Türk dünyasının arxeoloq və alimləri Şuşada bir araya gəliblər

Türk Akademiyası və AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun birgə təşkilatçılığı ilə sentyabrın 14-dən 18-dək Şuşa şəhərində Türk Dünyası Tədqiqat İnstitutları və Arxeologiya Mərkəzləri Birliyinin (The Association of Research Institutes and Centers of Archaeology of the Turkic World – ARICA) ilk rəsmi toplantısı keçirilib.

Tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Macarıstan, Özbəkistan (o cümlədən Qaraqalpaq Muxtar Respublikası) və Tatarıstandan (Rusiya Federasiyası) elmi-tədqiqat mərkəzlərinin nümayəndələri iştirak ediblər.

Türk Akademiyasının prezidenti Şahin Mustafayev tədbirin Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilməsinin bütün Türk dünyası üçün simvolik olduğunu vurğulayıb. Bildirib ki, tədbirin əsas məqsədi Türk dünyasının arxeologiya mərkəzlərinin, institutlarının əməkdaşlığını gücləndirməkdir. Bu sahədə müştərək arxeoloji qazıntıların, müxtəlif tədbirlərin, o cümlədən müştərək elmi araşdırmaların aparılması planlaşdırılır.

Arxeologiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyev işğaldan azad edilmiş Azərbaycan torpaqlarında aparılan bərpa və quruculuq işləri kontekstində arxeoloqların üzərinə düşən vəzifələrdən danışıb. O, gələn ildən etibarən türk xalqlarının arxeoloji irsinin öyrənilməsi yönündə böyük layihənin icrasına başlanılacağını diqqətə çatdırıb.

Tədbirin “Türk-islam irsinin tədqiqatları” və “Türk xalqlarının Avrasiyada mədəni təsirləri” mövzuları üzrə sessiyalarında təqdimatlar olub.

Sonda ARICA-nın Şuşa toplantısının qətnaməsi qəbul olunub. Qətnamədə Türk dünyasının arxeoloji irsinin araşdırılmasında qarşılıqlı əməkdaşlığın istiqamətləri öz əksini tapıb.

Tədbir iştirakçıları işğal dövründə erməni işğalçılarının törətdiyi vandalizm aktlarını sübut edən qəbiristanlıq və məscidlərin, yaşayış məskənlərinin dağıntıları, azad edilmiş ərazilərdəki bərpa-quruculuq işləri ilə tanış olub, həmçinin arxeoloji qazıntı aparılan ərazilərə baş çəkiblər.

Qeyd edək ki, 2023-cü ilin 9-10 noyabrında Özbəkistanın Səmərqənd şəhərində keçirilən Türk Dünyası Arxeologiya İnstitutu və Mərkəzləri Rəhbərlərinin işçi toplantısında bu sahədə müvafiq qurumun yaradılması razılaşdırılıb və ARICA təsis olunub. ARICA-nın məqsədi Türk dünyasının arxeologiya mərkəzlərinin, institutlarının əməkdaşlığını təşviq etmək, birgə tədqiqatlar, ekspedisiyalar həyata keçirmək, mütəxəssislər hazırlamaq və elmi ədəbiyyat nəşr etməkdir.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin