Bakı zindanındakı Arayik Ermənistandakı qohumlarına hansı mesajı verdi?..

“Erməni ictimaiyyətinə xatırladırıq ki, adları çəkilən cinayətkar şəxslərin  Azərbaycan torpaqlarının 32-33 illik işğalı dövründə nəinki Azərbaycan qanunlarına, beynəlxalq hüquqa və ümumbəşəri dəyərlərə də zidd fəaliyyətləri nəticəsində on minlərlə insanımız şəhid olub, on minlər şikəst qalıb, əsir və girov düşüb, 1 milyona yaxın vətəndaşımız qaçqın və köçkün həyatı sürüb...”

Azərbaycan Respublikasının Yuxarı Qarabağ ərazisində  32 il ərzində Rusiyanın himayəsi altında fəaliyyət göstərmiş  separatçı-terrorçu rejimin keçmiş “prezident”ləri Bako Saakyan, Arayik Arutyunyan, sabiq “dövlət naziri” Ruben Vardanyan və qondarma “özünümüdafiə ordusu”nun keçmiş komandiri Levon Mnatsakanyanın səhhətinin vəziyyəti açıqlanıb. 

Moderator.az xəbər verir ki, bu haqda  “Joqovurd” qəzeti guya yüksək məlumatlı mənbələrinə istinadla informasiya əldə edib.

Məlumatda deyilir ki, guya “Levon Mnatsakanyanın şəkər xəstəliyi ilə bağlı ciddi problemləri var və həbsxana şəraitində xəstəlik daha da ağırlaşıb. Bako Saakyanın da qan təzyiqi və ürək-damar sistemində ciddi problemləri var. Ruben Vardanyanın ailəsi aprel ayında onun aclıq aksiyası keçirdiyini elan edərək, bütün erməni məhbusların dərhal azad edilməsini tələb edib. Onun da səhhəti aclıq aksiyası və saxlanma şəraitinin pis olması səbəbindən pisləşib”.

Erməni nəşrinin yazdığından belə çıxır ki, guya R.Vardanyan apreldən indiyədək aclıq aksiyası keçirir. Bu da inanılmazdır…

“Arayik Arutyunyan isə qohumları ilə söhbəti zamanı açıq şəkildə bildirib ki, onların qayıdışlarından ümidlərini kəsməli və onlarsız yaşamalıdırlar”, - Ermənistan qəzeti belə yazır.

P.S. Erməni nəşrinə və ümumiyyətlə, erməni ictimaiyyətinə xatırladırıq ki, adları çəkilən cinayətkar şəxslərin  Azərbaycan torpaqlarının 32-33 illik işğalı dövründə nəinki Azərbaycan qanunlarına, beynəlxalq hüquqa və ümumbəşəri dəyərlərə də zidd fəaliyyətləri nəticəsində on minlərlə insanımız şəhid olub, on minlər şikəst qalıb, itkin və əsir düşüb, 1 milyona yaxın vətəndaşımız qaçqın və köçkün həyatı yaşayıb. Üstəlik, həmin dövr ərzində on minlərlə didərgin həyatı yaşayan insanımız torpaq həsrətinə dözməyərək neçə cür sağalmaz xəstəliklərdən dünyasını dəyişib və yüz minlərimiz hələ də bu işğalın fəsadlarını yaşamaqdayıq…

Bu cinayətkarlar Qarabağdakı ermənilərin özlərinə qarşı da bir sıra cinayətlər törədərək onların həyatının ağırlaşmasına səbəb olublar… Odur ki, bu separatçı-terrorçular xəstə olsalar da belə, Azərbaycan həbsxanasında, özü də normal şəraitdə haqlı cəzalarını çəkirlər… 

S.Laçın  

Rəylər

Aşağıdakı məlumatları qeyd edin