Köçəryandan iddia: Seçkidə heç kim çoxluq qazana bilməyəcək
Ermənistanda seçki öncəsi vəziyyətin sürətlə dəyişdiyi və son ayın bütün siyasi mənzərəni alt-üst edə biləcəyi bildirilir.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, yerli siyasi texnoloq Karen Köçəryan ölkədə keçirilən sorğuların bir-birindən ciddi şəkildə fərqləndiyini, lakin iki əsas göstəricinin demək olar bütün araşdırmalarda üst-üstə düşdüyünü deyib.
Onun sözlərinə görə, hakim Vətəndaş Müqaviləsi Partiyasının reytinqi əksər sorğularda 24–26 faiz civarında göstərilir. İkinci ortaq göstərici isə seçici fəallığının təxminən 55 faiz səviyyəsində proqnozlaşdırılmasıdır. Karen Köçəryan hesab edir ki, məhz hakimiyyətin real dəstək səviyyəsi ilə seçici fəallığının nisbəti seçkilərin nəticəsini müəyyənləşdirəcək əsas amildir.
Polittexnoloq vurğulayıb ki, Ermənistan siyasətinin əsas xüsusiyyətlərindən biri hələ də qərarsız seçicilərin çoxluğu olaraq qalır. O xatırladıb ki, İrəvan seçkiləri zamanı müxtəlif hesablamalara görə qərarsızların payı 70 faizə qədər yüksəlib və son nəticədə aşağı seçici fəallığı həmin rəqəmlərin reallığa yaxın olduğunu göstərib.
Karen Köçəryanın fikrincə, hazırkı 55 faizlik iştirak proqnozu müəyyən qədər seçici mövqelərinin formalaşdığını göstərsə də, qərarsızların sayı yenə də yüksək olaraq qalır və bu da gözlənilməz nəticələr üçün ciddi zəmin yaradır.
Karen Köçəryanın ilkin proqnozuna görə, müxalifətin hakimiyyətə gəlmək üçün real şansı var. O hesab edir ki, müxalif qüvvələr Gümrüdə olduğu kimi səsləri birləşdirə bilsələr, ciddi nəticə əldə edə bilərlər.
Bununla belə, erməni polittexnoloq heç bir siyasi qüvvənin, o cümlədən hakim partiyanın parlamentdə mütləq çoxluq qazana bilməyəcəyini düşünür:
“Məncə vəziyyət 50-nin 50-yə olacaq. Tam əminliklə deyə bilərəm ki, 2021-ci ildə olduğu kimi bir siyasi qüvvənin konstitusion çoxluq əldə etdiyi ssenari təkrarlanmayacaq”,-deyə o, qeyd edib.
Karen Köçəryan əlavə edib ki, nəticələrin bir-birinə yaxın olduğu bütün ölkələrdə olduğu kimi Ermənistanda da seçkidən sonrakı siyasi proseslər qaçılmaz ola bilər. Onun sözlərinə görə, beynəlxalq təcrübə göstərir ki, belə hallarda postseçki gərginliyi və siyasi qarşıdurmalar demək olar həmişə ortaya çıxır.
0 Rəy