Putindən Paşinyana 4 tələb... Moskvanın istədiyi bu şəxs Baş nazirin müavini olmalıdır... - Əks halda noyabrın 1-dən...

Ermənistanın “Hraparak” qəzeti Rusiya-Ermənistan münasibətlərində gərginliyin yeni mərhələyə keçdiyini iddia edib.

Moderator.az xəbər verir ki, qəzetin yazdığına görə, Rusiya Ermənistana qazın qiymətini artırmaq niyyətində deyil, noyabrın 1-dən ölkəyə qaz nəqlini tamamilə dayandırmağa hazırlaşır.

“Hraparak” Rusiya mənbələrinə istinadla bildirir ki, hazırda Ermənistanda planlı təmir işləri aparıldığı açıqlanıb və ölkənin qaz anbarlarında toplanmış ehtiyat yanacaq istehlakçılara verilir. Qəzet iddia edir ki, noyabrın 1-də qaz təchizatının bərpa edilməsinə imkan verməyəcək hansısa böyük “qəza” və ya fors-major vəziyyət yarana bilər.

Qəzetin mənbəsinin iddiasına görə, belə ssenarinin qarşısını almaq üçün Ermənistanın baş naziri Nikol Paşinyanın qarşısında 4 əsas tələb qoyulub.

Rusiya hərbi bazası məsələsi...

Birinci tələb Ermənistandakı 102-ci Rusiya hərbi bazası ilə bağlıdır. Qəzetin iddiasına görə, Paşinyan hökumətinə bu məsələdən geri çəkilmək təklif olunub.

“Qazprom” və dəmir yolu...

İkinci tələb Rusiyanın iştirakı olan kapitala qarşı hər hansı addımların dayandırılması ilə əlaqələndirilir. Söhbətin xüsusilə dəmir yolu və “Qazprom” kimi Rusiya kapitallı strukturlardan getdiyi bildirilir.

Aİ, yoxsa Avrasiya İqtisadi İttifaqı?..

Üçüncü tələb Ermənistanın Avropa İttifaqına inteqrasiya prosesi ilə bağlıdır.

“Hraparak” yazır ki, İrəvana iki variant təklif edilib: ya Ermənistanın Avropa İttifaqına üzvlük prosesinin başlanması haqqında qanun ləğv olunmalıdır, ya da bu məsələ üzrə referendumun keçirilmə tarixi elan edilməlidir. Bu məsələ Ermənistanın Rusiya ilə münasibətlərində son dövrdə ən ciddi fikir ayrılıqlarından biri kimi təqdim olunur.

Rusiyameylli şəxslərə qarşı təqiblər...

Dördüncü tələb isə qəzetin ifadəsinə görə, Rusiyayönlü siyasətçilərə və ictimai xadimlərə qarşı təqiblərin dayandırılmasıdır. “Hraparak” bu kateqoriyaya Robert Köçəryan, Qagik Tsarukyan, Andranik Tevanyan və Samvel Karapetyanın aid edildiyini yazır.

Qəzetin mənbəsi əlavə bir tələb barədə də danışıb. İddiaya görə, Ermənistan hökumətində Rusiya üçün məqbul olan baş nazir müavini vəzifəyə təyin edilməlidir. Həmin şəxsin Rusiya hakimiyyəti ilə birbaşa işləməsi nəzərdə tutulur.

Ermənistan hökuməti xəbəri təsdiqləyibmi?..

“Hraparak” yazır ki, qəzet bu məlumatların həqiqiliyini Ermənistan hökumətindəki mənbələrdən dəqiqləşdirməyə çalışıb.

Qəzetin məlumatına görə, hökumətdə çox az sayda şəxs vəziyyətin real mahiyyətindən xəbərdardır. Bununla belə, son günlər bəzi məmurların narahat göründüyü iddia edilir. Nəşr Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinə də sorğu göndərdiyini, nazirlikdən cavab veriləcəyinin bildirildiyini, lakin bütün gün gözlənilməsinə baxmayaraq cavab almadığını yazır.

Beləliklə, Ermənistanın noyabrın 1-dən Rusiyadan qaz təchizatının dayandırılacağı barədə məlumat hələlik yalnız “Hraparak” qəzetinin mənbələrinə əsaslanan iddiadır. Rusiya tərəfinin və ya Ermənistan hökumətinin bu məlumatı rəsmi şəkildə təsdiqlədiyi barədə məlumat yoxdur.

S.Laçın

Məlumat təsdiqlənəcəyi təqdirdə, bu, son illərdə onsuz da gərgin olan Rusiya-Ermənistan münasibətlərində ciddi böhran anlamına gələ bilər.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin