Lazım gəldikdə gur səsi ilə danışan qəhrəmanlar: "Mavi beretli"lər

Azərbaycanın dilbər guşələrindən olan Laçın şəhərinin işğaldan azad edilməsindən üç il ötür. Belə ki, 2022-ci il avqustun 26-da Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi, eləcə də Zabux və Sus kəndləri nəzarətə götürüldü. Beləliklə, bu füsunkar, mühüm strateji mövqeyə malik diyarın işğalına tamamilə son qoyuldu. Laçının işğaldan azad olunması Azərbaycanın hərbi və diplomatik qələbəsi hesab edilir.

İşğaldan azad olunmuş digər yurd yerlərimiz kimi, Laçına da həyat yenidən qayıdır, burada sürətli bərpa-quruculuq işləri aparılır. Əvvəlki əzəmətini geri qaytaran Laçın doğma sakinlərini böyük şövqlə qarşılayır. Laçınlıların mərhələli şəkildə dədə-baba ocaqlarına qayıtması ilə rayonun çal-çağırlı, axar-baxarlı çağları geri dönür. Cəlbedici gözəlliyə, əsrarəngiz təbiətə malik Laçın artıq hər kəsin diqqətini özünə çəkməyə, vətəndaşların ən çox axın etdiyi məkana çevrilməyə başlayıb.

İşğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərində, həmin torpaqlara Böyük Qayıdışın sürətləndirilməsində bütün qurumlar, habelə cəmiyyətin hər bir fərdi pay sahibi olmağa çalışır. Azərbaycan xalqına uzun illərdən sonra Qələbə sevinci bəxş edən, tariximizə Zəfər günlərini öz şücaəti, cəsarəti ilə həkk etdirən Ordumuzun qəhrəman döyüşçüləri də azad edilmiş ərazilərimizə tarixi dönüşə layiqli töhfələr verirlər. Qalib hərbi qulluqçulara "kürəyini söykəyən" sakinlər öz yurd-yuvalarına arxayın və əminliklə dönə bilirlər.

Odur ki, AZƏRTAC-ın müxbirləri rəşadətli Azərbaycan Ordusunun işğaldan azad edilmiş ərazilərdə fəaliyyətini yaxından izləmək, şərəfli və məsuliyyətli missiyalarını uğurla yerinə yetirən hərbçilərlə görüşmək üçün yollarını hərbi hissələrdən birinə salıblar.

Səfər zamanı əvvəlcə Vətən keşiyində dayanan komandolar üçün yaradılan şəraitlə tanış olmaq imkanı əldə etdik. Belə ki, əsgər yeməkxanası və yataqxanasına baş çəkdikdən sonra, qrupun dağlıq, meşəlik ərazidə fəaliyyəti və idarəetmə siqnallarından istifadə edərək irəliləməsi, o cümlədən snayperlərin dağlıq, meşəlik ərazidə maskalanması və fəaliyyətinə dair təlimləri , həmçinin komandoların fiziki hazırlıq məşqlərini izlədik.

Səfərimiz zamanı komando bölmələrinin bir neçə üzvü ilə həmsöhbət olmaq şansını da dəyərləndirdik. Azad olunmuş ərazilərə qayıdan sakinlərin firavanlığının keşiyində durduqlarını fəxrlə qeyd edən müsahiblərimiz, xidmət etdikləri rayonda aparılan tikinti-quruculuq işlərinin, qəhrəmanların canlarını fəda etdiyi torpaqlarda canlanan həyatın onları sevindirdiyini bildiriblər.

Beş ildən çoxdur ki, Azərbaycan Ordusunda xidmət edən "mavi beretli" hərbi qulluqçumuz gənc yaşlarından həmin şərəfli peşəyə həvəsi olduğunu qeyd edib: "Müddətli həqiqi hərbi xidmət dövründə Azərbaycan Ordusunun sıralarında yer alacağıma dair qərarımı qətiləşdirdim. Nə xoş halıma ki, Ordumuzun sıralarında Vətən müharibəsi zamanı Füzuli, Xocavənd, Cəbrayıl istiqamətlərində döyüşlərdə, həmçinin ondan sonrakı bütün hərbi əməliyyatlarda iştirak etmək şansım oldu. Fəxr edirəm ki, Azərbaycan Ordusunda xidmət edirəm. Azərbaycan Ordusu tarixi Zəfərdən sonra da yenilənməyə, güclənməyə doğru davam edir. Ayıq-sayıqlığımızı itirməyərək, hər hansı təxribata cəhd olarsa, qarşısını almağa, düşmənə layiqli cavab verməyə hazırıq".

Səkkiz ildir Vətən təəssübü çəkən və müxtəlif döyüş tapşırıqlarının iştirakçısı olan digər komandomuz artıq dörd ilə yaxındır ki, komando bölmələrinin üzvü kimi xidmət etdiyini diqqətə çatdırıb: "Vətən müharibəsində Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının düşmən tapdağından xilas edilməsi, lokal xarakterli antiterror əməliyyatında isə Ağdərə uğrunda döyüşmüşəm. Həmçinin Laçının azad olunması əməliyyatının iştirakçılarından biriyəm. Dörd ilə yaxındır ki, komando kimi Vətənə xidmət edirəm. Komando olmaq sevincli bir hissdir. Komandolar ağır təlimləri, peşəkarlıqları, yüksək hazırlıqları ilə fərqlənirlər".

2019-cu ildən ordu sıralarına qoşulan digər komandomuz 44 günlük haqq savaşımızda iştirakından qürur hissi ilə danışıb. O, söhbətinə belə davam edib: "Vətən müharibəsində yaralanmağıma baxmayaraq, qalib Ordunun bir mənsubu kimi xidmət etməyə davam etdim. 2023-cü ildə içimdə özümü komando bölmələrinin üzvü kimi görmək istəyi yarandı. Kurslarda iştirak edərək birinci yeri tutdum və komando olmaq arzumu reallaşdırdım. Komando olmaq üçün fiziki güc, cəldlik, taktiki hazırlıq lazımdır. Zaman keçdikcə gördüm ki, hərbçi olmaq qürurverici hissdir. Buradan ordu sıralarına gəlmək istəyən gənclərə səslənərək demək istəyirəm ki, hərbçi olmaq ən şərəfli peşələrdəndir. Elə bir istəkləri varsa, heç vaxt tərəddüd etməsinlər".

Vətənə layiqli xidmət üçün yaradılan şəraitdən məmnunluğunu ifadə edən hərbi qulluqçumuz ordu mənsublarının əməyini hər zaman yüksək səviyyədə qiymətləndirən Ali Baş Komandana minnətdarlığını bildirib.

Hərbi hissədən yüksək təəssüratlar, fəxr və sevinc hissləri ilə ayrıldıq. Burada hərbi qulluqçularımızın yüksək döyüş hazırlığı, ən yaxşı səviyyədə təminatı, məişət şəraiti, ən əsası onların simasında azad etdikləri ərazilərin keşiyini çəkmək kimi vacib tapşırığın yerinə yetirilməsinin yaratdığı qürur qalib xalqın nümayəndəsi kimi bizi sevindirməyə bilməzdi. Döyüş əzmi, Vətən sevgisi gözlərindən oxunan komandoların bundan sonra da qarşıya qoyulan tapşırıq və əmrlərin icrasını canlarını-qanlarını əsirgəmədən icra edəcəklərinə əminik. Onların dili ilə desək : "Komando bayrağın dalğalanması üçün susan, amma lazım gəldikdə gur səsi ilə danışan qəhrəmandır".

Rəylər

Aşağıdakı məlumatları qeyd edin