Ermənistanın Konstitusiya Məhkəməsi seçki qərarı verəcək

Ermənistan Konstitusiya Məhkəməsi “Güclü Ermənistan” blokunun parlament seçkilərinin nəticələrinin ləğv edilməsi və ya seçkilərin ikinci turunun təyin olunması tələbi ilə verdiyi müraciətə baxacaq.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Konstitusiya Məhkəməsinin yaydığı məlumatda bildirilir.

Məlumata görə, iyunun 19-da “Güclü Ermənistan” partiyalar blokunun nümayəndəsi 7 iyun 2026-cı ildə keçirilmiş Milli Məclis seçkilərinin nəticələri ilə bağlı qərardan Konstitusiya Məhkəməsinə şikayət verib.

Qanunvericiliyə əsasən, Konstitusiya Məhkəməsi müraciətin qəbul olunub-olunmaması barədə iki gün ərzində prosessual iclasda qərar verməlidir. Müraciət icraata qəbul edilərsə, iş üzrə hakim-məruzəçi təyin olunacaq və məhkəmə baxışına hazırlıq prosesi başlayacaq.

Qeyd olunub ki, Milli Məclis seçkilərinin nəticələri ilə bağlı mübahisələr üzrə məhkəmə iclasları şifahi prosedur qaydasında keçirilir. Konstitusiya Məhkəməsi müraciətin daxil olduğu tarixdən etibarən ən geci 15 gün ərzində qərar qəbul etməlidir.

Xatırladaq ki, “Güclü Ermənistan” bloku iyunun 19-da 7 iyun parlament seçkilərinin nəticələrinin etibarsız sayılması və ya ikinci turun keçirilməsi tələbi ilə Konstitusiya Məhkəməsinə müraciət etdiyini açıqlamışdı.

Bundan başqa, “Ermənistan” bloku və “Çiçəklənən Ermənistan” Partiyası da seçkilərin nəticələrinin ləğvi tələbi ilə həmin gün Konstitusiya Məhkəməsinə müraciət edəcəklərini bəyan ediblər.

Ermənistan Mərkəzi Seçki Komissiyası iyunun 14-də parlament seçkilərinin yekun nəticələrini açıqlayıb. Nəticələrə əsasən, parlamentə üç siyasi qüvvə keçib: “Vətəndaş Müqaviləsi” Partiyası 726 min 819 səs (49,74 faiz), “Güclü Ermənistan” bloku 340 min 6 səs (23,27 faiz), “Ermənistan” bloku isə 144 min 983 səs (9,92 faiz) toplayıb.

Yeni parlamentdə “Vətəndaş Müqaviləsi” Partiyası 64, “Güclü Ermənistan” bloku 29, “Ermənistan” bloku isə 12 mandat əldə edib.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin