Füzuli və Cəbrayılın bir qrup sakininə özünüməşğulluq proqramı üzrə avadanlıqlar verilib
Böyük Qayıdış proqramına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərimizə köçürülən sakinlər üçün aktiv məşğulluq tədbirlərini davam etdirir.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Füzuli və Cəbrayıl rayonlarında özünüməşğulluq proqrama cəlb olunan bir qrup sakinə seçdikləri biznes istiqamətləri üzrə avadanlıqlar təqdim edilib. Verilmiş avadanlıqlar hesabına proqram iştirakçıları avtotəmizləmə, un məmulatlarının istehsalı, qadın gözəllik salonu və qəssab dükanı xidmətləri üzrə kiçik biznes sahələrini yaradıblar. Proqram iştirakçıları onlara göstərilən dəstəyə görə Prezident İlham Əliyevə təşəkkürlərini ifadə edib, özünüməşğulluq proqramı çərçivəsində qurduqları təsərrüfatlarını genişləndirməyə səy göstərəcəklərini bildiriblər.
Böyük Qayıdış proqramı çərçivəsində doğma yurdlarına köçürülən sakinlərdən özünüməşğulluq proqramı vasitəsilə kiçik təsərrüfatlarını quranların sayı artıq 262-yə çatıb. Onlardan 66 nəfəri Füzuli və Cəbrayıl rayonlarının sakinləridir.
0 Rəy