Paşinyan Rusiyadan dəmiryolunu GERİ alır - MÜHÜM gəlişmə
Qətər və Küveyt Ermənistanın dəmir yolunu idarə etməyi nəzərdən keçirməyə hazırdırlar. Xəbər verildiyi kimi, bu barədə Ermənistanın baş nazir Nikol Paşinyan bildirib. Onun sözlərinə görə, məsələ müxtəlif tərəfdaşlarla müzakirə edilə bilər. Lakin İrəvan potensial operatorun həm Ermənistan, həm də Rusiya ilə yaxşı münasibətlərinin olmasını vacib hesab edir. Paşinyan vurğulayıb ki, Ermənistan tərəfi bu məsələni rusiyalı tərəfdaşları ilə müzakirə etmək niyyətindədir. “Biz rusiyalı tərəfdaşlarımızla danışmaq istəyirik. Razılaşmalara çatmalı və ünsiyyət qurmalıyıq. Müqaviləni pozmaq dövlətlərarası və şəxsi münasibətlərimiz bu yolla getməyimizə mane olur. Əksinə, onlar sakit və mehriban atmosferdə müzakirələrə kömək edir”, - deyə Baş naziri vurğulayıb.
İrəvanın bu yolla dəmiryolunu Moskvadan geri alması mümkündürmü?

İqtisadçı ekspert Fikrət Yusifov Musavat.com-a bildirib ki, Ermənistan Rusiyanın idarəçiliyinə verdiyi bütün sahələri geri almağa çalışmalıdır: “Bu addımlar Ermənistanı Rusiyadan iqtisadi və paralel olaraq siyasi asılılıqdan qurtarmağın yeganə düzgün yoludur. Digər tərəfdən, Ermənistan nəzərə almalıdır ki, indi bu addımları atmaq üçün tarixi bir şans yaranıb. Yəni Ukraynada işğalçı müharibə aparan Rusiyanın beynəlxalq nüfuzu indiki dönəmdə yerlə-yeksan olub, Amerika Birləşmiş Ştatları isə “Tramp yolu” ilə Zəngəzur dəhlizinin idarəçiliyini əldə edib və bununla da Cənubi Qafqazda söz sahibinə çevrilib”.
F.Yusifova görə, Rusiya ilə dostluq olmur: “Rusiya tarix boyu Ermənistandan proksisi kimi istifadə edib və bununla da ona dövlət deyil, alət kimi baxıb. İndiki dönəmdə Rusiyanın Ermənistanla bağlı çabalarının kökündə bu ölkəni öz təsirində saxlamaq istəyi dayanır. Lakin son bir neçə ildə Paşinyan Rusiyanın bu istəyini yetərincə laxlada bilib. İndi başlatdığı prosesi mümkün qədər sürətlə davam etdirməlidir”.
Cavanşir ABBASLI
0 Rəy