Paşinyandan milyarder Karapetyana “kripto intiqam” mesajı
Ermənistanın baş naziri Nikol Paşinyan bu dəfə mesajını Motsartın ariyası ilə ötürüb.
Musavat.com-un məlumatına görə, Paşinyan əvvəlcə Motsartın “Sehrli fleyta” operasından məşhur “Gecə Kraliçasının ariyası”nı səsləndirib. Bu ariya, kraliçanın qəzəb və nifrətlə dolu intiqam ehtirasını ifadə etməsi ilə seçilir. Maraqlısı odur ki, bundan sonra Paşinyan daha bir video paylaşaraq, konkret mesaj verib:
“Samvel Karapetyan sözləri ilə məni qorxutmağa çalışır. Mən başqa bir şeydən qorxuram–ilin sonuna qədər milyardlarını itirib, “bomj” halına düşə bilərsən. "Çuvak", məni qorxudan budur”.
Xatırladaq ki, ötən gün “Güclü Ermənistan” partiyasının lideri, milyarder Samvel Karapetyan, Paşinyanın siyasətini sərt tənqid edib. O, Rusiya ilə “iqtisadi müharibə” risklərinin olduğunu iddia edərək bildirib:
“Əgər Paşinyan hakimiyyəti seçkidə qazanarsa, Rusiya ilə iqtisadi müharibə baş verə bilər və nəticədə Ermənistan iqtisadiyyatı çökməyə məhkum olacaq. Paşinyanın Rusiya ilə münasibətlərdə davranışları ağlasığmazdır. Hakimiyyət ölkəni geosiyasi qarşıdurma meydanına çevirir. Bizə yeni müharibələr lazım deyil. Nikolaya səs verərək, siz yalnız ruslarla düşmənçilik, qütbləşmə, yoxsulluq və iqtisadi çöküş əldə edəcəksiniz".
Karapetyan seçiciləri açıq şəkildə ona qarşı səs verməyə çağırıb və Paşinyanın strategiyasını ciddi risk kimi qiymətləndirib.
0 Rəy