Laçın şəhəri yalnız coğrafi deyil, həm də geosiyasi mərkəzə çevrilməkdədir ŞƏRH

Taleyin qismətimizə yazdığı gözəlliklərdən biri də budur ki, biz artıq azad edilmiş yurd yerlərimiz haqqında danışırıq. Onların tarixi, yaranması, təşəkkül və inkişaf prosesi, işğal dönəmi, nəhayət, azad olunma faktı bizim mətnlərin təhlil, araşdırma predmetinə çevrilir. Onlardan biri də Laçındır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova söyləyib.

“İşğaldan sonra Laçın vandalizmin ağrılarını bütün yönləri ilə yaşayıb. Əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən talan və məhv edilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb. Bütün bu işğal və dağıdıcılığın, əlbəttə ki, arxa planında gizlin niyyətlər də yox deyildi. Həmin dönəmdə AXC-Müsavat cütlüyü hakimiyyətə can atırdı. Hakimiyyəti istənilən yollarla ələ keçirmək üçün ən çirkin əməllərə də əl atmaqdan çəkinməyən sapı özümüzdən olan baltalar Şuşanı və Laçını demək olar ki, düşmənə təhvil verdi. Bu milli mənafe düşmənləri ehtikarlığın bütün miqyasını ehtiva etməkdən çəkinmədilər. Əlbəttə ki, hər bir kəndin, şəhərin işğala məruz qalması böyük faciə idi, amma Laçının işğalı strateji nöqteyi-nəzərindən böyük bir sınaq idi. Çünki Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında məhz Laçın vasitəsilə coğrafi əlaqə yaradılırdı və bizim sonrakı itkilərimizin başlanğıcı məhz Şuşa və Laçının itirilməsi oldu”, - deyə o əlavə edib.

Müsahibimiz bildirib ki, nəhayət, tarixi ədalət zəfər çaldı. Vətən müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində imzalanmış üçtərəfli Bəyanata əsasən 2020-ci il dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Laçını bütünlükdə azad etməklə strateji gücümüz və üstünlüyümüz bərpa olundu. Bütün bunlar Ali Baş Komandan İlham Əliyevin və qəhrəman əsgərlərimizin hünəri sayəsində gerçəkləşdi. Prezident İlham Əliyevin 2020-ci il 29 dekabr tarixli Sərəncamına əsasən, 5775 hərbi qulluqçu “Laçının azad olunmasına görə” medalı ilə təltif edilib.

Bütün azad edilmiş ərazilərimizdə olduğu kimi, Laçın şəhəri də genişmiqyaslı bərpa-quruculuq işlərinin mərkəzinə çevrilib. Laçının gözəlliyi, təbiət mənzərələri onun Qarabağda fərqli bir məkana çevrilməsinə imkan verir. Təbii ki, əsas məsələ bu unikallığı bərpa etmək, yaddaşlarda qalan yurd yerinin əzəli görünüşünə nail olmaq idi. Bu mənada, Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi simvolik çalar kəsb edir. Bu Sərəncama əsasən 26 avqust Laçın Şəhəri Günü kimi müəyyən olunub. Bu tarixləşən günlər ona görə lazımdır ki, hər şəhərin öz metafizik obrazı yaransın, bütün diqqət və əmək həmin şəhərin mahiyyətinə yönəlməklə yaddaşlı bir gələcək qurulsun.

Deputat vurğulayıb ki, Laçın rayonu bu gün strateji baxımdan ən mühüm ərazilərimizdən biridir. Rayonun enerji potensialı çox yüksəkdir, yol-nəqliyyat infrastrukturu yenilənir və genişləndirilir. Burada hava limanının inşası bölgənin beynəlxalq status və əhəmiyyətini artırmaqla bərabər, həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Təməli 2021-ci ildə qoyulan Laçın Beynəlxalq Hava Limanı 2025-ci il mayın 28-də istifadəyə verilib. Hava limanı Laçın şəhərinə 30, Şuşaya 70, Kəlbəcərə 60 kilometrlik məsafədə yerləşir. Bu hava limanı strateji təyinatı ilə yanaşı, gələcəkdə regionun turizm potensialının inkişafına da imkan verəcək.

Hazırda Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri yüksək zövq və keyfiyyətlə aparılır. Təbii yaşıllıqlarla əhatələnmiş şəhərin tarixən mövcud olmuş təxminən 258 hektar məskunlaşma ərazisində həyətyanı sahəsi olan fərdi evlərin, xəstəxana, İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park, məktəbəqədər və tam orta təhsil müəssisələri, peşə məktəbi, həmçinin mədəniyyət və turizm obyektlərinin tikintisinin nəzərdə tutulması Laçın şəhəri ilə bağlı qarşıda dayanan mühüm işlərdəndir. Bütövlükdə Laçında 1000-dən çox yaşayış evi tikilib və bərpa edilib. Laçın şəhərində 626 fərdi ev, çoxmənzilli binada 138 mənzil, 87 qeyri-yaşayış sahəsi istifadəyə verilib. Hazırda şəhərdə 89 fərdi ev, 28 çoxmənzilli bina, 26 qeyri-yaşayış sahəsinin tikinti və bərpası davam edir. Eyni zamanda, 237 fərdi ev və 29 çoxmənzilli binanın (436 mənzil) tikintisi planlaşdırılır. 2023-cü il avqustun 25-də Laçın rayonunda “Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonunun açılışı da buranı mədəniyyət ocaqlarından birinə çevirib.

“Bu gün Laçın cənnətməkan çağlarını yaşayır. Dağıntılar aradan qaldırılır, itənlər yerinə gətirilir. Təsadüfi deyil ki, 2025-ci il mayın 28-də – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 107-ci ildönümündə Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Zirvə görüşü Laçın şəhərində baş tutdu. Bu, yalnız diplomatik bir hadisə deyil, regionda formalaşmaqda olan yeni geosiyasi nizamın rəsmi elanı idi. Zirvə görüşünün məkan olaraq məhz Laçında – işğaldan azad edilmiş ərazidə keçirilməsi olduqca simvolik və məqsədli idi. Bu addım Azərbaycanın ərazi bütövlüyünün de-fakto və de-yure şəkildə tanınmasının, beynəlxalq platformalarda yeni postmünaqişə statusunun qəbulunun bariz ifadəsi sayılırdı.

Azərbaycan bu görüşlə beynəlxalq ictimaiyyətə mesaj verdi: müharibədən sonra yaranmış reallıqlar dəyişməzdir və işğaldan azad olunmuş ərazilər artıq sabitliyin, inkişafın və beynəlxalq əməkdaşlığın mərkəzinə çevrilib. Laçın, bu mənada yalnız coğrafi deyil, həm də geosiyasi mərkəzə çevrilməkdədir”, - deyə E.Akimova fikrini yekunlaşdırıb.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin