“Kənd təsərrüfatının siyahıyaalınması” üzrə Füzuli Rayon Statistika İdarəsinin məruzəsi dinlənilmişdir

03 aprel 2025-ci il tarixdə Füzuli  Rayon İcra Hakimiyyətinin inzibati binasında İcra hakimiyyətinin başçısı cənab Alı Alıyev tərəfindən 2025-ci ildə keçiriləcək olan “Kənd təsərrüfatının siyahıyaalınmasına” dair Füzuli Rayon Statistika İdarəsinin rəisi Rafiq Məstəliyevin məruzə mətni dinlənilmişdir. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 14 fevral tarixli, 3672 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”na əsasən 2025-ci ildə Azərbaycan Respublikasında kənd təsərrüfatının növbəti siyahıyaalınması keçiriləcəkdir.

Bu Sərəncamın icrası olaraq “2025-ci ildə Azərbaycan Respublikasında kənd təsərrüfatının siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 357 nömrəli Qərarı qəbul edilmişdir. Qərara əsasən 2025-ci ilin 15 iyul - 15 avqust tarixlərində keçiriləcək bu tədbirin mütəşəkkil keçirilməsini təmin etmək məqsədilə mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, digər aidiyyəti təşkilatlara müvafiq tapşırıqlar verilmiş və Baş nazirin müavininin sədrliyi ilə İstiqamətləndirici komitə, eləcədə rayonlarda icra hakimiyyəti başçısının müavinin sədrliyi ilə yardım komissiyası yaradılaraq tərkibi təsdiq edilmişdir.

Siyahıyaalma kənd təsərrüfatı istehsalı ilə məşğul olan hüquqi şəxslər tərəfindən siyahıyaalma vərəqələrinin Dövlət Statistika Komitəsinin elektron informasiya sistemində real vaxt rejimində doldurulması yolu ilə, fərdi sahibkarlar, ailə kəndli və ev təsərrüfatları üzrə isə siyahıyaalmaya cəlb ediləcək şəxslər (sayıcılar) tərəfindən planşet tipli kompüterlərdən istifadə olunmaqla sorğu yolu ilə keçiriləcəkdir. Ölkəmizdə ilk dəfə siyahıyaalma planşet tipli kompüterlər vasitəsilə CAPI üsulu ilə keçiriləcəkdir.

Yardım komissiyasının sədr müavini, Füzuli  Rayon Statistika İdarəsinin rəisi Rafiq Məstəliyev  siyahıyaalmaya hazırlıq ilə əlaqədar nəzərdə tutulmuş tədbirlərin ardıcıllığı və siyahıyaalmaya cəlb ediləcək sayıcı və təlimatçıların siyahısının hazırlanaraq təqdim olunması haqqında məlumatları iclas iştirakçılarına çatdırmışdır. Siyahıyaalma işində informasiya texnologiyaları bacarıqları olan və planşetdən sərbəst işləməyi bacaran şəxslərin cəlb olunması ilə bağlı tövsiyələrini qeyd etmişdir. Bütün zəruri dəstəyin Statistika İdarəsi tərəfindən göstərilməsi, sayıcı və təlimatçılara təlimlərin keçirilməsi ilə bağlı məlumatları qeyd xüsusilə vurğulamışdır.

Sonda iclas iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.

shushainfo.com

Rəylər

Aşağıdakı məlumatları qeyd edin