Ermənistan Rusiyanı alçaldır, Moskva “sinəsinə çəkir” – 300 illik dayağı itirmək qorxusu

Ermənistanın son illərdə Rusiyadan siyasi və təhlükəsizlik baxımından uzaqlaşmasına baxmayaraq, Moskva İrəvanla əlaqələri qorumaq üçün bütün imkanlardan istifadə etməyə çalışır.

Musavat.com xəbər verir ki, bu dəfə ön plana mədəniyyət, dil, din və tarixi əlaqələr çıxarılıb. İrəvan və Gümrüdə Rusiyanın Mənəvi Mədəniyyət Günlərinə start verilib.

Açılış mərasimində Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy iştirak edib. Tədbirlər çərçivəsində fotosərgi açılıb, Rusiyanın ən qədim xor kollektivlərindən biri olan Xor ifaçılığı ustaları Akademik Böyük Xoru İrəvanda çıxış edib. Proqram Gümrüdə də davam etdiriləcək.

Şvıdkoyun açıqlamaları isə tədbirin mədəni çərçivəsindən xeyli kənara çıxıb.

O, Ermənistanı yüksək mənəviyyat ölkəsi adlandıraraq rus və erməni xalqları arasında əlaqələrin siyasi proseslərdən asılı olmayacağını bildirib. Şvıdkoyun fikrincə, erməni və rus xalqları mövcud olduqca onların arasında mədəni əlaqələr və dialoq da davam edəcək.

“Bunu siyasətçilərdən heç kim soruşmayacaq. İnanın mənə, bu, siyasi təlatümlərdən asılı deyil. Bu, xalqın iradəsidir”, – Rusiya Prezidentinin xüsusi nümayəndəsi bildirib.

Bu sözlər Moskvanın Ermənistana münasibətdə hazırkı siyasətinin mahiyyətini də göstərir. İrəvan siyasi və təhlükəsizlik sahəsində Rusiyadan məsafəni artırdıqca Moskva Ermənistanla bağların tam qopmaması üçün mədəni və humanitar əlaqələri daha çox ön plana çıxarır.

Bu münasibətlərin arxasında isə 300 ildən artıq tarixi proses dayanır.

Hələ 1724-cü ildə I Pyotrun dövründə Rusiya hakimiyyəti ermənilərin Xəzəryanı ərazilərdə yerləşdirilməsini təşviq edən qərarlar qəbul etmişdi. Sonrakı mərhələdə Rusiya imperiyasının Cənubi Qafqaza doğru genişlənməsi regionun siyasi və demoqrafik xəritəsini əsaslı şəkildə dəyişdirdi.

1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələrindən sonra Rusiya imperiyası Cənubi Qafqazda böyük əraziləri, o cümlədən İrəvan və Naxçıvan xanlıqlarını öz hakimiyyəti altına aldı.

Türkmənçay müqaviləsindən sonra isə İran ərazisindən çoxsaylı ermənilərin Rusiya imperiyasının yeni nəzarətə götürdüyü ərazilərə köçürülməsi baş verdi. Bu proses regionun sonrakı demoqrafik və siyasi inkişafına ciddi təsir göstərdi.

Beləliklə, Rusiyanın erməni amili ilə Cənubi Qafqaz siyasəti 300 ildən artıq tarixə malikdir. XVIII əsrin əvvəllərindən başlayaraq Rusiya imperiyası erməni siyasi və dini dairələri ilə əlaqələri regiondakı siyasətinin elementlərindən birinə çevirdi, XIX əsrdə isə bu münasibətlər daha sistemli xarakter aldı.

Sonrakı tarixi mərhələlərdə də Rusiya Ermənistanın siyasi taleyinə birbaşa təsir göstərən əsas böyük güclərdən biri olaraq qaldı. Müasir Ermənistan dövlətinin formalaşmasına gətirib çıxaran tarixi proseslərdə əvvəlcə Rusiya imperiyasının, daha sonra isə Sovet Rusiyasının və SSRİ-nin rolu böyük olub.

Bu səbəbdən Moskvanın Ermənistanı Cənubi Qafqazdakı ənənəvi siyasi və strateji dayaqlarından biri kimi görməsi təsadüfi deyil.

İndi isə 300 ildən artıq müddətdə formalaşmış həmin təsir sistemi ciddi sınaq qarşısındadır.

2018-ci ildən sonra, xüsusilə Nikol Paşinyanın hakimiyyəti dövründə Ermənistanın xarici siyasətində Rusiyadan uzaqlaşma meyli güclənib. İrəvan KTMT-də iştirakını dondurub, Rusiya hərbi və sərhəd strukturlarının ölkədəki bəzi funksiyalarını məhdudlaşdırıb və paralel olaraq Avropa İttifaqı ilə siyasi, təhlükəsizlik və müdafiə əməkdaşlığını genişləndirib.

Bu prosesdə 2020-ci il Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilmiş lokal xarakterli antiterror tədbirləri də mühüm dönüş nöqtələri oldu. Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsində Ermənistan ordusunu məğlubiyyətə uğradaraq ərazilərinin böyük hissəsini işğaldan azad etdi və 30 ilə yaxın davam edən işğala son qoydu. 2023-cü ilin sentyabrında keçirilmiş lokal xarakterli antiterror tədbirlərindən sonra isə Azərbaycan Qarabağ üzərində suverenliyini tam bərpa etdi.

Bu hadisələr Ermənistan üçün həm də Rusiyanın əvvəlki kimi onun təhlükəsizliyinə təminat verə bilmədiyini göstərən ciddi dönüş nöqtəsinə çevrildi. Ermənistan uzun illər hərbi və təhlükəsizlik baxımından Rusiyaya arxalansa da, 2020-ci ildə Azərbaycan Ordusunun qətiyyətli həmlələri nəticəsində məğlubiyyətə uğradı, 2023-cü ildə isə Azərbaycan dövləti bütün ərazisində suverenliyini tam bərpa etdi.

Azərbaycan Ordusunun gücü, Azərbaycan xalqının qətiyyətli mübarizəsi və ən əsası, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi və cəsarəti regionda 30 ilə yaxın davam etmiş vəziyyəti dəyişdirdi. Ermənistan üçün artıq aydın oldu ki, Rusiyaya arxalanmaq Azərbaycanın bu qətiyyətinin qarşısını almağa və əvvəlki vəziyyəti qoruyub saxlamağa imkan vermir.

Bu proses Ermənistanın Rusiyadan uzaqlaşmasını sürətləndirən əsas amillərdən birinə çevrildi. İrəvan uzun illər əsas təhlükəsizlik dayağı hesab etdiyi Rusiyanın əvvəlki status-kvonu qorumaq imkanında olmadığını gördükdən sonra xarici siyasət və təhlükəsizlik istiqamətində alternativlər axtarmağa, Qərblə münasibətləri genişləndirməyə başladı.

Beləliklə, Moskva üçün məsələ artıq təkcə Rusiya-Ermənistan ikitərəfli münasibətlərindən ibarət deyil. Söhbət Rusiyanın Cənubi Qafqazda uzun müddət malik olduğu siyasi və təhlükəsizlik təsir imkanlarının daralmasından gedir.

Ermənistanın Moskvanın orbitindən daha da uzaqlaşması Rusiyanın regionda, o cümlədən Azərbaycan və Türkiyə ilə münasibətlər və rəqabət kontekstində ənənəvi təsir vasitələrindən birinin zəifləməsi deməkdir. Bu səbəbdən Moskvanın İrəvanla əlaqələri tamamilə itirmək istəməməsi geosiyasi baxımdan anlaşılandır.

Məhz bu fonda Rusiyanın Ermənistanda keçirilən mədəniyyət günlərinə belə yüksək siyasi səviyyədə əhəmiyyət verməsi diqqət çəkir. Rusiya Prezidentinin xüsusi nümayəndəsinin İrəvana gəlməsi, erməni xalqına xüsusi mesajlar səsləndirməsi və iki xalqın əlaqələrinin siyasətdən üstün olduğunu vurğulaması adi mədəni tədbirdən daha geniş məna daşıyır.

Üstəlik, Moskva qarşılıqlı jesti də əvvəlcədən elan edir.

Rusiyanın Ermənistandakı səfirliyinin müşavir-elçisi Maksim Seleznyov bildirib ki, noyabr ayında Rusiyada Ermənistan Mədəniyyəti Günlərinin keçirilməsi planlaşdırılır.

Yəni İrəvanın Moskva ilə siyasi məsafəni artırdığı, Qərblə əlaqələrini genişləndirdiyi bir vaxtda Rusiya Ermənistanla qalan körpüləri qorumağa çalışır. Hazırkı mərhələdə bunun əsas vasitələrindən biri yumşaq gücdür – mədəniyyət, dil, din və xalqlararası əlaqələr.

300 ildən artıqdır erməni amilini Cənubi Qafqaz siyasətinin mühüm elementlərindən biri kimi görən Moskva indi həmin təsirin zəifləməsi ilə üzləşib. Buna görə də İrəvanın hər yeni uzaqlaşma addımından sonra Rusiya qapını bağlamaq əvəzinə münasibətləri başqa kanallardan saxlamağa çalışır.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin