Paşinyan “stulsuz” qala bilər – kritik mərhələ

2026-cı ilin mayında Şirak vilayətinin Maralik icmasında seçkiqabağı kampaniya çərçivəsində Paşinyan bəyan etmişdi ki, “ən geci iki ildən sonra Ermənistanla Avropa İttifaqı arasında sadələşdirilmiş viza rejimi olacaq”. Lakin parlament seçkilərindən sonra, artıq 2026-cı ilin avqustunda Paşinyan Milli Assambleyada hakimiyyətin Aİ ilə viza rejiminin liberallaşdırılmasına 2029-cu il ərzində nail olmaq niyyətində olduğunu bildirib.

Paşinyan: Ermənistan Rusiya əleyhinə kampaniyaya cəlb olunmayacaq

Musavat.com-un məlumatına görə, Paşinyan administrasiyası yerli medianın Ermənistanla Avropa İttifaqı arasında viza rejiminin liberallaşdırılması ilə bağlı onun açıqladığı müddətlərin niyə dəyişdiyi barədə sualını cavablandırıb. Müddətlərin dəyişdirilməsinin səbəbini izah etmək xahişinə hökumət gecikmiş cavabında bildirib ki, Ermənistan-Avropa İttifaqı arasında viza rejiminin liberallaşdırılması üzrə Fəaliyyət Planını aldığı ilk gündən Nazirlər Kabineti prosesin mümkün qədər qısa müddətdə irəlilədilməsi məqsədilə nəzərdə tutulan addımların həyata keçirilməsinə başlayıb. Hökumət diqqətə çatdırıb ki, hazırda Ermənistan Avropa İttifaqının viza rejiminin liberallaşdırılması məsələsi üzrə fəal dialoq apardığı yeganə dövlətdir. “2029-cu il Ermənistan hökumətinin üzərinə götürdüyü siyasi öhdəlikdir və bizim üçün son tarix kimi müəyyən edilib. Hökumətin 2026–2031-ci illər üçün proqramının təqdim edilməsi mərhələsində Nazirlər Kabineti bütün işlərin 2029-cu ilədək tam şəkildə həyata keçirilməsini real hesab edib”, – deyə hökumət Sputnik Ermənistanın sorğusuna cavab olaraq bildirib.

Baş nazirin aparatında əlavə ediblər ki, Ermənistan hökuməti müxtəlif tədbirlərin həyata keçirilmə tempini qiymətləndirməkdə və yenidən nəzərdən keçirməkdə davam edir. Çünki bu tədbirlər çoxşaxəlidir və bir çox sahələri əhatə edir. Prosesə böyük ölçüdə Aİ-nin qiymətləndirmə missiyaları da təsir göstərir. Bu missiyaların Ermənistana səfərləri müntəzəm xarakter daşıyacaq. “Hədəfimiz yalnız göstərilən müddətə çatmaq deyil, həm də imkan yarandığı təqdirdə zəruri tədbirləri daha qısa müddətdə həyata keçirmək və Ermənistan vətəndaşlarına Avropa İttifaqına vizasız daxil olmaq imkanı yaratmaqdır”, – deyə hökumət vurğulayıb.

Xatırladaq ki, Ermənistanla Avropa İttifaqı arasında viza rejiminin liberallaşdırılması üzrə danışıqlar 2024-cü ilin dekabrında İrəvanda rəsmi olaraq başlayıb. Ermənistanın daxili işlər naziri Arpine Sarkisyan daha əvvəl Avropa İttifaqı ilə viza rejiminin liberallaşdırılması prosesində əhəmiyyətli irəliləyiş əldə edildiyini bildirib. Rəsmi Moskva davamlı şəkildə Ermənistandan Aİ və Aİİ arasında seçim etməyi tələb edib. Kreml rəsmi İrəvanın strateji seçimlə bağlı referenduma getməsini istəyir. Rusiya iki stulda oturmaq istəyən Paşinyan hakimiyyətinə davamlı şəkildə xəbərdarlıqlar edir.

Mövcud durumu necə şərh etmək olar? Hakimiyyətin arqumentləri əsaslıdırmı? Faktiki olaraq Ermənistan nə, Rusiya, nə də Aİ-nin yanındadır. “İki stulda oturmaq” siyasəti stulsuz qalmaqla yekunlaşa bilərmi?

Siyasi şərhçi Tural İsmayılov Musavat.com-a bildirib ki, Avropa İttifaqı Ermənistanın qarşısında viza liberallaşdırılması ilə bağlı konkret şərtlər qoyur, Ermənistan hakimiyyəti isə siyasi vədlərin niyə dəyişdiyini izah etməyə çalışır: “Lakin burada diqqət çəkən məqam Aİ-nin mövqeyindən daha çox İrəvanın öz vədləri ilə bağlıdır. Paşinyanın seçkiqabağı kampaniya zamanı ən geci iki ildən sonra sadələşdirilmiş viza rejiminin tətbiq olunacağını bildirməsi, seçkilərdən sonra isə 2029-cu ili hədəf göstərməsi Ermənistan hakimiyyətinin cəmiyyət qarşısında verdiyi vədlərin nə qədər elastik olduğunu nümayiş etdirir. İndi isə bu dəyişiklik Aİ-nin qiymətləndirmə missiyaları, prosesin çoxşaxəliliyi və müxtəlif texniki tələblərlə izah edilir. Halbuki siyasi məsuliyyətin məntiqi kifayət qədər sadədir: hökumət iki illik müddət elan edibsə, bu müddətin hansı real hesablamalara əsaslandığını da əvvəlcədən bilməli idi. Əgər həmin hesablamalar doğru olmayıbsa, problem yalnız prosesin mürəkkəbliyində deyil, siyasi vədlərin reallıqdan daha sürətli təqdim edilməsindədir”.

Tural İsmayılov: İranın mollakratiya şüuru özünə yeni düşmən axtarır

T.İsmayılov qeyd edib ki, burada İrəvanın siyasi ritorikasında daha bir ziddiyyət ortaya çıxır: “Ermənistan hakimiyyəti bir tərəfdən Avropa İttifaqı ilə yaxınlaşmanı strateji istiqamət kimi təqdim edir, digər tərəfdən isə bu yaxınlaşmanın konkret nəticələrini uzunmüddətli perspektivə keçirir. Vətəndaşa “Avropaya inteqrasiya edirik” mesajı verilir, lakin həmin inteqrasiyanın ən konkret və gündəlik nəticələrindən biri olan vizasız rejim üçün tarix 2029-cu ilə qədər uzadılır. Bu isə Avropa istiqamətində siyasi şüarlarla real nəticələr arasındakı fərqi daha görünən edir. Üstəlik, Ermənistanın Avropaya inteqrasiya siyasətinin arxasında yalnız demokratik və institusional motivlər axtarmaq da kifayət etmir. İrəvan son illərdə xarici siyasətini Rusiya ilə münasibətlərdən uzaqlaşmaq və Avropa strukturlarına yaxınlaşmaq istiqamətində dəyişir. Bununla yanaşı, Rusiya ilə iqtisadi və təhlükəsizlik əlaqələrinin tamamilə aradan qalxmadığı da ortadadır. Belə vəziyyətdə Ermənistanın “çoxvektorlu siyasət” adlandırdığı yanaşma əslində ciddi strateji ziddiyyətlər yaradır. İki stulda oturmaq siyasətinin problemi də məhz budur. Bir müddət müxtəlif tərəflərlə paralel münasibətlər saxlamaq mümkün görünə bilər. Amma geosiyasi rəqabət dərinləşdikcə tərəfdaşlar münasibətlərdə daha aydın seçimlər, öhdəliklər və davranış gözləməyə başlayırlar. Ermənistan isə həm Rusiya ilə əvvəlki əlaqələrin imkanlarından yararlanmaq, həm də Avropa inteqrasiyasının siyasi və iqtisadi üstünlüklərini əldə etmək istəyir. Bu iki istiqamətin maraqları getdikcə daha çox toqquşduqda manevr sahəsinin daralması qaçılmaz problemə çevrilə bilər”.

T.İsmayılovun sözlərinə görə, viza məsələsi də bu baxımdan kifayət qədər simvolikdir: “Ermənistan hakimiyyəti Avropaya inteqrasiyanı daxili siyasi legitimlik üçün mühüm mesajlardan birinə çevirib. Lakin bu inteqrasiyanın nəticəsi olaraq təqdim edilən vizasız rejim hələ konkret siyasi vədlərin arxasında deyil, uzunmüddətli şərtlər və qiymətləndirmələr zəncirinin sonunda dayanır. Buna görə də Paşinyanın əvvəlki vədinin 2029-cu il hədəfinə çevrilməsi İrəvanın Avropa siyasətinin reallıqla toqquşduğu məqamlardan biri kimi qiymətləndirilə bilər”.

Ekspert vurğulayıb ki, əslində, Ermənistanın qarşısında seçim təkcə Rusiya və Avropa arasında deyil: “Əsas seçim real dövlət strategiyası ilə siyasi ritorika arasındadır. Xarici siyasətdə müxtəlif istiqamətlərə eyni vaxtda mesaj vermək mümkündür, amma bunun davamlı olması üçün iqtisadi, təhlükəsizlik və diplomatik imkanlar da kifayət qədər güclü olmalıdır. Əks halda çoxvektorlu siyasət manevr imkanından daha çox siyasi qeyri-müəyyənliyə çevrilir. Bu mənada “stulsuz qalmaq” ifadəsi qaçılmaz nəticə kimi deyil, Ermənistanın qarşılaşa biləcəyi strateji riskin metaforası kimi başa düşülməlidir. İrəvanın əsas problemi odur ki, həm Moskva, həm də Brüssel istiqamətində eyni anda maksimum siyasi dividend əldə etmək cəhdi müəyyən mərhələdən sonra əvvəlki qədər rahat olmaya bilər. Ermənistanın xarici siyasətində ziddiyyətlər dərinləşdikcə hər iki tərəfi eyni dərəcədə razı salmaq daha çətin olacaq”.

T.İsmayılov əlavə edib ki, Paşinyan hakimiyyətinin qarşısında indi daha bir sınaq dayanır: “2029-cu ilədək verdiyi Avropa vədlərini real nəticəyə çevirə biləcəkmi? Çünki siyasətdə tarix elan etmək asandır, həmin tarixi nəticə ilə doldurmaq isə tamam başqa məsələdir. Ermənistan hakimiyyətinin bu məsələdə məsuliyyəti Aİ-nin üzərinə atmaqla deyil, öz vətəndaşlarına verdiyi vədlərin arxasında dayanmaqla ölçülməlidir”.

E.Paşasoy,

Rəylər

Aşağıdakı məlumatları qeyd edin