Ermənistanda seçkilərə 1 ay qalıb, Paşinyan qalib gəlməsə...
Ermənistanda parlament seçkilərinə 1 ay vaxt qalıb. “Vətəndaş Müqaviləsi” partiyası yeni Konstitusiyanın mətni üzərində işləməyə davam etmək üçün seçkilərin bitməsini gözləyir. Ermənistan mətbuatı yazır ki, referendum keçirilməsi seçkilərin nəticələrindən asılı olacaq.
Qanunvericiliyə görə, hakim partiya layihəni ümumxalq səsverməsinə təqdim etmək üçün ya konstitusiya çoxluğuna, ya da koalisiya tərəfdaşlarının dəstəyinə malik olmalıdır. Əgər 7 iyunda keçiriləcək parlament seçkilərində hakim “Vətəndaş Müqaviləsi” partiyası mütləq çoxluq edə bilməsə, referendum məsələsi gündəmdən çıxa bilər.

Milli Məclisin deputatı Azər Badamov Musavat.com-a şərhində bildirib ki, Ermənistanda 7 iyun parlament seçkiləri ölkənin gələcək siyasi kursu baxımından həlledici hesab olunur:
“Ermənistan müxalifəti təbliğat siyasətini revanşizm narrativləri üzərində qurub və Paşinyanı Azərbaycana güzəştlər etməkdə ittiham edir. Seçkiqabağı dövr olduğundan hazırda Ermənistanda həm sosial narazılıq artır, həm də revanşist müxalifət daha fəal davranmağa çalışır. Kilsə-hökumət qarşıdurması və təhlükəsizlik məsələləri də Paşinyanın mövqeyinə müəyyən təsir göstərir. Buna baxmayaraq, Paşinyanı kifayət qədər dəstəkləyənlər var və hələ də seçkinin əsas favoriti hesab olunur. Bunun əsas səbəbi müxalifətin parçalanmış vəziyyətdə olması və alternativ siyasi liderin ortaya çıxmamasıdır. Üstəlik, Qərb dairələri də hazırda Ermənistanda ən stabil fiqur kimi məhz Paşinyanı dəstəkləyir”.
Deputat hesab edir ki, seçkilərdən sonra Paşinyan parlament çoxluğunu qazana bilməsə, koalisiya hökumətinin formalaşdırılması qaçılmaz ola bilər:
“Bu, seçkidən sonrakı mərhələdə referendum və konstitusiya dəyişiklikləri ilə bağlı məsələlərin parlamentdən keçirilməsində çətinlik yarada bilər. Lakin bu gün regionumuzda yaratdığımız yeni reallıqları heç kim dəyişə bilməz. Bundan sonra regionun əsas gündəmi sülh, kommunikasiya və əməkdaşlıq olacaq. Əgər Ermənistan seçkidən sonra referendum keçirib, Konstitusiyasında lazımi dəyişikliklər etməsə, yekun sülh müqaviləsi imzalanmayacaq. Bu da Ermənistanın özünü yenidən təcrid vəziyyətinə salmasına yol açmış olar”.(musavat.com)
0 Rəy