Ermənistan “Sülh Şurasının Nizamnaməsi”ni ratifikasiya etdi

Ermənistan hökuməti bu gün keçirilən iclasında “Sülh Şurasının Nizamnaməsi”ni ratifikasiya edib.

Modern.az xəbər veürir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Nizamnamədə nəzərdə tutulan öhdəliklərin Ermənistan Konstitusiyasına uyğunluğunu müəyyən etmək məqsədilə hökumət sənədi Ermənistan Respublikasının Konstitusiya Məhkəməsinə göndərəcək.

ABŞ sənədi 2026-cı il 16 yanvarda imzalayıb, bir sıra digər dövlətlər isə 22 yanvarda qoşulublar: Argentina, Azərbaycan, Ermənistan, Bəhreyn, Macarıstan, İndoneziya, İordaniya, Qazaxıstan, Kosovo, Monqolustan, Mərakeş, Pakistan, Paraqvay, Qətər, Səudiyyə Ərəbistanı, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və Özbəkistan.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın təqdim etdiyi layihədə qeyd olunur ki, Sülh Şurası beynəlxalq təşkilatdır və əsas məqsədi münaqişələrdən zərər görmüş ərazilərdə sabitliyin və sülhün təmin olunmasına töhfə verməkdir.

Layihəyə əsasən, Şura sülhün bərqərar edilməsi üzrə funksiyaları yerinə yetirir, o cümlədən beynəlxalq hüquqa uyğun şəkildə sülhə can atan xalqlar və icmalar üçün ən yaxşı təcrübələrin hazırlanması və yayılmasını təmin edir.

Nizamnamə o zaman qüvvəyə minir ki, üç dövlət onun məcburi xarakter daşıdığını qəbul etsin.

Ermənistan Maliyyə Nazirliyi bildirib ki, Nizamnamə dövlət büdcəsi xərclərinin artmasına səbəb ola biləcək maliyyə öhdəlikləri nəzərdə tutur.

Ədliyyə Nazirliyi isə sənəddə Ermənistan qanunvericiliyinə zidd müddəaların olmadığını və yeni qanunların qəbulunu tələb etmədiyini qeyd edib. Eyni zamanda bildirilib ki, Nizamnamə Ermənistan Konstitusiyasının 116-cı maddəsinə və “Beynəlxalq müqavilələr haqqında” qanunun müvafiq müddəalarına əsasən ratifikasiya olunmalıdır.

Bütün bu məlumatları nəzərə alaraq, Ermənistan Xarici İşlər Nazirliyi “Sülh Şurasının Nizamnaməsi”nin parlament tərəfindən ratifikasiya olunmasını məqsədəuyğun hesab edir.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin