18 sentyabr ölkəmizdə hər il Milli Musiqi Günü kimi qeyd olunur

Mədəniyyət tariximizin ilklərini yazan Üzeyir bəyin 139 yaşı tamam olur

 

Azərbaycanda klassik musiqinin, milli bəstəkarlıq məktəbinin, ilk milli opera və operettanın yaradıcısı, eləcə də mədəniyyət tariximizin qızıl səhifələrini təşkil edən bir çox ilklərin müəllifi Üzeyir Hacıbəylinin doğum günü – 18 sentyabr ölkəmizdə hər il Milli Musiqi Günü kimi qeyd olunur.

18 sentyabr hələ sovet dövründə dahi bəstəkarın adı ilə mədəniyyət təqvimimizdə öz yerini haqq etmişdi. Xüsusilə, 80-ci illərdə bu gün musiqi axşamları, konsert proqramları ilə qeyd olunurdu.

Azərbaycanın müstəqilliyini bərpa etməsi zəngin mədəniyyətimizin, o cümlədən musiqi sənətimizin və onun ən böyük dühası Üzeyir bəyin ölməz irsinin dünyaya daha geniş miqyasda tanıdılması üçün də imkanlar açdı.

Müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyev 1995-ci il sentyabrın 1-də dahi bəstəkarın anadan olmasının 110 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam, sentyabrın 18-də isə “Üzeyir musiqi gününün keçirilməsi haqqında” fərman imzaladı.

Bu tarixi fərmanda onun dahi Azərbaycan bəstəkarı, milli operanın banisi, böyük musiqişünas-alim, publisist və pedaqoqun Azərbaycan musiqi sənətinin inkişafında misilsiz xidmətləri nəzərə alınaraq, böyük sənətkara xalq ehtiramını və məhəbbətini təcəssüm etdirmək məqsədilə imzalandığı vurğulanırdı. Fərmanla   Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə hər il sentyabr ayının 18-də Üzeyir musiqi gününün keçirilməsini təmin etmək tapşırıldı.

Beləliklə, Üzeyir bəyin dünyaya gəldiyi gün milli musiqi bayramı kimi mədəniyyət təqvimimizə yazıldı.

2009-cu ildə isə dahi bəstəkarın adı ilə şərəflənən Beynəlxalq Musiqi Festivalının əsası qoyuldu. Hər il sentyabrın 18-də başlanan və müxtəlif ölkələrdən musiqi kollektivlərini, ifaçıları, dirijorları, musiqişünasları bir araya gətirən beynəlxalq festival bu il 16-cı dəfə təşkil olunur.

18-28 sentyabr tarixlərində Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı keçiriləcək. İştirakçı coğrafiyası bu il daha da genişlənən festivala ABŞ, Rusiya, Almaniya, İspaniya, Avstriya, Xorvatiya, Koreya, Türkiyə, Braziliya, Hindistan və digər ölkələrdən musiqiçi və kollektivlər dəvət olunub.

Artıq dördüncü ildir (2021-ci ildən) bu bayramın sədası Üzeyirin doğma şəhərindən – Azərbaycan mədəniyyətinin paytaxtı Şuşadan da gələcək. Həmçinin bu il festival konsertləri Bakıdan Gəncəyə, Şəmkirə, Qəbələyə, Naxçıvana və Lənkəranadək geniş coğrafiyanı əhatə edəcək.

Bir sözlə, yurdda bayramdır – musiqi, sənət, mədəniyyət bayramı.

Mövludu bayram olan dahi, doğum günün mübarək olsun!

Rəylər

Aşağıdakı məlumatları qeyd edin