İranla Ermənistan arasında Araz üzərində HAZIRLIQ

Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur naziri David Xudatyan İrana işgüzar səfəri çərçivəsində bu ölkənin Yol və Şəhərsalma naziri Fərzanə Sadeq ilə görüşüb. Görüş zamanı yol tikintisi sektoru ilə bağlı məsələlərlə yanaşı, nəqliyyat və aviasiya sektorlarında əməkdaşlıq məsələləri də müzakirə olunub.

Tehranda Ermənistan və İran rəsmiləri Araz çayı üzərində ikinci körpünün  tikintisini müzakirə ediblər

Tərəflər iki ölkə arasında yük daşımalarının həcmini artırmaq üçün lazımi addımların atılması barədə razılığa gəliblər. Ermənistan-İran dövlət sərhədində Araz çayı üzərində ikinci körpünün tikintisi təşəbbüsü məsələsi də müzakirə olunub. Qeyd edilib ki, onun həyata keçirilməsi iki ölkə arasında nəqliyyat potensialını artıracaq və iqtisadi əməkdaşlığın daha da inkişafına töhfə verəcək.

Görünən odur ki, Zəngəzur dəhlizinin açılması ərəfəsində İran Ermənistanla alternativ logistikaları genişləndirməyə çalışır. Ümumiyyətlə, Tehranın Ermənistan üzərindən Gürcüstana və oradan Avropaya çıxışı ilə bağlı narahatlıqları artmaqdadır. Elə bu günlərdə də iki ölkə nümayəndələri Qafanda görüş keçirmiş və Cənubi Qafqazda dəyişən konfiqurasiyanı müzakirə etmişdilər. Ardınca erməni nazirin Tehranda danışıqlar aparması göstərir ki, "Tramp yolu" ilə bağlı kontur addımlar nəzərdən keçirilir.

İranı bu dərəcədə həyəcanlandıran nədir? Dəhliz onun geoiqtisadi cəhətdən əhəmiyyətini azalda bilərmi?

Siyasi şərhçi Qulamhüseyn Əlibəyli Musavat.com-a bildirdi ki, bu görüş ikitərəfli iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi ilə əlaqədar növbəti hərəkətlər kimi görünə bilər: “Lakin İranın regionda gedən proseslərə və layihələrə münasibətini, Ermənistanda bir müddət əvvəl ortaya atılmış “sülh kəsişməsi” fikrini, son həftələrdə Ermənistan və İran rəsmiləri arasındakı təmaslarının daha da intensivləşməsini nəzərə alsaq, bu cür görüş və müzakirələrin daha böyük geosiyasi və geoiqtisadi planların növbəti epizodları olması qənaətinə gələ bilərik”.

Onun fikrincə, bu təmasları Güney Qafqazda nəqliyyat-kommunikasiya layihələri ətrafında gedən proseslərin yeni mərhələyə qədəm qoymasının göstəricisi kimi qiymətləndirilmək daha düzgün olardı. “İran və Ermənistan rəsmilərinin əvvəlcə Qafanda, ardınca Tehranda keçirdikləri görüşlər, sərhəd infrastrukturunun genişləndirilməsi planları və alternativ logistika marşrutlarının müzakirəsi son nəticədə Zəngəzur dəhlizinin reallaşmasının ləngidilməsi və qarşısının alınmasına, bu mümkün olmadıqda isə İranın regiondakı geoiqtisadi mövqeyinin qorunub saxlanmasına xidmət edir. Məsələ bundan ibarətdir ki, müasir dövrün beynəlxalq münasibətlərində nəqliyyat-loqistika xətləri, enerji kəmərləri, limanlar, dəmir yolları və avtomobil magistralları sadəcə iqtisadi layihələr yox, dövlətlərin siyasi çəkisini müəyyən edən əsas geosiyasi vasitələrdən birinə çevrilib. Bu baxımdan Güney Qafqaz artıq Avrasiya logistikasının ən mühüm qovşaqlarından biridir. Çin-Mərkəzi Asiya-Xəzər-Qafqaz-Türkiyə-Avropa xəttinin inkişafı, Orta Dəhlizin sürətlə genişlənməsi və Şimal-Cənub layihəsi ətrafında rəqabət region ölkələrini yeni seçimlərlə üz-üzə qoyur və İran da bu prosesdən kənarda qalmaq niyyətində olmadığını, Zəngəzur dəhlizi marşrutunun işə düşməsinə qarşı olduğunu, marşrutun reallaşmasına mane olacağını dəfələrlə bəyan edib”,_ deyə Q.Əlibəyli vurğulayıb.

Zəngəzur həmləsi: Paşinyan təcili qərar verir

Onun sözlərinə görə, regiondakı bir sıra alternativ marşrutların müxtəlif səbəblərdən uzun müddət bağlı qalması, Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında birbaşa əlaqənin olmaması, Türkiyə-Ermənistan sərhədinin açılmaması və müxtəlif geosiyasi məhdudiyyətlər İranın tranzit rolunu gücləndirən əsas amillər olub. Ekspertin fikrincə, İran uzun illər Şərqlə Qərb arasında nəqliyyat-logistika xətlərinin Arazboyu dəhliz üzərindən keçməsinə israr edib və müəyyən infrastrukturlar formalaşdırmağa çalışıb. İranın həmçinin Ermənistanla əlaqələrə xüsusi strateji əhəmiyyət verdiyini, Ermənistan vasitəsilə Gürcüstan limanlarına, Qara dənizə və Avropa bazarlarına çıxış əldə etməyə çalışdığını düyən mütəxəssis qeyd edib ki, son illərdə vəziyyət dəyişməyə başlayıb: “Azərbaycanın işğal olunmuş rayonlarının azad edilməsi, regiondakı sülh prosesinin dinamikasının inkişafı regionda yeni geosiyası reallıqlar yaradıb. Azərbaycanın təşəbbüsü ilə Orta Dəhlizin sürətlə inkişaf etməsi, Bakı-Tiflis-Qars dəmir yolu, Xəzər üzərindən daşımalar, Zəngəzur dəhlizi barədə prinsipial razılaşma və onun gerçəkləşməsi istiqamətində praktiki işlər görülməsi, Türk dövlətləri arasında logistika inteqrasiyası və Avropa İttifaqının alternativ ticarət marşrutlarına marağı nəticəsində yeni geoiqtisadi reallıqlar formalaşır”.

Q.Əlibəylinin sözlərinə görə, İran bu narahatlığını guya Zəngəzur dəhlizinin işə düşməsinin regionda sərhədlərin dəyişdirilməsinə səbəb olması ilə və ya Ermənistanın cənub hissəsində mümkün geosiyasi dəyişikliklərlə əlaqələndirmək istəyir: “Şübhəsiz, dəhlizin işə düşməsi mövcud geosiyasi reallıqları daha da möhkəmləndirəcək. Lakin bunu sərhəd dəyişikliyi kimi təqdim etmək reallığa uyğun deyil və mənasız bəhanə təsiri bağışlayır. Əslində İranı ciddi çəkildə narahat edən əsas məsələ beynəlxalq yükdaşımaların istiqamətinin və marşrutlarının dəyişməsidir. Bu dəyişikliyin İranın tranzit rolunun zəifləməsinə və siyasi çəkisinin daha da azalmasına gətirib çıxaracağı şübhə doğurmur. Beynəlxalq yükdaşımalarda əhəmiyyətli hissənin İran ərazisindən yan keçməsi Tehranın təkcə iqtisadi gəlirlərinin deyil, həm də regional təsir imkanlarının bir hissəsini itirməsi deməkdir. Hazırkı şəraitdə İranın dilemma qarşısında qalması aydın görünür: İran ya əvvəlki ritorikaya uyğun olaraq Zəngəzur dəhlizinin işə düşməsinə mane olmaq cəhdlərini davam etdirərək öz tranzit mövqeyini əvvəlki formada qorumağa, yaxud da formalaşmış geosiyasi və geoiqtisadi reallıqlara uyğunlaşaraq Ermənistan vasitəsilə yeni logistika-kommunikasiya sistemlərindən yararlanmağa çalışmalıdır. Hələlik İranın bu variantlardan hansına mütləq üstünlük verdiyini birmənalı şəkildə təsbit etmək mümkün deyil. Belə ki, hakimiyyətin hərbi və dini qolu Zəngəzur dəhlizinin işə düşməsinə mane olmaq ritorikasını nisbətən zəifləmiş şəkildə olsa da davam etdirir”.

Qulamhüseyn Əlibəyli: Ermənistanda hakimiyyət dəyişikliyi gözləmirəm

Onun dediyinə görə, digər tərəfdən isə hakimiyyətin dünyəvi qolu dəhlizin imkanlarından yararlanmaq xəttinə üstünlük verildiyini açıq-aşkar nümayiş etdirirlər: “İranın son vastlarda Ermənistan istiqamətində daha da aktivləşməsi, Ermənistan-İran dövlət sərhədində Araz çayı üzərində ikinci körpünün tikintisi, Mehri istiqamətində yol infrastrukturunun yaxşılaşdırılması, sərhəd-keçid məntəqələrinin genişləndirilməsi, nəqliyyat və aviasiya sektorlarında əməkdaşlıq, iki ölkə arasında yük daşımalarının həcmini artırmaq üçün lazımi addımların atılması barədə iki ölkə rəsmilərinin müzakirələr aparmasi məhz dəhlizin imkanlarından yararlanmaq strategiyasının tərkib hissəsi hesab oluna bilər. İran dünyəvi hakimiyyəti anlayır ki, gələcəkdə beynəlxalq yükdaşıma şirkətləri marşrutların qısalığına, təhlükəsizliyinə, qiymətlərə və çatdırılma müddətlərinə üstünlük verəcəklər. Bu baxımdan İran indidən öz mövqelərini dəqiqləşdirməyə cəhd göstərir. İran uzun illər Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizini özünün əsas geoiqtisadi layihəsi hesab edib. Hindistan, İran, Azərbaycan və Rusiyanı birləşdirən bu marşrutun Avropa-Asiya ticarətində mühüm yer tutacağı gözlənilirdi. Lakin geosiyasi hadisələr bu layihənin inkişaf tempinə təsir göstərib. Rusiya-Ukrayna və ABŞ-İran müharibələri, Rusiyaya qarşı tətbiq olunan sanksiyalar, beynəlxalq maliyyə məhdudiyyətləri, son vaxtlar İranın cənub hissəslərinin, o cümlədən Bəndər-Abbas limanının vurulması və regionda dəyişən iqtisadi prioritetlər Orta Dəhlizə marağı xeyli artırıb. Bu gün Avropa İttifaqı, Çin, Mərkəzi Asiya ölkələri və Türkiyə Xəzər üzərindən keçən marşrutların inkişafına ciddi investisiyalar yatırırlar. Təbii ki, bütün bunlar İranın tranzit ölkə kimi rolunun daha da zəifləməsinə gətirib çıxaracaq. Ona görə də İran çalışır ki, Ermənistan üzərindən keçən marşrut kommersiya baxımından rəqabət qabiliyyətini itirməsin. Lakin nəzərə almaq lazımdır ki, yeni bir nəqliyyat-logistika marşrutun açılması digərinin mütləq sıradan çıxması demək deyil. Əksinə, nəqliyyat şəbəkələrinin inteqrasiyası yük axınlarını artırır və bütün iştirakçıların faydalanmasına şərait yarada bilər”.

Cavanşir Abbaslı

Rəylər

Aşağıdakı məlumatları qeyd edin