2025-ci il-KONSTİTUSİYA VƏ SUVERENLİK İLİ
Azərbaycanda Konstitusiyanın tarixi XX əsrin əvvəllərinə başlayır. Azərbaycan SSR-nin ilk Konstitusiyası 19 may 1921-ci ildə 1-ci Ümumazərbaycan Sovetlər qurultayında qəbul edilmişdir. Lakin ölkənin ictimai-siyasi və mədəni sahədəki inkişafı ilə əlaqədar sonrakı illərdə Konstitusiyaya əlavə və dəyişikliklər edilmişdir. Belə ki, 14 mart 1925-ci, 26 mart 1927-ci, 14 fevral 1931-ci və 11 yanvar 1935-ci ildə Konstitusiyada dəyişiklik və əlavələr edilmişdir. Azərbaycan SSR Konstitusiyası 14 mart 1937-ci ildə qəbul olmuşdur. Azərbaycan SSR-in 1978-ci ilin aprelin 21-də qəbul edilmiş son Konstitusiyasına 1980-ci illərin ikinci yarısından etibarən çoxsaylı əlavə və dəyişikliklər edilmişdir.
Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti yaranmışdır. Bunun üçün Ümummilli Lider Heydər Əliyev xüsusi komissiya yaratmış və Konstitusiya layihəsi ümumxalq müzakirəsinə verilmişdi. Yeni Konstitusiya 1995-ci il noyabrın 12-də referendum-ümumxalq səsverməsi yolu ilə qəbul edilmişdir. Azərbaycan Respublikası Konstitusiyası Azərbaycanı respublika idarəetmə formasına malik, unitar, demokratik, hüquqi, dünyəvi dövlət kimi müəyyən edir. Bu Azərbaycan Respublikasının müstəqilliyi bərpa edildikdən sonra ilk Konstitusiyası idi. Ümummilli Lider Heydər Əliyevin 6 fevral 1996-cı il tarixli sərəncamına əsasən noyabrın 12-i Konstitusiya günü elan edilmişdir.
"Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19 sentyabr tarixli sərəncamına əsasən 20 sentyabr hər il “Dövlət Suverenliyi Günü” kimi qeyd edilir.
Sərəncamda deyilir: “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisində qanunun aliliyinin təmin olunduğunu və Azərbaycan Respublikasının dövlət suverenliyinin bərpa edildiyini nəzərə alaraq qərara alıram:
1. Hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.
Hər bir xalq üçün dövlət müstəqilliyi və suverenliyi milli kimliyin və azadlığın ən ali təcəssümüdür. Son illərdə ölkəmizin ərazi bütövlüyünün təmin olunması həm də suverenliyimizin təmin olunması anlamında tam mənada vəhdət təşkil etmişdir. Qeyd edək ki, 1990-cı illərin əvvəllərində Dağlıq Qarabağ və ətraf yeddi rayon Ermənistanın silahlı təcavüzü nəticəsində işğal edildi. Bu işğal ərazi bütövlüyümüzü və dövlətimizin suverenliyini ciddi surətdə təhdid altına almışdır. Müzəffər Ali Baş Komandan İham Əliyevin rəhbərliyi, onun Dəmir Yumruğu və ordumuzun yenilməz şücaəti və qəhrəmanlığı sayəsində 2020-ci ildə 44 günlük vətən müharibəsi və 2023-cü ildə 23 saatlıq antiterror əməliyyatları nəticəsində erməni silahlı birləşmələri torpaqlarımızdan çıxarıldı, işğala son qoyuldu, ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olundu. Uzun illər erməni tapdağında qalmış tarixi ata-baba yurdlarımızın işğaldan azad olunması və ərazilərimizdə dövlətimizin suverenliyinin bərpa olunması xalqımızda misilsiz ruh yüksəkliyinə, özünəinama, dövlətə və dövlətçiliyə bağlılığın daha da artmasına səbəb olmuşdur. Hər-bir dövlətin suverenliyi həm də onun müstəqilliyi və ərazi bütövlüyü ilə tam vəhdət təşkil etməlidir. Bu baxımdan məhz torpaqlarımızın işğaldan azad olunması və suveren hüquqlarımızın bərpası dövlət-ordu-xalq vəhdəti sayəsində mümkün olmuşdur.
Qeyd etməliyəm ki, ərazi bütövlüyümüzün tam təmin olunmasından sonra dövlətimiz tərəfindən mühüm tarixi anlam kəsb edən əlamətdar günlər təsis edilmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Dövlət Suverenliyi Günü” və işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri, o cümlədən 26 avqust Laçın şəhəri günü təsis edilmişdir. Bu da xalqımız, o cümlədən bütün Laçınlılar tərəfindən rəğbətlə qarşılanmışdır.
Konstitusiya və Dövlət Suverenliyi ili, Azərbaycanda konstitusion quruluşun möhkəmləndirilməsi, dövlətçilik ənənələrinin daha da gücləndirilməsi, vətəndaş cəmiyyəti həmrəyliyinin artırılması, xalqın rifahının yüksəldilməsi yönündə və digər məsələlərdə əhəmiyyətli bir il hesab edilməlidir.
Yekun olaraq qeyd etməliyəm ki, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin təmin olunması şəhidlərimizin qanı-canı bahasına mümkün olmuşdur. Biz şəhidlərimizə hər an borcluyuq, şəhidlərimizi unutmamalıyıq. Şəhid adlarının əbədiləşdirilməsi də dövlətimizin diqqət mərkəzindədir, bunu hamımız görürük və hiss edirik. Allahdan bütün şəhidlərimizə rəhmət, doğma və yaxınlarına səbr, qazilərimizə can sağlığı arzulayıram. Allah dövlətimizi, ordumuzu və millətimizi qorusun.
Yaşasın müstəqil və suveren Azərbaycan! Yaşasın xalqımız! Yaşasın yenilməz ordumuz! Yaşasın Müzəffər Ali Baş Komandan!.
Laçın Rayon Statistika İdarəsinin
rəis müavini Aynur Həsənova
0 Rəy