Vətən müharibəsi Şəhidi Xudayar Yusifzadənin anım günüdür
Bu gün 22 oktyabr Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Kiçik - Giziri, Vətən müharibəsi Şəhidi Xudayar Müslüm oğlu Yusifzadənin Şəhid olduğu gündür.
QHT.az xəbər verir ki, Şəhidimiz Xudayar Müslüm oğlu Yusifzadə 15 iyul 1998 - ci ildə Bərdə şəhərində doğulub. 2016 - 2018 - ci illərdə Dövlət Təhlükəsizliyi Xidmətinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Daha sonra isə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edib, Gizir hərbi rütbəsi alıb. 2020 - ci ilin Tovuz döyüşləri zamanı General - Mayor Polad Həşimovun Şəhid olmasından sonra öz istəyi ilə Bərdə Rayon Hərbi Komissarlığına müraciət etmişdir. 27 sentyabr 2020 - ci ildə başlanmış Vətən müharibəsi zamanı əvvəlcə Füzuli rayonunda yerləşən sərhəd məntəqəsində xidmət edib. Daha sonra Cəbrayıl və Zəngilan rayonlarının azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. 22 oktyabr 2020 - ci ildə Zəngilan rayonunun azad edilməsi uğrunda gedən döyüşlər zamanı Zəngilan rayonunun Ağbənd kəndi istiqamətində Şəhid olub, Bərdə şəhərində yerləşən Şəhidlər Xiyabanında dəfn edilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 dekabr 2020 - ci il tarixli sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda" medalı və "Azərbaycan Bayrağı" ordeni ilə, 25 dekabr 2020 - ci il tarixli sərəncamına əsasən isə "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edilmişdir. Ölümündən 2 gün əvvəl şair Əliağa Vahidin "Vətən yaxşıdır!" şeirini mahnı şəkildə ifa etmiş və çox məşhur olmuşdur. Subay idi ALLAH rəhmət eləsin
0 Rəy