəal əməkdaşlıq təşkil edir.
Müasir dövrün tələblərinə uyğun olaraq son illərdə statistikanın yeni sahələri - qiymət, milli hesablar, xarici ticarət, turizm statistikası və s. yaradılmış, beynəlxalq standartlara cavab verən metodoloji materiallar hazırlanmış, ölkədə xarici ticarət statistikası dünyada qəbul olunmuş qaydada - gömrük bəyannaməsi məlumatları əsasında qurulmuş, respondentlərə düşən hesabat yükünün azaldılması yönündə bir sıra işlər aparılmışdır.
Ölkəmizdə 1999-cu, 2009-cu və 2019-cu illərdə əhalinin, 2004-cü ildə başa çatdırılmamış istehsal və qeyri-istehsal təyinatlı tikililərin və turizm obyektlərinin, 2005-ci, 2015-ci və 2025-ci illərdə kənd təsərrüfatının, 2006-cı ildə elmi təşkilatların, 2007-ci, 2015-ci və 2025-ci illərdə fərdi sahibkarların və hüquqi şəxslərin siyahıyaalınmaları keçirilmiş və əldə olunmuş məlumatlardan ölkənin sosial-iqtisadi inkişafının, demoqrafik proseslərin proqnozlaşdırılmasında geniş istifadə edilmişdir.
Dövlət Statistika Komitəsinin işinin vacib istiqamətlərindən biri statistika fəaliyyətinin nəticələrinin səmərəli yayılmasıdır. Bu baxımdan 2024-cü ildə Dövlət Statistika Komitəsi tərəfindən iqtisadiyyatın ayrı-ayrı sahələrini əks etdirən 31 adda statistik məcmuə və 50 adda statistik bülleten buraxılmış, istifadəçi məmnunluğunun təmin edilməsi məqsədilə məcmuələrin elektron variantı Komitənin veb səhifəsinin müvafiq bölməsində yerləşdirilmişdir.
Ümumi olaraq Dövlət Statistika Komitəsi aşağıdakı istiqamətlər üzrə elektron xidmətlər göstərir:
- Rəsmi statistik hesabatların təqdim edilməsi;
- Statistik məlumatların buraxılış təqviminin və mətbu məlumatların yayım təqviminin təqdim edilməsi;
- Statistik məlumatların (göstəricilərin) verilməsi;
- Statistik nəşrlərin (kitabların) onlayn satışı;
- Statistik məlumatların verilməsi qaydalarının pozulmasına görə inzibati cərimələrin internet vasitəsilə ödənilməsi;
- Sahibkarlıq subyektinə ölçüsünə görə aid olduğu kateqoriyaya dair elektron arayışın verilməsi.
Elektron xidmətlərin tətbiqi nəticəsində bütün statistik vahidlər (hüquqi və ya fiziki şəxslər) rəsmi statistika hesabatlarını statistika orqanlarına gəlmədən elektron formada təqdim edirlər, statistik məlumat istifadəçisi iqtisadiyyatın və sosial həyatın bütün sahələrinə dair hazırlanmış mətbu məlumatları, habelə onu maraqlandıran digər statistika məlumatlarını elektron formada əldə edir, statistik məcmuəni (kitabı) Komitəyə gəlmədən, dəyərini onlayn şəkildə ödəməklə alır, statistik məlumatların verilməsi qaydalarını pozduğuna görə barəsində inzibati tənbeh tətbiq edilmiş hüquqi və ya fiziki şəxslər cəriməni banka getmədən, internet vasitəsilə onlayn rejimində ödəyir, eyni zamanda sahibkarlıq subyekti ölçüsünə görə aid olduğu kateqoriyaya dair arayışı elektron qaydada Dövlət Statistika Komitəsinə gəlmədən əldə edir.
2025-ci ilin mart ayından etibarən rəsmi statistika məqsədləri üçün hüquqi və fiziki şəxslər tərəfindən təqdim edilən ilkin məlumatların kənar müdaxilələrdən qorunması üçün həyata keçirilən tədbirlər çərçivəsində “Rəsmi statistik hesabatların təqdim edilməsi” elektron xidməti üzrə “Digital login” sisteminin tətbiqinə də başlanılmışdır.
Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin rəsmi statistikanın inkişafı ilə bağlı təsdiq etdiyi üç dövlət proqramı fəaliyyətimizin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına zəmin yaratmışdır. Gələcəkdə isə ölkə statistika sisteminin qarşısında mühüm vəzifələr durur. Bu vəzifələr Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 14 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı"ndan, Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn məsələlərin icrasından, elektron xidmətlərin sayının artırılması və kağızsız texnologiyanın geniş tətbiq edilməsindən ibarətdir.
Laçın Rayon Statistika
İdarəsinin rəisi Alik Cəfərov
0 Rəy