Ermənistanda növbəti “itki fəlsəfəsi”
Ermənistanın ilk xarici işlər naziri, “Miras” partiyasının sədri Raffi Ovannisyan növbəti dəfə ölkəsində baş verən proseslərə görə məsuliyyəti xarici qüvvələrin üzərinə ataraq Ermənistanın “kimliyini itirmək təhlükəsi” ilə üzləşdiyini iddia edib.
Onun iddiasına görə, Ermənistan formal olaraq dövlət olaraq qala bilər, lakin “kökündən qopmuş, məzmundan məhrum bir əraziyə” çevrilə bilər.
Ovannisyan bu proseslərdə “xarici izlərin” açıq şəkildə göründüyünü deyərək əsasən Türkiyə və Azərbaycanı hədəfə alıb, eyni zamanda ölkə daxilində “hakimiyyət naminə hər şeyə hazır olan marionetlərin” mövcudluğundan danışıb. Bununla belə, o, faktiki olaraq Ermənistanın onilliklər boyu apardığı yanlış siyasətlərin, o cümlədən regionda reallıqlarla hesablaşmayan xəttin nəticələrinə toxunmayıb.
Keçmiş nazirin iddialarına görə, hazırkı hakimiyyət “məğlubiyyəti və kapitulyasiyanı dərinləşdirmək” xətti tutaraq erməni kimliyi ilə bağlı bütün institutları dağıtmağa çalışır. Bu kontekstdə o, xüsusilə Erməni Apostol Kilsəsi ətrafında gedən müzakirələri “xarici ssenari”nin tərkib hissəsi kimi təqdim edir.
Ovannisyanın diqqətçəkən məqamlarından biri də Qarabağla bağlı səsləndirdiyi fikirlərdir. O, həyasızlıqla Qarabağın “minilliklər boyu erməni torpağı” olduğunu deyərək, bölgənin təhvil verildiyini söyləyib. Bu yanaşma Ermənistan cəmiyyətində hələ də hüquqi və siyasi reallıqları qəbul etməmək, məğlubiyyətin səbəblərini daxili siyasətdə deyil, kənarda axtarmaq tendensiyasının davam etdiyini göstərir.
Ovannisyan diasporun proseslərə zəif reaksiya verdiyini də etiraf edib. Onun sözlərinə görə, artıq vahid erməni diasporu yoxdur və bir çox qruplar baş verənlərə qarışmaq istəmir. Bu isə faktiki olaraq illərlə diaspor üzərindən qurulmuş təzyiq və lobbi mexanizmlərinin də əvvəlki təsir gücünü itirdiyini ortaya qoyur.
Keçmiş nazir son olaraq bildirib ki, ötən bazar günü katolikosu dəstəkləmək üçün Eçmiədzinə gedib və əgər baş nazir Paşinyan da növbəti bazar günü ora yollansa, o da yenidən ora gedəcək.(musavat.com)
0 Rəy