Kremldən Ermənistana NÖVBƏTİ ultimatum
Rusiya Ermənistanın suveren hüquqlarına hörmətlə yanaşır; lakin İrəvan Avrasiya İqtisadi İttifaqı (Aİİ) və ya Avropa İttifaqı (Aİ) arasında seçim etməlidir, çünki bu blokların standartları bir-birinə uyğun gəlmir. Musavat.com-un məlumatına görə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.
“Biz Ermənistanın bütün suveren hüquqlarına hörmət edirik, lakin eyni zamanda, Ermənistan Aİİ-nin inteqrasiya prosesində iştirak edir və müxtəlif standartlara tədricən keçid bir çox sahələrdə Aİİ standartları ilə uzlaşmayacaq”, – deyə Kremlin nümayəndəsi qeyd edib.

“Seçim etməyin vacibliyini vurğulayarkən məhz bunu nəzərdə tuturuq”, Peskov əlavə edib. “Həmçinin çox vacibdir ki, Aİİ-yə üzv dövlətlərdən heç biri hamımız üçün əhəmiyyətli olan bu inteqrasiya blokunun qaydaları, tənzimləmələri və prinsipləri ilə ziddiyyətə girməsin”, - daha sonra Peskov vurğulayıb.
Politoloq Elxan Şahinoğlu Rusiya ilə Ermənistan arasındakı gərginliyi Musavat.com-a şərh edərkən öncə bunları bildirdi:
“Peskov Putinin fikirlərini çatdırır ki, Ermənistan seçim etməlidir, Paşinyan seçim etməlidir və referendum keçirilməlidir. Paşinyan da hər dəfə bunlara cavab verir ki, Ermənistan hələ elə bir mərhələyə çatmayıb ki, seçim etsin. Ermənistanın Avropa İttifaqı ilə əlaqələri genişlənir, bu doğrudur. Amma Avropa İttifaqının nə Ermənistanı üzvlüyə qəbul etmək barədə qərarı var, nə də bununla bağlı konkret müzakirələr aparılır. Ukrayna illərdir Avropa İttifaqının qapısında gözləyir və bu məsələdə hələ yekun qərar verilməyib. Ermənistanın Avropa İttifaqına üzv olması isə bundan da uzaq perspektivdir. Paşinyan da bunu anladığına görə seçim etmək istəmir. Amma Kreml təzyiqi artırır. Peskovun bugünkü açıqlaması da məhz bundan xəbər verir: Ermənistan seçim etməlidir. Əslində, məsələ Avropa İttifaqı ilə o qədər də əlaqəli deyil. Burada əsas məqsəd Paşinyanın problemlərini və üzərindəki təzyiqləri artırmaqdır. Əsas məsələ də budur. Amma bununla bağlı heç bir nəticə əldə edə bilmirlər. Çünki Ermənistan cəmiyyətinin əksər hissəsi Paşinyanı dəstəkləyir və radikal müxalifətə dəstək vermir”.
E.Şahinoğlu bildirdi ki, Rusiya ilə Ermənistan arasında real gərginlik mövcuddur:
“Baş nazir Nikol Paşinyanın bir sıra açıqlamaları Rusiyanı narahat edir. ABŞ ilə “Tramp yolu” ilə bağlı razılaşma, Avropa İttifaqı ilə əlaqələri, Avropa İttifaqına inteqrasiya istiqamətində atılan addımlar, eləcə də Ermənistan rəsmilərinin müharibədəki məğlubiyyətə görə Rusiyanı ittiham etməsi Kremlin xoşuna gəlmir və Kreml açıq şəkildə Paşinyana təzyiq edir. Putin nə deyir? Avropa İttifaqı ilə Avrasiya İqtisadi İttifaqı arasında seçim edilməli olduğunu bildirir. Paşinyan isə referendum keçirmək istəmir. Rusiya-Ermənistan kənd təsərrüfatı məhsullarının Rusiya bazarına girişinin qaz nəqliyyatında təmir işləri bəhanəsi ilə dayandırılması da təzyiqin bir formasıdır və bunu Paşinyan da anlayır. Paşinyanın Rusiyadan digər tələbi isə dəmir yolları ilə bağlı Rusiyanın konkret addım atmasıdır. Ya Rusiya özü Ermənistanın dəmir yolları ilə bağlı məsələni həll etsin, ya da bunu etmirsə, Ermənistan başqa tərəfdaşlarının bu işi həyata keçirməsinə şərait yaratsın”. Politoloq qeyd etdi ki, bütün bu gərginliklərə baxmayaraq, Paşinyan Putinlə dialoqdan qopmaq istəmir: “O, açıqlamalarında həm daxili, həm də xarici auditoriyaya belə bir təsəvvür çatdırmağa çalışır ki, guya böyük gərginlik yoxdur. Əslində isə dialoq mövcuddur və tərəflər məsələləri həll etməyə çalışırlar. Halbuki, məsələlərin heç biri tam həll olunmur. Sadəcə, Paşinyan onu da anlayır ki, Rusiya ilə birbaşa qarşıdurmaya getmək hazırda düzgün addım deyil. Söhbətin Rusiyadan getdiyi bəllidir və Paşinyan Ukraynadakı dəyişiklikləri də görür. O, belə bir təhlükə ilə üzləşmək istəmir. Buna görə də dialoq imkanlarından imtina etmir. Lazım gələndə Moskvaya gedir, lazım gələndə Putinlə telefonla danışır, məsələləri müzakirə edir ki, əlaqələr tamamilə qopmasın və dialoq atmosferini saxlamaq mümkün olsun. Çünki bilir ki, Rusiyanın Ermənistandakı mövqeləri zəifləsə də, məsələn, radikal müxalifət Paşinyanın mövqelərini zəiflədə, kilsə ilə bağlı məsələlərdə də müəyyən təzyiqlər yarana bilər. Bununla yanaşı, Ermənistan ordusunda Rusiyanın mövqeləri hələ də müəyyən qədər güclü ola bilər. Rusiyanın hərbi bazası da var və bu amil Ermənistanda müəyyən qarışıqlıq yarada bilər”.

Ekspert qeyd etdi ki, Avropa İttifaqı isə hələ Ermənistanla tam inteqrasiyaya nail olmayıb: “Azərbaycan amili də nəzərə alınmalı olan mühüm məsələlərdəndir. Bütün bunları nəzərə alaraq, Paşinyan dialoqu qorumağa çalışır. Halbuki, iki ölkə arasında hələ də kifayət qədər ciddi və həllini gözləyən məsələlər var”.
E.Paşasoy,
0 Rəy