Rusiya İrəvanın işğalını bayram etdi – Qacarların 199 il öncəki məğlubiyyətinə diplomatik "ehtiram"

Ermənistanın paytaxtı İrəvanda Rusiya imperiyasının 199 il əvvəl Qacarlar dövlətinin hakimiyyəti altında olan İrəvan qalasını ələ keçirməsi münasibətilə mərasim keçirilib.

Musavat.com xəbər verir ki, mərasim İrəvanın Noraqyuğ məhəlləsində, Paskeviç təpəsində təşkil olunub.

Tədbirdə Rusiya diplomatları, Rossotrudniçestvo təşkilatının, Moskva Evinin və Ermənistan Veteranlar Birliyinin nümayəndələri iştirak ediblər.

İştirakçılar Rusiya imperiyasının sərkərdəsi, general-feldmarşal, İrəvan qrafı titulunu daşımış İvan Paskeviçin abidəsi önünə gül dəstələri qoyublar.

Ermənistan Veteranlar Birliyinin sədri Simon Yesayan mərasimdə çıxış edərək bildirib:

“1827-ci il oktyabrın 1-də köhnə təqvimlə məhz burada Ermənistan və Rusiya tarixində dərin iz qoymuş hadisə baş verib”.

Qeyd edək ki, söhbət 1826–1828-ci illərdə Rusiya imperiyası ilə Qacarlar dövləti arasında baş vermiş ikinci Rusiya–Qacar müharibəsindən gedir.

Həmin dövrdə İrəvan xanlığı Qacarlar dövlətinin hakimiyyəti altında idi. İrəvan qalası isə bölgənin əsas hərbi-strateji istehkamlarından biri sayılırdı.

1827-ci ildə Rusiya qoşunları general İvan Paskeviçin komandanlığı altında İrəvan üzərinə hücuma keçiblər.

Qalanın müdafiəsinə Qacarlar dövlətinin İrəvandakı hakimi Hüseynqulu xanın qardaşı Həsən xan rəhbərlik edirdi.

Güclü artilleriya atəşindən və mühasirədən sonra 1827-ci il oktyabrın 1-də İrəvan qalası Rusiya qoşunlarının əlinə keçib.

Bu hadisə Rusiya imperiyasının Cənubi Qafqazda mövqelərini gücləndirməsində mühüm mərhələ olub.

1828-ci il fevralın 10-da Rusiya imperiyası ilə Qacarlar dövləti arasında Türkmənçay müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, İrəvan və Naxçıvan xanlıqları Rusiya imperiyasına verilib.

Bundan sonra Rusiya hakimiyyəti İrəvan və Naxçıvan xanlıqlarının ərazilərində Erməni vilayəti yaradıb.

Türkmənçay müqaviləsinin XV maddəsi Qacarlar dövlətinin ərazisindən köçmək istəyənlərə müəyyən hüquqlar tanıyırdı. Müqavilədən sonra Qacarlar dövlətinin ərazilərindən ermənilərin İrəvan, Naxçıvan və digər bölgələrə köçürülməsi həyata keçirilib.

Tarixi baxımdan diqqətçəkən məqam odur ki, 1827-ci ildə Rusiya qoşunlarının ələ keçirdiyi İrəvan qalası müstəqil Ermənistan dövlətinin deyil, Qacarlar dövlətinin hakimiyyəti altındakı İrəvan xanlığının ərazisində yerləşirdi.

İvan Paskeviç isə İrəvan qalasının alınmasına görə Rusiya imperiyası tərəfindən yüksək mükafatlandırılıb və ona İrəvan qrafı titulu verilib.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin