İrəvandan Moskvaya YENİ demarş – Simonyan elə söz dedi ki...
Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Türkiyədən ölkəsinin suverenliyinə qarşı heç bir təhlükə görmədiyini bəyan edib. Bu barədə o, İrəvandakı brifinq zamanı jurnalistlərə bildirib.
“Türkiyə tərəfindən Ermənistanın suverenliyinə təhlükə görmürəm. 2026-cı ildir və mən təhlükə görmürəm, demək olar ki, avqustun 8-dən (Azərbaycanla Vaşinqton sazişinin imzalanması - red.) bəri heç bir təhlükə görmürəm”, - Alen Simonyan deyib.
Onun sözlərinə görə, Ermənistan və Azərbaycan arasında avqustun 8-də saziş imzalandıqdan bəri bu cür təhlükələr müşahidə olunmayıb.
Türkiyədən Ermənistana təhlükə yoxdursa – əslində, heç vaxt olmayıb – o zaman Gümrüdəki Rusiya hərbi bazasına, sərhədləri rusların qorumasına nə ehtiyac?

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov Musavat.com-a bildirib ki, Rusiya hərbi bazasının Ermənistanda yerləşdirilməsi təkcə Türkiyədən qorunmaq məqsədilə edilməyib:
“Alen Simonyan açıq şəkildə deyib ki, Ermənistan Rusiya bazasının çıxarılması məsələsini qaldırmayıb və bu məsələni Rusiya tərəfi gündəmə gətirib. Simonyan Türkiyədən Ermənistanın suverenliyinə heç bir təhlükə görmədiyini, xüsusən 8 avqust 2025-ci ildən sonra belə təhlükə müşahidə etmədiyini deyir. Eyni vaxtda Gümrüdəki 102-ci Rusiya hərbi bazasının gələcəyi Moskva-İrəvan münasibətlərində müzakirə mövzusuna çevrilib. Putin də sentyabrın əvvəlində Ermənistan istəsə, Rusiyanın bazanı “hətta sabah” çıxara biləcəyini bildirib. Ermənistan tərəfi isə hazırda “baza çıxmalıdır” demir. Əgər Ermənistan rəhbərliyinin mövqeyindən Türkiyənin yaratdığı hərbi təhlükə artıq əsaslandırılmırsa, təbii olaraq belə sual meydana çıxır ki, Ermənistanın təhlükəsizlik sistemində Rusiyanın hərbi bazasına ehtiyac hansı təhlükəyə görə qalır? Gümrüdəki Rusiya bazasının mövcudluğunun ənənəvi əsaslandırmalarından biri Türkiyə istiqamətindən mümkün təhlükə və Ermənistanın təhlükəsizliyinin təmin edilməsi olub. Ancaq Simonyanın açıqlaması göstərir ki, İrəvan hazırda bu iki məsələni birbaşa əlaqələndirmək istəmir. O bildirib ki, Rusiya bazası məsələsini Türkiyə ilə münasibətlərin normallaşmasıyla bağlamaq lazım deyil”.
0 Rəy