Cəbrayıl Rayonunda kənd təsərrüfatının siyahıyaalınmasına həsr olunmuş ümumrayon müşavirəsi keçirilib

17 aprel 2025-ci il tarixdə Cəbrayıl Rayon İcra Hakimiyyətində 2025-ci ildə rayon ərazisində kənd təsərrüfatının siyahıyaalınmasına və cari ilin barama mövsümünə hazırlığın vəziyyətinə həsr olunan müşavirə keçirilib. Müşavirədə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı cənab Kamal Həsənov, idarə, müəssisə və təşkilatların rəhbərləri, inzibati-ərazi dairəsi üzrə nümayəndələr, kənd təsərrüfatının siyahıyaalınması üzrə yaradılmış yardım komissiyasının üzvləri və qabaqcıl barama istehsalçıları iştirak etmişdir.

Müşavirədə Rayon İcra Hakimiyyətinin başçısı cənab Kamal Həsənov çıxış edərək gündəlikdə duran hər iki məsələ ilə bağlı geniş məlumat verdi. Birinci məsələ ilə bağlı Rayon İcra Hakimiyyəti başçısının 17 dekabr 2024-cü il tarixli 5-40/3-3-110/2024 nömrəli Sərəncamı ilə yaradılmış “2025-ci ildə Azərbaycan Respublikasında kənd təsərrüfatının siyahıyaalınması üçün yardım komissiyası”nın sədr müavini, rayon Statistika idarəsinin rəisi Sahib Süleymanov çıxış edərək 2025-ci ilin 15 iyul-15 avqust tarixlərində rayon ərazisində kənd təsərrüfatının siyahıyaalınmasının keçiriləcəyini qeyd etdi. Bildirdi ki, 10 il əvvəl kağız formada aparılmış kənd təsərrüfatının siyahıyaalınmasından fərqli olaraq ilk dəfə ölkə təcrübəsində siyahıalınma planşetlər vasitəsilə həyata keçiriləcəkdir. Bu səbəbdən siyahıyaalınma işinə yalnız informasiya texnologiyalarını bilən və planşetdən sərbəst işləməyi bacaran kadrlar cəlb olunacaqdır. İlkin hesablamalara görə rayon ərazisində 4508 ev təsərrüfatının siyahıyaalma ilə əhatə olunacağı planlaşdırılır. Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş normativlərə uyğun rayonda kənd təsərrüfatı siyahıyaalınmasının keçirilməsi məqsədilə hər 120 təsərrüfata bir nəfər sayıcı olmaqla 38 sayıcının, 4 təlimatçı-nəzarətçinin işə cəlb edilməsi nəzərdə tutulur. Siyahıyaalınma bitdikdən sonra bu məqsəd üçün alınmış planşetlər Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin balansına qaytarılacaqdır.

İkinci məsələ ilə bağlı RİH başçının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Tapdıq Nəsirov və Cəbrayıl DAİM-nin direktoru Şahin Şirinov çıxış edərək bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı” çərçivəsində ölkəmizdə baramaçılığın inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər rayonda öz bəhrəsini verir. Belə ki, baramaçılığın yem bazasının yaradılması məqsədi ilə Biləsuvar rayonu ərazisində Cəbrayıllı məcburi köçkünlər üçün salınmış qəsəbələrdə və rayonun Cocuq Mərcanlı kəndində 2016-2019-cu illərdə ümumilikdə 148,9 min ədəd tut tingi əkilmişdir. Tinglərə vaxtında qulluq göstərilmiş və 70 faizdən çox bitiş alınmışdır. Məhz bunun nəticəsidir ki, 2024-cü ildə baramaçılar tərəfindən rayon üzrə 5234.6 kq təmiz barama tədarük edilərək təhvil verilmişdir

Müşavirədə aidiyyəti məsul şəxslərə qurd saxlanılacaq yerlərin qaydaya salınaraq təmizlənməsi, otaqların əhənglə ağardılması, formalin məhlulu ilə dezinfeksiya edilməsi və digər zəruru hazırlıq tədbirlərinin görülməsi tapşırılmışdır.

Tədbirin sonunda Rayon İcra Hakimiyyətinin başçısı cənab Kamal Həsənov gündəlikdə duran hər iki məsələ ilə bağlı müvafiq tapşırıq və tövsiyyələrini vermişdir.

Cəbrayıl rayon Statistika idarəsinin rəisi

Sahib Süleymanov 

shushainfo.com

Rəylər

Aşağıdakı məlumatları qeyd edin