İrəvan Moskvanı ŞANTAJ etdi – Kremlin cavabı...
"Rusiya qazın qiymətini artırarsa, Ermənistan KTMT və Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxacaq”.
Xəbər verildiyi kimi, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlər üçün keçirilən brifinqdə deyib.
“Qeyd etməliyəm ki, belə bir qərar qəbul edilərsə (qazın qiyməti artırılarsa - red.), Ermənistan Respublikası öz qərarını verəcək və nəinki KTMT-dən, həm də Aİİ-dən və digər strukturlardan tamamilə çıxacaq”, - Simonyan vurğulayıb.
Bununla belə, Ermənistan parlamentinin spikeri hesab edir ki, vəziyyət bu həddə çatmayacaq:
“Bilirəm ki, ölkə rəhbərləri arasında çox yaxşı, işgüzar və məhsuldar bir söhbət olub”.
Bəllidir ki, Simonyan qatı anti-Rusiyaçı kimi tanınır. İstənilən halda onun bu hədə-şantajı nədən xəbər verir və necə oxunmalıdır? Erməni spikerin fikrinə Moskvadan reaksiya olacaqmı?
Professor Elxan Mirzəyevin sözlərinə görə, vəziyyətin o həddə çatmasını gözləmir. Onun fikrincə, nəzəri olaraq belə hadisə baş verərsə, Azərbaycan Ermənistanı qazla təmin edə bilər:
"Rusiya və Ermənistan əsəb müharibəsi aparır. Məncə, Simonyan Putinin Paşinyana qazın qiyməti ilə bağlı dediklərinə cavab vermək istəyib. Ancaq Ermənistan hakimiyyəti KTMT-ni tərk etmək üçün bəhanə axtarır. Məncə, blef edirlər. Avrasiya İqtisadi Birliyini tərk etmək hədəsi isə cəfəngiyatdır. Ermənistan bu təşkilatın üzvü kimi yaxşı pul qazanır. Hazırda Moskva-İrəvan münasibətləri "Nu poqodi" cizgi filminə oxşayır. Yəni qaçdı-tutdu oynayır, gah dalaşır, gah barışırlar. Bu əlaqələr imitasiya xarakterli görünür".

E.Mirzəyevin fikrincə, seçkilərdən sonra münasibətlərdə gərginlik səngiyəcək, ona qədər isə Rusiya Ermənistanı sıxışdıracaq:
“Təbii ki, Rusiya qazına alternativ tapmaq çətinlik yaradacaq. Amma Azərbaycan və Qazaxıstan erməniləri qazla təmin edə bilər. Eyni zamanda, İran da onlara qaz satır. Türkmənistan da dəstək ola bilər. Sadəcə, qarşılıqlı şantajla müşayiət olunan bu münasibətlərin o yerə gəlib çıxacağı gözləntisi azdır”.(musavat.com)
Emil Salamoğlu
0 Rəy