Ermənistan kəşfiyyatından sensasion açıqlama: seçkilərə xaricdən müdaxilə iddiası
Ermənistanda qarşıdan gələn parlament seçkiləri ərəfəsində ciddi iddialar səsləndirilib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Ermənistanın Xarici Kəşfiyyat Xidməti bəyanat yayaraq bəzi xarici qüvvələrin ölkədə keçiriləcək seçki proseslərinə müdaxilə etməyə çalışdığını iddia edib.
Ermənistan kəşfiyyatı müəyyən bir ölkədə fəaliyyət göstərən şəxslərin erməni əsilli iş adamlarına və həmin ölkədə biznes fəaliyyəti ilə məşğul olan Ermənistan vətəndaşlarına təzyiq göstərməsi barədə kəşfiyyat məlumatları əldə etdiyini bildirib.
Bəyanatda qeyd olunur ki, həmin şəxslər özlərini həmin dövlətin xüsusi xidmət orqanlarının nümayəndələri kimi təqdim edərək Ermənistan vətəndaşlarını qarşıdan gələn parlament seçkilərində iştirak etməyə hazırlaşan bəzi siyasi qüvvələri dəstəkləməyə təşviq etməyə çalışırlar.
Ermənistan Xarici Kəşfiyyat Xidməti iddia edir ki, bu təzyiqlər müxtəlif formalarda həyata keçirilir.
Söhbət, ilk növbədə, biznesmenlərin müəyyən siyasi qüvvələrə maliyyə və təşkilati dəstək göstərməyə məcbur edilməsindən gedir.
Bəyanatda həmçinin vurğulanır ki, əldə olunan məlumatlara görə bu cür təsir cəhdləri yalnız maliyyə dəstəyi ilə məhdudlaşmır və müxtəlif başqa vasitələrdən də istifadə oluna bilər.
Qeyd edək ki, Ermənistan kəşfiyyatı bəyanatda həmin ölkənin adını açıqlamayıb. Buna baxmayaraq, seçkilər ərəfəsində səsləndirilən bu iddialar Ermənistanın daxili siyasi mühitində yeni müzakirələrə səbəb ola bilər.
0 Rəy