Şuşanın azad edilməsində qəhrəmanlıq göstərən Vətən Müharibəsi Qəhrəmanı

 

İşğal altında olan torpaqlarımızın azad olunması uğrunda rəşadətlə döyüşərək şəhid olan qəhrəmanlarımızdan biri də kiçik gizir Nail Nəriman oğlu İbrahimlidir.

Nail İbrahimli 4 may 1994-cü ildə Oğuz rayonunun Xaçmaz kəndində anadan olub. Nail 2000-ci ildə Oğuz rayonu V.İbrahimov adına 2 nömrəli tam orta məktəbin birinci sinfinə gedib. Nail hələ uşaq yaşlarından güləşlə məşğul olaraq bir sıra turnirlərdə uğur əldə edib. 2011-ci ildə orta təhsilini bitirən Nail İbrahimli həqiqi hərbi xidmətə yollanıb. Nail İbrahimli 2012-ci il aprelin 2-də Oğuz Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. Nail 2012-2013-cü illərdə Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin Quba rayonunda yerləşən “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 

2019-cu il oktyabrın 23-də yenidən sənədlərini Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarına təqdim edən Nail İbrahimli həmin hərbi birləşmələrə daxil olub. 3 ay Xudat şəhərində yerləşən “N” saylı hərbi hissədə kurs keçdikdən sonra Nail eyni hərbi hissədə qoşunların xüsusi təyinatlı dəstəsinin “kiçik gizir”i kimi hərbi vəzifəsinə davam edib. Daha sonra Nail İbrahimli öz istəyi ilə Qazax rayonunda yerləşən “N” saylı hərbi hissədə xidmətdə olub. Kəşfiyyat qrupuna daxil edilən Nail İbrahimli təlimlərdə fərqləndiyinə görə xüsusi təyinatlılar bölüyünə daxil olunub.

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən Müharibəsində  Nail İbrahimli pulemyotçu kimi döyüşüb. Nail İbrahimli Vətən Müharibəsi zamanı Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Nail Xudafərin körpüsü istiqamətində gedən döyüşlərdə istifadə etdiyi taktikalara görə xüsusilə fərqlənib. 

Vətən Müharibəsi Qəhrəmanı, Elvin Səfərov mediaya açıqlamasında bildirib ki, kiçik gizir Nail İbrahimli pulemyotçu kimi dəstədə çətin və vacib vəzifələri yerinə yetirib: “Nail İbrahimlinin döyüşdə istifadə etdiyi silahı “Hücum” və “PK” pulemyotları idi. Ona və onun dəstəsinə bir çox mühüm əməliyyatlardan sonra Azərbaycan tərəfinin Şuşa istiqamətində irəliləməsinə şərait yaradacaq, döyüş aktivliyini artıracaq və avantaj və üstünlük qazandıracaq əməliyyatda mühüm tapşırıq verildi. “Nöqtə” əməliyyatında üstünlüyü əldə edən dəstə 8 noyabr 2020-ci ildə Şuşa şəhərinin mərkəzində növbəti tapşırığı icra etdi. Bu tapşırıq nəticəsində üstünlük Azərbaycan tərəfinin olacaq və Şuşanın azad edilməsi üzrə əməliyyatlar sonlanacaqdı. Sağ və sol istiqamətdən edilən əks-hücumda tapşırıqda deyildiyi kimi, öndə əməliyyat aparan və tapşırığın mühüm hissəsini icra edən Nail İbrahimli 8 noyabr tarixində Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən həlak oldu”. 

2020-ci il  noyabrın 8-də Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən şəhid olan Nail İbrahimlinin nəşi  noyabrın 12-də Oğuz rayonunun Xaçmaz kəndinə gətirilərək Şəhidlər Xiyabanında dəfn edilib. 

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunan ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulan döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən kiçik gizir Nail İbrahimliyə “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib. 

Bundan başqa Nail İbrahimli Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulan tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və  “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin adının əbədiləşdirilməsi üçün də tədbirlər görülüb. Oğuz şəhər 3 nömrəli məktəb-lisey Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin adını daşıyır. Həmçinin Oğuz rayonunun Xaçmaz kəndindəki küçələrdən birinə Nail İbrahimlinin adı verilib.

Bu yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Təhsilə Dəstək Mərkəzi” İctimai Birliyinin icra etdiyi “Şərqi Zəngəzur məktəblərində Vətən Müharibəsi Qəhrəmanlarının təbliği” layihəsi çərçivəsində hazırlanıb. Yazının məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin