Dövlət Suverenliyimiz əbədidir

Hər bir xalq üçün dövlət müstəqilliyi və suverenliyi milli kimliyin, azadlığın və gələcəyə inamın ən ali təcəssümüdür. Azərbaycanın müasir tarixində bu dəyərlərin möhkəmləndiyi ən mühüm məqamlardan biri 20 sentyabr tarixidir. Bu gün ölkəmizin tam suveren dövlət kimi çıxış etməsini, ərazi bütövlüyünün və konstitusiya quruluşunun bərpasını ifadə edən dönüş nöqtəsidir. Sovet İttifaqının süqutundan sonra Azərbaycan 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etsə də, ölkəmizin suverenliyi uzun müddət tam təmin olunmadı. 1990-cı illərin əvvəllərində Ermənistanın hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağ və ətraf yeddi rayon işğal edildi. Bu, Azərbaycanın ərazi bütövlüyünə və dövlət suverenliyinə ağır zərbə idi. Halbuki suverenlik dövlətin öz sərhədləri daxilində tam hakimiyyətini həyata keçirməsi deməkdir. 2020-ci ildə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə aparılan 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan böyük qələbə qazandı. Ermənistan ordusu “Dəmir yumruq” əməliyyatı ilə darmadağın edildi, işğal olunmuş torpaqlarımızın mühüm hissəsi azad olundu. Daha sonra 2023-cü il sentyabrın 20-də həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində Qarabağda qalan qanunsuz erməni silahlı birləşmələri tam tərk-silah edildi, separatçı ünsürlərin əksəriyyəti zərərsizləşdirilərək həbs olundu. Bununla da Azərbaycanın bütün ərazisində dövlət hakimiyyəti bərpa olundu, suverenlik faktiki olaraq təmin edildi. Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, 20 sentyabr “Suverenlik Günü” elan edilmişdir. Bu gün artıq dövlət bayramı kimi qeyd olunur və milli həmrəyliyin, dövlətçilik iradəsinin, xalqımızın sarsılmaz birliyinin rəmzinə çevrilmişdir. Hazırda azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, doğma torpaqlarından didərgin salınmış soydaşlarımız mərhələli şəkildə yurd-yuvalarına qayıdır. Məhz bununla bağlı olaraq 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması dövlətimizin strateji hədəflərinin təzahürüdür. Azərbaycan üçün suverenlik yalnız işğaldan azad olunmuş torpaqların qaytarılması deyil. Bu anlayış həm də beynəlxalq səviyyədə tanınmış sərhədlərə tam nəzarətin bərpasını, dövlət idarəetmə sisteminin ölkənin bütün bölgələrində vahid şəkildə tətbiqini, qanunun aliliyini və milli təhlükəsizliyin təmin olunmasını ehtiva edir. Bu gün Qarabağda üçrəngli bayrağımız qürurla dalğalanır, dövlət orqanları fəaliyyət göstərir, yeni infrastruktur layihələri reallaşdırılır və həyat normal axarına qayıdır. Beləliklə, 20 sentyabr – Suverenlik Günü xalqımızın əzmkar iradəsinin, milli həmrəyliyinin və mübarizə əzminin təntənəsidir. Bu gün, eyni zamanda, gələcək nəsillərə azad və güclü dövlət quruculuğu yolunda göstərilən fədakarlıqların unudulmaz xatirəsini ötürən tarixi bir mirasdır. Azərbaycanın suverenliyi əbədidir və dönməzdir! Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə möhkəm can sağlığı bəxş etsin!

Asəf Mikayılov

Şuşa rayon Statistika idarəsinin

Rəis müavini

Rəylər

Aşağıdakı məlumatları qeyd edin