Qarabağda əhali artır, Şərqi Zəngəzurda azalır - 33 ilin mənzərəsi
Son 33 ildə Qarabağ və Şərqi Zəngəzurdan olan əhali əsasən Bakı və respublikanın digər bölgələrində məskunlaşıb. Bu dövrdə bölgələrin inzibati ərazisinə daxil olan rayonların əhali sayı dəyişib, demoqrafik nisbətlərdə isə fərqli meyillər formalaşıb.
Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 1992-ci ildə Qarabağ və Şərqi Zəngəzurda əhalinin ümumi sayı 1 milyon 155 min 700 idi. Onlardan 235 min 100-ü şəhərdə, 454 min 700-ü kənddə olmaqla 689 min 800-ü Qarabağ iqtisadi rayonunda, 465 min 900-ü isə Şərqi Zəngəzur iqtisadi rayonunda yaşayırdı. Həmin il Şərqi Zəngəzurda da yaşayanların böyük əksəriyyəti – 345 min 600-ü - kəndlərdə məskunlaşmışdı.
2025-ci ilin son məlumatlarına əsasən, Qarabağ iqtisadi rayonundan olanların ümumi sayı 747 min 500 nəfər təşkil edir ki, bu da 33 il əvvəllə müqayisədə təxminən 9 faiz artım deməkdir. Hazırda Qarabağ əhalisinin 377 min 800-ü kişi, 369 min 700-ü isə qadınlardan ibarətdir.
Şərqi Zəngəzur əhalisinin sayında isə müəyyən azalmalar müşahidə olunur. Belə ki, son statistikaya görə, Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan əhalisinin ümumi sayı 302 min 200-dür. Ümumilikdə işğaldan azad olunan bölgələrdən olan əhalinin sayı 1 milyon 49 min 700 nəfərdir.
Rayonlar üzrə əsas göstəricilər:
Xankəndi
1992-ci ildə Xankəndidə 57 min 700 nəfər yaşayırdı. Hazırda bu rəqəm 4 min 400 nəfərə bərabərdir. Bu 33 il əvvəlki göstəricinin sadəcə 7,6 faizidir. Hazırda xankəndililərin 2 min 200-ü kişi, 2 min 200-ü isə qadındır.
Ağdam
Ağdamda 1992-ci ildə 143 min 600 nəfər yaşayırdı. Bu gün isə əhali sayı 175 min 700-ə çatıb. Bu da əhali sayının 22,4 faiz artdığını göstərir. Onlardan 88 min 100-ü kişi, 87 min 600-ü qadındır.
Füzuli
Füzulinin 1992-ci ildəki 106 min 700 nəfərlik əhalisi bu gün 131 min 500 nəfərə çatıb. 33 il ərzində əhali 23 faizdən çox artıb. Füzulidə kişi və qadın nisbəti də demək olar ki, eynidir: 65 min 600 kişi, 65 min 900 qadın.
Xocalı
Xocalıda 1992-ci ildə 24 min 100 nəfər yaşayırdı. Bu gün isə əhali 15 min 600 nəfərdir. Bu, işğaldan əvvəlki göstəricinin 64,7 faizidir. Onların 7 min 700-ü kişi, 7 min 900-ü qadındır.
Xocavənd
Xocavəndin əhalisi təxminən təxminən 71 faiz azalaraq 42 min 900 nəfərdən 12 min 400 nəfərə düşüb. Əhalinin yarısını kişilər – 6 min 300 nəfər, yarısını isə qadınlar – 6 min 100 nəfər təşkil edir.
Şuşa
1992-ci ildə 22 min nəfərlik Şuşanın bugünkü əhalisinin sayı 25 min 200 nəfər təşkil edir. Bu, 14,5 faiz artım deməkdir. Şuşalılar arasında da demoqrafik bərabərlik demək olar ki, qorunur. Belə ki, onların 12 min 500-ü kişi, 12 min 700-ü isə qadındır.
Cəbrayıl
Cəbrayılda əhali işğaldan əvvəl 52 min 300 nəfər idisə, hazırda bu rəqəm 73 min 500 nəfərə yüksəlib. Bu da 41 faiz artım deməkdir. Bu, azad edilmiş bölgələr arasında ən böyük artım göstəricilərindən biridir. Əhalinin 36 min 700 nəfəri kişi, 36 min 800 nəfəri qadındır.
Kəlbəcər
Kəlbəcərin 1992-ci ildə 58 min 900 nəfərdən ibarət əhalisi indi 72 min 400 nəfərə çatıb ki, bu təxminən 23 faiz artım deməkdir. Onların təxminən 52 faizi – 37 min 200-ü kişi, 35 min 200-ü isə qadındır.
Qubadlı
Qubadlı əhalisi 33 il ərzində 22,3 faiz artıb. Belə ki, 1992-ci ildə Qubadlının əhalisi 30 min 500 nəfər idisə, hazırda bu rəqəm 37 min 300-dür. Qubadlıda kişilərin sayı 18 min 500 nəfər, qadınların sayı isə 18 min 800 nəfər təşkil edir.
Laçın
Laçında əhali 56 min 500 nəfərdən 76 min 100 nəfərə çatıb - təxminən 35 faiz artım. Əhalinin 37 min 400 nəfəri qadın, 38 min 700 nəfəri kişidir.
Zəngilan
Zəngilanın əhalisi işğaldan sonra 30 faiz artıb. 1992-ci ildə əhalisinin sayı 32 min 900 nəfər olan zəngilanlıların indiki sayı 42 min 900 nəfər təşkil edir. Onlardan 21 min 300 nəfəri kişi, 21 min 600 nəfəri qadındır.
0 Rəy